Saytın axtarış sistemlərində trafikini artırmaq artırmaq istəyənlər, adətən, açar sözlər, on-page SEO və backlink-lərdən danışır. Lakin bu prosesdə bəzi vaxt gözdən qaçan, ancaq böyük rol oynayan bir detal var: anchor text.
Əgər siz daha əvvəl veb-saytlarda gəzərkən fərqli rəngli sözə və ya ifadəyə klikləyərək başqa səhifəyə keçmisinizsə, artıq bu anlayışla tanışsınız.
Bu məqalədə anchor mətn nədir, SEO strategiyanız üçün nə dərəcədə önəmlidir və saytınızdakı daxili keçidlərdə bu elementdən necə düzgün istifadə edə biləcəyiniz haqqında məlumat alacaqsınız.
Anchor text SEO-da nədir?
Anchor text kliklənə bilən söz və ya ifadədir.
İstifadəçi həmin mətni kliklədikdə başqa bir səhifəyə yönləndirilir. Axtarış sistemləri üçün isə anchor mətn keçid edilən səhifənin məzmunu haqqında kontekst təqdim edir.
Məsələn, aşağıdakı nümunəyə baxaq. Açar sözlərlə əlaqəli olan bir bloqda SEO strategiyası və kontent marketinq kimi iki əlaqəli mövzuya keçid vermişik. Keçidlər isə öz növbəsində uyğun açar sözlərə verilib, aydındır, vizual olaraq birbaşa fərqlənir.

Anchor text-in əsas növləri bunlardır:
- Tam uyğun açar sözlər (Exact match) – Məsələn, “SEO-da daxili linkləmə” ifadəsi üçün link verilibsə, deməli açılan səhifədə daxili linklər haqqında yazı ilə qarşılaşacaqsınız.
- Brend əsaslı (Branded) – Məsələn, “Semrush” ifadəsi birbaşa onların əsas səhifəsinə yönləndirir.
- Ümumi (Generic) – “Bura klikləyin”, “Ətraflı öyrən” kimi aydın kontekst verməyən linklərdir.
- URL formatında (Naked link) – Məsələn, www.misal.com kimi birbaşa linkin özü göstərilir.
Anchor text düzgün istifadə edilən zaman axtarış nəticələrində daha yüksək mövqe tutmaq, trafiki artırmaq və istifadəçi davranışını optimallaşdırmaq baxımından əhəmiyyətli rol oynayır.
Amma kontekstdən kənar və manipulyativ istifadə halları SEO səhvlərindən biridir. Axtarış sistemləri tərəfindən cəzalana bilər və SEO performansınıza mənfi təsir göstərə bilər.
Niyə SEO üçün vacibdir?
Axtarış sistemləri anchor mətn vasitəsilə keçid verdiyiniz səhifənin nədən bəhs etdiyini müəyyən edir.
Əgər istifadə etdiyiniz link mətni səhifənin məzmununu dəqiq əks etdirirsə, deməli, həmin səhifənin düzgün indeks olunmasına və daha yaxşı reytinq əldə etməsinə kömək edir.
Məsələn, əgər bir keçiddə “SEO strategiyası” yazılıbsa, həm istifadəçiyə, həm də axtarış motoruna həmin linkin SEO strategiyalarından bəhs edən bir səhifəyə aparacağını bildirir. Bu isə axtarış niyyətinin uyğunluğu və SERP-də görünürlük baxımından faydalıdır.
Bundan başqa, dəqiq və kontekstual anchor text sayt daxilində naviqasiyanı asanlaşdırır və saytda qalma müddətini (dwell time) artırır. İstifadəçi kliklədiyi keçidin onu faydalı məzmuna aparacağını bilsə, saytda daha çox vaxt keçirir və bu da ümumi SEO nəticələrinə müsbət təsir edir.
Anchor link mətnlərini necə təkmilləşdirməli?
Anchor text optimizasiyası açar sözləri yerləşdirməklə kifayətlənmir. Məqsəd həm istifadəçilər, həm də axtarış sistemləri üçün yaxşı təcrübə yaratmaqdır.
Düzgün seçilməyən link mətnləri oxucunu çaşdıra bilər. Trafik itkilərinə və hətta cəzalarla nəticələnən SEO problemlərinə səbəb ola bilər.
Aşağıda anchor mətnləri daha effektiv və SEO xidməti üçün uyğun etmək üçün dörd əsas tövsiyəni bölüşürük.
1. Təbii şəkildə istifadə edin
Anchor mətn cümlənin axarına təbii şəkildə inteqrasiya olunmalıdır. Süni görünməməlidir. Əgər mətn sadəcə məqsədsiz və ya manipulyativ şəkildə əlavə olunubsa, istifadəçilər və alqoritm bunu hiss edəcək.
Təbii ifadələr istifadəçini mətndən ayırmadan marağını saxlayır və məzmunun aktuallığını qoruyur. İstifadəçi təcrübəsini yaxşılaşdırır.
Məsələn, keçid etdiyiniz səhifədə kofe dəmləmək haqqında nələrsə izah olunursa, sizin buradan kofe çeşidləri, kofe maşınları, dəmləmə üsulları kimi əlaqəli səhifələrə keçid verməyiniz uyğun olacaq.
2. Link mətni keçid verdiyiniz məzmunla uyğun olsun
Anchor text keçid verdiyiniz səhifənin məzmununu aydın şəkildə əks etdirməlidir.
Uyğunsuz olan mətnlər axtarış sistemləri tərəfindən manipulyativ davranış kimi qiymətləndirilə bilər.
Misal üçün, əgər link verdiyiniz mətn “kofe çeşidləri”dir, açılan səhifədə isə çayla bağlı məqalə açılırsa, deməli məzmunla əlaqə zəifdir.
3. Clickbait-dən uzaq durun
Clickbait qısa müddətdə diqqət çəksə də, etibarı zədələyir. Sadəcə klik almaq üçün şişirdilmiş və ya aldadıcı ifadələr izləyicini həmin səhifəyə yönləndirsə də, izləyicilər orada vaxt keçirmir.
Bounce rate artır, dolayı yolla alqoritmlərə mənfi siqnallar ötürür.
4. Mətn vizual olaraq seçilsin
Anchor text vizual olaraq digər mətndən seçilməlidir. Altıxətli, fərqli rəngdə ola bilər.
Üstəlik, fon rəngindən də aydın şəkildə seçilməlidir. Kontrast yaratmalıdır.
Qısaca, anchor mətni vizual olaraq elə edin ki, ilk baxışdan cəlbedici olsun, fərqlənsin.
Nəticə
Anchor text SEO strategiyanızda həlledici rol oynayan bir elementdir.
Düzgün yazılan zaman məzmunlar arasında əlaqə yaradır, istifadəçini yönləndirir və nəticələrinizə müsbət təsir edir.
Link mətnlərini təbii, uyğun və aydın şəkildə optimallaşdıraraq siz saytınızın trafikini artırmaq, etibarlı bir istifadəçi təcrübəsi yaratmaq şansı qazanırsınız.