Dwell time rəqəmsal marketinq, SEO və istifadəçi təcrübəsi analizlərində istifadə olunan bir termindir. Azərbaycan dilinə “saytda qalma müddəti” kimi tərcümə oluna bilər.
Dwell time istifadəçinin axtarış nəticələrində (SERP) bir linkə klikləyib həmin sayta daxil olduqdan sonra saytda nə qədər müddət qaldığını və daha sonra axtarış nəticələrinə geri dönüb-dönmədiyini göstərən müddətdir.
- SEO üçün vacib göstəricidir. Yüksək dwell time istifadəçinin məzmundan razı qaldığını göstərir.
- Bounce rate ilə fərqli anlayışlardır. Bounce rate sayt və ya mobil tətbiqdə istifadəçinin başqa səhifəyə keçmədən 10 saniyədən az qalaraq saytı tərk etmə faizidir.
- Axtarış motorları (məsələn, Google) bu göstəricini istifadəçi məmnuniyyətini qeyri-rəsmi şəkildə ölçmək üçün istifadə edə bilər.
Məsələn, istifadəçi Google-da “ən yaxşı qəhvə aparatları” yazaraq axtarış edir. İlk nəticəyə klikləyir və sayta daxil olur. Saytda 3 dəqiqə qalır, məqaləni oxuyur, sonra axtarış nəticələrinə geri qayıdır. Bu halda dwell time 3 dəqiqə olur. Müddətin uzunluğu məzmunun keyfiyyəti, saytın yüklənmə sürəti, UI/UX dizayn və axtarılan məlumatla saytın uyğunluğundan asılıdır.
Dwell time SEO üçün reytinq faktoru sayılırmı?
Rəsmi olaraq Google sıralama faktoru kimi təsdiqlənməyib.
Lakin SEO mütəxəssisləri arasında geniş müzakirə mövzusudur.
Dwell time istifadəçi məmnuniyyətini qiymətləndirmək üçün istifadə edilə bilər. Ancaq həmişə etibarlı göstərici deyil. Çünki bu metrik istifadəçi məmnuniyyəti ilə birbaşa əlaqəli olmaya bilər.
Misal üçün, deyək ki, dwell time 30 saniyədir. Bu iki halda ola bilər. Ya istifadəçi axtardığı məlumatı həmin 30 saniyədə tapıb, ya da məzmun və ya istifadəçi təcrübəsi pis idi.
Gary Illyes kimi Google nümayəndələri deyir ki, bu cür SEO metrikləri rəsmi sıralama faktorları deyil. O bu tip göstəriciləri “uydurma şeylər” adlandırır və deyir ki, Google daha çox klassik faktorlara (məzmun uyğunluğu, texniki keyfiyyət və s.) fikir verir.
Sadəcə, 2024-cü ildən etibarən Google buna oxşar performans göstəricilərini izləyir.
Məsələn, “long clicks” anlayışı istifadəçinin bir səhifədə nə qədər müddət qaldığını ölçür. Metriklər əslində bir-biri ilə çox oxşardır, amma başqa terminologiya kimi təqdim olunur.
Bu hadisə Google-un müəyyən səviyyədə istifadəçi davranışını təhlil etdiyini göstərir, sadəcə açıq şəkildə demir.
Təbii ki, hansının baş verdiyini dəqiq demək olmur. istifadəçi tez geri dönürsə, bu dolayı yolla SEO-ya təsir edir.
Yekun olaraq, konkret cavab yoxdur. Siz isə sadəcə istifadəçiyə yüksək keyfiyyətli və onların axtardığına uyğun məzmun verməyə çalışın. On-page SEO-ya uyğun olaraq optimizasiyalar aparın.
Dwell time necə artırılır?
Bəzən yol verilən SEO səhvləri göstəricinin aşağı olmasına səbəb olur. Əgər dwell time-ı artırmaq istəyirsinizsə, əsas məqsəd istifadəçi üçün yaxşı təcrübə yaratmaq olmalıdır.
Bu isə bütünlükdə SEO strategiyasını əhatə edir.

İlk öncə, axtarış niyyətinə diqqət edin. İstifadəçi nə axtarırsa, ona onu verin.
“Clickbait” istifadə etməyin. Başlıq cəlbedici ola bilər, amma məzmun uyğun deyilsə, bu istifadəçini geri qayıtmağa məcbur edəcək. Bu da qısa dwell time deməkdir.
Kontenti aydın struktura salın. Qarmaqarışıq paraqraflar istifadəçini yorur.
Yaxşı istifadəçi təcrübəsi yaradın. Saytınız sürətli, responsiv və naviqasiyası sadə olmalıdır. Bu texniki detallar sayt sürəti, responsivlik kimi SEO göstəricilərinə də təsir edir.
Daxili keçidlər əlavə edin. İstifadəçiyə əlaqəli digər səhifələrə keçid imkanı verin. Daxili linkləmə dwell time-ı uzatmaq üçün çox effektiv üsuldur.
Nəticə
İstifadəçinin SERP-də bir linkə klikləyib həmin sayta daxil olduqdan sonra saytda nə qədər müddət qaldığını və daha sonra axtarış nəticələrinə geri dönüb-dönmədiyini göstərən müddətdir.
Dwell time birbaşa sıralama faktoru deyil, amma istifadəçi təcrübəsini və kontent keyfiyyətini göstərən mühüm bir siqnaldır.
Göstəricini yaxşılaşdırmaq üçün istifadəçiyə lazım olanı verin. Keyfiyyətli məzmun marketinqi, uyğun nəticə, aydın struktur, yaxşı istifadəçi təcrübəsi.