Call to Action (CTA) Nədir? 6 Addımda Necə Yazılır?
Burada

Call to action (CTA) istifadəçilərin konkret bir addım atmasını təşviq edir, marketinqin əsas elementlərindən biridir. 

Burada abunə olmaq, sənəd yükləmək və ya alış-veriş etmək kimi müxtəlif məqsədlər əsas qoyula bilər. Sadə dillə desək, CTA istifadəçiyə “indi hərəkət et” deməyin ən aydın yoludur. Azərbaycan dilinə də tərcümə etməyə çalışsaq, “hərəkətə çağırış” uyğun tərcümələrdən biri olar.

Sosial şəbəkələrdə və müxtəlif saytlarda hər gün qarşımıza çıxan “İndi alın”, “Ətraflı öyrənin”, “Qeydiyyatdan keçin” kimi düymələr və mesajlar buna nümunədir. 

Bu cür çağırışlar rəqəmsal marketinq strategiyası çərçivəsində istifadəçinin saytda davranışını istiqamətləndirmək, konversiya nisbətini artırmaq və istifadəçi marağını qorumaq üçün yaradılır.

Effektiv çağırış düymələri məzmun strategiyasına və istifadəçinin niyyətinə uyğun olmalıdır. 

Ən yaxşı nümunələrdən birinə baxaq və müzakirə edək. Hostinger hər zaman ana səhifədə müxtəlif vizuallar və düymələr istifadə edir. Çox güman ki, siz hazırda baxsanız başqa vizuallarla qarşılaşacaqsınız. Nümunəmizə qayıdaq. CTA fon rəngindən fərqlənir, aydın, oxunaqlı və olduqca qısadır. Bundan başqa, çağırış düyməsinin yanına taymer qoyaraq sayt ziyarətçilərini psixoloji olaraq tələsdirir.

Hostinger-dən CTA nümunəsi

Hansı CTA növləri var?

CTA, əsasən, növünə görə 3 qrupa bölünür. O, düymə, mətn və ya banner şəklində ola bilər.

Gəlin hər növə detallı şəkildə nəzər salaq.

Düymə formasında

Düymə formatında olan call to action növləri ən çox istifadə olunan vasitələrindən biridir. “İndi başla”, “Endirimi əldə et” və ya “Pulsuz sına” kimi ifadələr, istifadəçiyə nə etməli olduğunu açıq şəkildə bildirir. Onu hərəkətə keçməyə təşviq edir.

CTA düyməsi fərqli və diqqətçəkici olmalıdır. Vizual iyerarxiyada düzgün yerləşməli, açılış səhifəsi və ya konversiyaya fokuslanan səhifənin məqsədi ilə tam uyğunlaşmalıdır. Doğru UI dizayn və aydın mesaj istifadəçinin diqqətini cəlb edir və onu addım atmağa sövq edir.

Marketoloqlar tez-tez A/B testi apararaq fərqli düymə mətnlərini, ölçüləri və rənglərini müqayisə edirlər. Kiçik dəyişikliklər, məsələn, “Konsultasiya al” əvəzinə “Pulsuz konsultasiya al”, konversiya dərəcəsini ciddi şəkildə artıra bilər.

Mobil uyğunluq da mühüm amildir. Mobil optimallaşdırılmış düymələr, təcrübəni yaxşılaşdırır. 

Mətn formasında

Mətn əsaslı CTA-lar daha sadə və təbii yanaşma ilə istifadəçini hərəkətə keçirməyə yönələn çağırışlardır. 

Onlar, adətən, bir paraqrafın içində anchor text kimi yerləşdirilir. Bu tip çağırışlar bloq yazılarında, e-poçtlarda və məqalələrdə istifadə olunur.

Ən böyük üstünlüyü odur ki, istifadəçi oxuyarkən təbii olaraq çağırışla qarşılaşır və əgər klik edirsə, konversiya nisbəti də yuxarı olur.

Yaxşı hazırlanmış mətn əsaslı call to action istifadəçi niyyətini qarşılayır, saytda qalma müddətini (dwell time) artırır.

Mətn əsaslı çağırışların əlavə üstünlüyü onların rahatlıqla test edilə bilməsidir. Saytın dizaynını dəyişmədən, sadəcə bağlantı mətnini dəyişərək testlər aparmaq mümkündür. Bu isə sizə hansı ifadələrin daha yüksək klik dərəcəsi (CTR) verdiyini analiz etməyə imkan yaradır.

Banner formasında

Banner formatlı CTA-lar veb-səhifələrdə səhifənin yuxarı, aşağı və ya yan hissələrində yerləşdirilərək, istifadəçinin diqqətini dərhal cəlb etməyə xidmət edir.

Məsələn, “Yalnız bu gün: SEO xidmətlərində 30% endirim” tipli bir banner həm klik dərəcəsi (CTR)-ni artırır, həm də bounce rate-i azaldaraq istifadəçini yönləndirir. Bannerin effektivliyi onun aydın mesaj, cəlbedici dizayn və doğru çağırışın yerləşməsi ilə birbaşa bağlıdır.

Lakin bannerlərdən istifadə zamanı diqqətli olmaq vacibdir. Çox böyük və ya davamlı görünən bannerlər istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər. Bu səbəblə, istifadəçi rahatlığı (web usability) ilə tarazlığı qorumaq çox önəmlidir.

CTA harada istifadə olunur?

CTA-nın məqsədi hər zaman eynidir. Konversiya nisbətini maksimum etmək. 

Bunun üçün də çağırış düymələri və mətnləri müxtəlif yerlərdə işlənir. Bura veb-saytlar, məzmun marketinqi, email marketinq, sosial media marketinq və rəqəmsal reklamlar daxildir. 

Konversiyaya əsaslı səhifələr

Konversiyaya fokuslanan CTA üçün ən mühüm istifadə sahələrindən biridir. Bu səhifələr adətən məhsul təqdimatları, xidmət sifariş formaları və ya xüsusi kampaniyalar üçün hazırlanır. Yəni istifadəçini real müştəriyə çevirmək məqsədi daşıyır.

Belə səhifələrdə “Pulsuz demo al”, “Qiymət təklifini əldə et” və ya “İndi başlayın” kimi düymələr və ya bannerlər istifadəçiləri “marketinq funnel” boyunca irəliləməyə təşviq edir. 

Effektiv CTA-lar bu səhifələrdə mütləq fayda əsaslı mesajlar daşımalıdır. Məsələn: “İndi pulsuz analiz əldə edin” kimi çağırış həm dəyər verir, həm də marketinq psixologiyasına əsaslanaraq istifadəçinin qərar verməsini sürətləndirir.

Bundan əlavə, A/B testi burada xüsusi rol oynayır. Fərqli dizayn, mətn və yerləşmə test edilərək hansı variantın daha yüksək konversiya verdiyi təhlil olunur. Paralel olaraq, bu səhifələr SEO strategiyası, UX dizayn ilə də uyğunlaşmalıdır. 

Məzmun marketinqi 

Məzmun marketinqi dedikdə burada əsasən mətn formasında olan çağırışlardan söhbət gedir. Çünki yazıların hansı xarakter daşıdığını, hansı yazıdan hansı xidmətə, çağırışa yönəlməli olduğunuzu məzmun strategiyaları təyin edir. 

Bloq yazıları, bələdçilər və ya təlim materialları kimi məzmunlar istifadəçiyə dəyər təqdim edir, eyni zamanda oxucunun növbəti addımı atması üçün yönləndirici olur. 

Məzmun daxilində yerləşdirilmiş anchor mətnlər daxili linkləmə strategiyası üçün də vacibdir. Məsələn, “bizim SEO agentliyimizin yanaşması ilə tanış olun” kimi bir bağlantı həm daxili keçid yaradır, həm də on-page SEO-ya müsbət təsir göstərir.

Bu tip CTA-lar çox vaxt məlumat toplayan və seçim etmə mərhələsində olan auditoriyaya yönəlir. Onlara birbaşa satış deyil, təklif təqdim olunmalıdır.

E-poçt kampaniyaları 

E-poçt kampaniyalarında CTA ən əsas elementlərdən biri, elə bəlkə də ən birincisidir. 

CTA mesaj çox uzanmadan, istifadəçini itirmədən çağırış təqdim edilməlidir. Marketinq psixologiyası göstərir ki, təcili və eksklüziv təkliflər (“yalnız bu gün”, “məhdud sayda”) istifadəçidə hərəkət etmək istəyi yaradır və CTR-ı artırır.

E-poçtlar həm də A/B testləri üçün əla platformadır. Müxtəlif versiyaları test edərək daha yüksək konversiya səviyyəsi əldə etmək mümkündür. 

Sosial media marketinqi

İstər Instagram-da “sürüşdür və bax”, istər Facebook-da “indi alın” düyməsi, istərsə də YouTube videolarındakı kliklənə bilən bannerlər konversiya yaratmaq məqsədi daşıyır.

Sosial media həm də ödənişli reklamlar və PPC kampaniyaları üçün CTA istifadəsində önəmlidir. 

Rəqəmsal reklamlar 

Google və YouTube reklamlarında CTA reklamın ən vacib hissəsidir. Onun yoxluğunda reklam sadəcə görüntüdür, nəticə isə sıfır ola bilər.

PPC kampaniyalarında düzgün seçilmiş çağırışlar klik başına xərci (CPC) azaldır və reklamlarda ROIROAS-ı artırır. 

Call to action yaratmaq üçün məsləhətlər

Uğurlu CTA yaratmaq üçün sirr olmayan 6 məsləhətimiz var.

1. Aydın və konkret olun. “İndi yüklə”, “Pulsuz qoşul”, “Analiz et” kimi sözlər istifadəçiyə nə edəcəyini dəqiq göstərir və klik dərəcəsi (CTR)-ni artırır.

2. İstifadəçi niyyəti ilə uyğunlaşdırın. Açılan səhifənin hansı niyyətə xidmət etdiyinə nəzər yetirin. Nəticəyə uyğun çağırış yazın.

3. Vizual olaraq fərqləndirin. Çağırış düymələri və mətnləri vizual iyerarxiyada fərqlənməlidir. Rəng fərqi, ağ sahə, böyük şrift və yerləşmə ilə istifadəçinin diqqətini cəlb edin. Bu, xüsusilə açılış səhifələri və konversiyaya fokuslanmış səhifələr üçün vacibdir.

4. Test etməyə vaxt ayırın. A/B testləri vasitəsilə fərqli mətnlər, rənglər və yerləşmələr sınaqdan keçirilə bilər. Bu testlər sizə hansı variantın daha yüksək konversiya səviyyəsi verdiyini göstərəcək.

5. Daxili keçidlərdən istifadə edin. Anchor text ilə məqalə daxilində CTA yerləşdirərək istifadəçini digər faydalı səhifələrə yönəldin. 

6. Mobil uyğunluğa diqqət edin. Mobil cihazlarda CTA-nın kliklənə bilməsi çox vacibdir. Həm ödənişli reklamlarda, həm email marketinqdə, həm də veb-sayt dizaynı zamanı responsivliyə fikir verin.