Daxili linkləmə nədir?
Daxili linkləmə saytın daxilində bir səhifədən digərinə keçid verilməsi deməkdir.
Bu bağlantılar naviqasiya yaradır, istifadəçilərin bir məzmundan digərinə keçməsini təmin edir və axtarış sistemlərinin saytınızda məzmunu tapmasını asanlaşdırır.
Saytınızı bir şəhər, səhifələri isə binalar kimi düşünün. Daxili keçidlər bu binaları birləşdirən yollardır. Yol olmadan hərəkət çətindir. Daxili keçidlər də istifadəçilər və botlar üçün yol funksiyasını yerində yetirir.
Daxili keçidləri menyularda, “footer”də və mətn daxilində görürsünüz.
Doğru tətbiq edilərsə, bu metod orqanik trafik üçün ciddi artım yaradır və istifadəçi təcrübəsini yaxşılaşdırır.
Misal üçün, aşağıda digər bloqumuzdan olan bir hissədə olan daxili linkləməni sizə misal üçün göstərə bilərik.

Daxili linklər və xarici linklər arasında fərq
Daxili linklər saytınızın daxilində səhifələri bir-birinə bağlayır, xarici linklər isə istifadəçiləri başqa domenə yönləndirir.
Bu iki keçid növünün fərqini başa düşmək yaxşı SEO strategiyası qurmaq üçün vacibdir.
Daxili linklər | Xarici linklər | |
Nəyə xidmət edir? | Eyni domen daxilində başqa səhifələri bir-biri ilə birləşdirir. | Bir domendən başqa bir domenə yönləndirir. |
Nə üçündür? | Naviqasiya yaratmaq, istifadəçi təcrübəsini artırmaq, orqanik trafik artırmaq | Etibarlı mənbələrə istinad, inam yaratmaq |
Daxili keçidlər saytın strukturunu axtarış motorlarına izah edir və vacib səhifələrə fokuslanmağa kömək edir. İstifadəçiləri bir səhifədən digərinə aparır, saytda daha çox vaxt keçirməyə məcbur edir.
Xarici keçidlər isə mövzu ilə əlaqəli, etibarlı mənbələrə istinad edərək istifadəçidə güvən yaradır.
SEO-da daxili linkləmə niyə önəmlidir?
Yəqin ki, yuxarıda etdiyimiz izahlarda daxili linkləmələrin niyə bu qədər önəmli olduğunu anladınız. İndi isə SEO prizmasından baxaq.
Daxili linkləmə sizin əlinizdə olan, sizin nəzarətinizdə olan ən güclü on-page SEO elementlərindən biridir.
Doğru tətbiq olunan zaman həm istifadəçilər, həm də axtarış motorları üçün məntiqli və funksional bir sayt arxitekturası qurur.
İlk növbədə, axtarış motorları saytınızı daha yaxşı tarayır.
Axtarış motoru botları saytınızdakı məzmunu tapmaq və indeksləmək üçün linklərdən istifadə edir.
Daxili linklər səhifələrin asanlıqla tapılıb indekslənməsini təmin edir.
Əgər bu keçidlər olmasa, sizin üçün önəmli olan bəzi səhifələr axtarış motorları üçün görünməz qala bilər.
İkinci növbədə, saytın iyerarxiyası formalaşır.
Daxili keçidlər saytınızdakı ən önəmli səhifələri aydın şəkildə göstərməyə kömək edir.
İstifadəçilərə, axtarış motorlarına saytınızın necə qurulduğunu başa düşməkdə yardım edir.
Üçüncüsü, istifadəçi təcrübəsini artırır.
Güclü daxili keçid strukturu istifadəçiləri daha uzun müddət saytınızda saxlayır.
Onlar oxuduqları mövzu ilə əlaqəli digər faydalı səhifələrə asanlıqla keçid edə bilir.
Bu isə saytda qalma müddətini artırır və konversiya göstəricilərinə müsbət təsir edir.
7 addımda daxili linkləmə necə aparılır?
Daxili linkləmə strategiyası ümumilikdə SEO strategiyasının ən önəmli parçalarından biridir.
Bu proses planlı yanaşma tələb edir. Siz səhifələrin bir-birinə necə bağlanacağını, hansı səhifələrin önəmli olduğunu və istifadəçini necə istiqamətləndirəcəyinizi əvvəlcədən müəyyən etməlisiniz.
Strukturun əvvəldən qurulmaması bu sahədə tez-tez yol verilən SEO səhvlərindən biridir.
1. Saytın strukturunu planlaşdırın
Daxili linkləməyə başlamazdan əvvəl aydın və məntiqli bir sayt strukturu qurmaq vacibdir.
Saytınızı bir piramida kimi düşünün: ən yuxarıda ana səhifə, onun altında əsas kateqoriyalar və onların altında isə fərdi məzmun səhifələri yer alır.
Bu quruluş istifadəçilərə naviqasiyanı asanlaşdırır. Axtarış motorları üçün də saytınızı daha başa düşülən və indekslənə bilən edir.
Düzgün struktur sizə “yetim səhifələr”in (heç bir keçid almayan səhifələr) qarşısını almağa və vacib səhifələrin hər birinin əlçatan olmasına imkan verir.

2. Əsas mövzu və səhifəni müəyyən edin
Əsas səhifə saytınızda geniş şəkildə işlənmiş, əsas mövzunu əhatə edən və digər əlaqəli məqalələrə bağlantılar verən əsas məzmundur.
Bu səhifələr açar mövzular üzrə sıralanmaq üçün nəzərdə tutulur və mövzu klasterlərinin (mövzu qruplarının) mərkəzində dayanır.
Əvvəlcə saytınızdakı əsas sahələri müəyyən edin. Məsələn, ingilis dili kursuna aid bir sayt üçün əsas istiqamətlər IELTS hazırlığı, General English hazırlığı və s. fərqli istiqamətlər ola bilər.
Deməli, sizin yaradacağınız məzmunların mərkəzində bu xidmətlərə aid səhifələr yer alacaq.
Növbəti addımda siz bu əsas mövzuların ətrafına əlaqəli mövzuları yığmalı, əlaqəli səhifələri yaratmalısınız.
Sonda isə səhifələri bir-biri ilə daxili linklər vasitəsi ilə birləşdirməlisiniz.

3. Mövzu qrupları yaradın
Əsas mövzuları seçdikdən sonra əsas addım mövzu qruplarını və ya klasterləri yaratmaq olmalıdır.
Mövzu qrupları əsas səhifənizin ətrafında təşkil olunmuş əlaqəli məzmunlardan ibarət strukturdur.
Bu səhifələr həm əsas səhifəyə, həm də bir-birinə daxili linklər vasitəsilə bağlanır, nəticədə güclü bir semantik əlaqə qurulur.
Bu səhifələr daxili linkləmə vasitəsilə pillar səhifəyə bağlandıqda:
- Saytınızın məzmun dərinliyi artır
- Axtarış motorları saytınızın məqalələr arasında əlaqə qurduğunu başa düşür
- Açar söz sıralamalarında daha güclü mövqe əldə edilir

4. Yeni məzmunları yaradın və linkləmə aparın
Klasterləri yaratdıqdan sonra növbəti addım müəyyən etdiyiniz açar sözlər üzrə bir-bir yeni səhifələr, bloqlar, məqalələr yaratmaq və daxili linklər yerləşdirməkdir.
Həmçinin yeni məzmun yaradan zaman siz köhnə məzmunlara nəzər salmalı, həmin mövzulardan da bu yeni səhifəyə keçidlər verməlisiniz.
Qısaca, həm yeni yaratdığınız səhifədən köhnə səhifələrə linklər verin, həm də köhnə səhifələri edit edin və orada əlaqəli mətnlərdə bu yeni səhifə üçün linklər yaradın.
Bu yanaşma ilə yeni səhifələr köhnə və avtoritetli URL-lərdən link alaraq axtarış motorları üçün daha görünən olur.
Nəticədə, sizin yaratdığınız səhifə daha qısa zamanda reytinq əldə edəcək və SERP-də görünəcək.
Əvvəlki müddətdə hansı səhifələrdə açar sözün işləndiyini tapmaq üçün isə aşağıda göstərdiyimiz tərzdə Google sayt operatoru ilə axtarış edə bilərsiniz.

5. Doğru anchor mətn seçin
Anchor mətn keçid verdiyiniz söz və ya ifadəyə deyilir. Daxili linkləmədə böyük rol oynayır.
Doğru seçilmiş anchor mətn həm istifadəçiyə, həm də axtarış motoruna linkin hansı mövzuya aid olduğunu izah edir.
Sadə ifadələrdən (məsələn, “buraya klikləyin”) istifadə etmək əvəzinə, mövzunu dəqiq təsvir edən açar sözlərdən ibarət ifadələr istifadə edin.
Unutmayın ki, anchor mətnlər təbii olmalıdır. Onlar müxtəlif əlaqəli açar sözlər, mütləq sinonimlər ola bilər. Həmçinin sözün müxtəlif qrammatik formalarını da işlətmək doğru addımdır.
Məqsəd anchor mətnlərin həddindən artıq eyni formada istifadə etməkdən imtina etməkdir. Həddindən artıq eyni formada və monoton şəkildə anchor mətnlər seçmək SEO nəticələrinizi mənfi təsirləyə bilər.
Düzgün anchor mətn istifadəsi saytınızdakı daxili linkləmə strukturunun effektivliyini artırır. Sıralama faktorları baxımından müsbət təsir yaradır.
6. Naviqasiya və kontekstual keçidlər əlavə edin
Daxili linkləmənin iki əsas forması var. Naviqasiya keçidləri və kontekstual keçidlər. Hər ikisi saytınız üçün mühüm rol oynayır.
Naviqasiya keçidləri menyu, “footer” kimi hissələrdə yerləşir. Bu keçidlər, saytın əsas bölmələrinə (xidmətlər, əlaqə səhifəsi, bloq, kampaniyalar və s.) sürətli keçidlər təklif edir. İstifadəçi saytınızda harada olsa da, bu səhifələrə asanlıqla çata bilir.
Kontekstual keçidlər isə məqalə və ya səhifə mətni içində yerləşdirilən keçidlərdir. Məsələn, SEO xidmətləri haqqında yazdığınız bir bloqda, “orqanik trafik artırmaq yolları” məqaləsinə keçid vermək tam yerində olar.
7. Daxili linklərinizi mütəmadi yoxlayın
Ən yaxşı daxili linkləmə strategiyaları da vaxt keçdikcə zəifləyə bilər. Ona görə ki, zaman keçdikcə sayt genişlənir, səhifələr silinir və ya URL-lər dəyişir.
Buna görə də, daxili keçidlərin SEO auditi vacibdir. Audit zamanı:
- Qırıq linklərin olub-olmadığını yoxlayın
- Anchor mətnlərin məzmunla uyğunluğunu qiymətləndirin
- Yeni yazdığınız səhifələrin əvvəlki məqalələrdən keçid alıb-almadığını analiz edin
- Yetim səhifələr (heç bir daxili keçidi olmayan) mövcuddursa, onlara əlaqəli yerlərdən link verin
Bu proses üçün Google Search Console, Semrush kimi alətlərdən istifadə edə bilərsiniz. Beləliklə, sayt performansınız yaxşılaşar, “crawl budget” optimallaşar, yeni linkləmə imkanlarını aşkar edə bilərsiniz
Müntəzəm audit SEO nəticələrinizi qorumağa və inkişaf etdirməyə kömək edir.
Eyni zamanda, istifadəçilər üçün də daimi olaraq faydalı və işlək bir təcrübə təmin edir.
Nəticə
Daxili linkləmə istifadəçi təcrübəsini artırır, botların veb-səhifələri daha rahat tapmasına şərait yaradır.
Daxili linklərin qurulması ən sadə və effektiv SEO üsullarından biridir.
Planlı struktur qurmaq, yeni məzmunu düzgün şəkildə əlaqələndirmək və mütəmadi audit aparmaqla saytınızı daha görünən, daha naviqasiya olunan və daha rəqabət qabiliyyətli hala gətirə bilərsiniz.
Bundan başqa, peşəkar SEO komandasından xidmət almaq da ən yaxşı seçimlər arasındadır.
SEO xidmətimiz haqqında daha çox məlumat almaq üçün bizimlə əlaqə yarada bilərsiniz.