Email marketinq şirkətlərin müştərilərlə əlaqə yaratmaq, onları məlumatlandırmaq və məhsullarını tanıtmaq üçün istifadə etdiyi effektiv rəqəmsal marketinq üsuludur.
Rəqəmsal ekosistemdə bizneslər müştərilərlə daim əlaqədə qalmaq və onlara dəyərli məlumatlar ötürmək üçün müxtəlif kanallardan istifadə edir. Marketinq üsulları arasında email marketinq ən yaxşı üsullardan biri hesab olunur.
Brendin tanıdılması, məhsul və xidmətlərin təqdim edilməsi, satışların artırılması və müştəri loyallığının artırılması məqsədilə həyata keçirilir.

5 addımda email marketinq
Uğurlu email kampaniyası yaratmaq üçün sistemli yanaşma və düzgün planlaşdırma vacibdir.
Hər bir kampaniya məqsədəuyğun şəkildə hazırlanmalıdır. Müştəriyə dəyər qatmalıdır.
Gəlin, 5 addımda nələr etmək lazımdır, ona nəzər salaq.
1. Maraqları müəyyən edin
Email marketinqdə uğur qazanmağın əsas yolu istifadəçiləri ehtiyaclarına və maraqlarına uyğun olaraq hərəkət etməkdən keçir.
Bütün müştərilərə eyni məzmun göndərmək əvəzinə onların davranışlarına və maraqlarına əsasən fərqli kampaniyalar yaratmaq daha effektiv nəticə verir.
Misal üçün, yeni müştərilər üçün təqdimat poçtları, mövcud müştərilər üçün endirim və xüsusi təkliflər daha yaxşı olar.
2. Cəlbedici və dəyərli məzmun yaradın
Email yalnız məhsul və ya xidmətə yönələ bilməz. Bəzən oxucu üçün faydalı məlumatlar təqdim edən məzmunlar daha çox diqqət çəkir. Emailin başlığı onun açılıb-açılmayacağına birbaşa təsir edir.
Qısa, maraqlı və diqqətçəkən başlıqlar istifadəçinin emaili oxumağa davam etməsi üçün əsas faktorlardan biridir.
Emailin daxilindəki məzmun da qısa, aydın və oxunaqlı olmalıdır. Gərəksiz uzun cümlələr və çox texniki məlumatlarla dolu mesajlar oxucunun marağını azalda bilər.
3. Dizayna diqqət yetirin
Emailin vizual görünüşü oxucunun diqqətini çəkməli və oxunaqlı olmalıdır.
Mobil uyğunluq bu mərhələdə əsas faktorlardan biridir. İstifadəçilərin böyük bir qismi mailləri mobil cihazlar vasitəsilə oxuyur. Buna görə də mesajın düzgün formatlandığına və kiçik ekranlarda rahat oxuna bildiyinə əmin olmaq lazımdır.
4. Zamanını düzgün seçin
Araşdırmalar göstərir ki, e-poçt göndərmək üçün ən yaxşı vaxt çərşənbə axşamı və ya cümə axşamı, saat 10:00-dan 15:00-a qədərdir.
Daha yaxşı cavab vermək üçün “Brevo”nun araşdırmasına nəzər salaq.
Biznes növü | Email kampaniyası göndərmək üçün ən yaxşı gün | Email kampaniyası göndərmək üçün ən yaxşı saat |
---|---|---|
E-ticarət | Çərşənbə axşamı və ya Cümə axşamı | 10:00 |
Proqram təminatı / SaaS | Çərşənbə axşamı və ya Cümə axşamı | 14:00 – 15:00 |
Marketinq xidmətləri | Çərşənbə | 16:00 |
B2B xidmətlər | Bazar ertəsi və ya Çərşənbə axşamı | 08:00 – 10:00 |
Qeyri-kommersiya təşkilatları | Çərşənbə axşamı və ya Cümə axşamı | 15:00 – 16:00 |
Ümumi olaraq | Çərşənbə axşamı və ya Cümə axşamı | 10:00 və ya 15:00 |
Bu cədvəl peşəkar araşdırmanın nəticəsidir. Ancaq ola bilər ki, sizin auditoriyanız üçün gecə 12-də göndərilən email kampaniyası daha yaxşı işləsin. Odur ki, kampaniyanı fərdiləşdirmək, müştərilərinizi tanımaq əsas şərtdir.
5. Test etmək və optimizasiya
A/B testləri bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Fərqli email başlıqları, dizayn elementləri və CTA (Call-to-Action) düymələri test edilərək, istifadəçilərin hansı variantlara daha çox reaksiya verdiyi müəyyənləşdirilməlidir.
Kampaniyanın nəticələrini mütəmadi olaraq təhlil etmək və əldə edilən məlumatlardan istifadə edərək gələcək email strategiyalarını təkmilləşdirmək email marketinqdə uğur qazanmağın əsas şərtlərindən biridir.
Email marketinq növləri və nümunələri
Email marketinqin bir çox fərqli növü mövcuddur. Hər biri müxtəlif məqsədlərə xidmət edir və müştərilərlə fərqli yollarla əlaqə qurmağa kömək edir.
1. Təklif emailləri
Təklif emailləri satışları artırmaq, yeni məhsulları tanıtmaq və xüsusi endirimləri müştərilərə çatdırmaq məqsədilə göndərilən email marketinq növüdür.
Təklif emaillərində diqqətçəkici və aydın Call-to-Action (CTA) düymələri vasitəsilə istifadəçilər hərəkətə keçməyə təşviq edilir. Bu emaillər endirim kodları, xüsusi kampaniyalar və yeni məhsullar barədə məlumatlarla zəngin olur. Mövsümi satış dövrlərində, məsələn, Black Friday, Yeni il və Novruz kimi bayramlarda bu kampaniya növü tez-tez istifadə olunur.

2. İnformativ emaillər
İnformativ emaillər müştəriləri şirkətin fəaliyyəti ilə bağlı yeniliklər, məqalələr, tədbirlər və vacib elanlarla məlumatlandırmaq məqsədi daşıyır. Bu kateqoriyaya əsasən xəbər bülletenləri və şirkət elanları daxil olur.
Bu tip emaillər müştərilərlə güclü və davamlı münasibət qurmağa kömək edir. Onlar vasitəsilə yeni məhsul xüsusiyyətləri, bloq yazıları və maarifləndirici məqalələr paylaşılır. İnformativ emaillər adətən həftəlik, aylıq və ya rüblük şəkildə planlı və ardıcıl şəkildə göndərilir.

3. Loyallıq emailləri
Loyallıq emailləri müştəriləri daha uzun müddət aktiv saxlamaq və onların brendə sadiqliyini gücləndirmək məqsədilə istifadə olunur. Bu növ email-lər müştəriləri məhsul və ya xidmətlərdən daha effektiv və davamlı şəkildə yararlanmağa təşviq edir.
Sadiq müştərilər üçün eksklüziv kampaniyalar, bonuslar və fərdi təkliflər təqdim olunaraq onların brendə bağlılığı artırılır. Eyni zamanda, uzun müddət passiv qalan istifadəçiləri yenidən cəlb etmək məqsədilə xüsusi motivasiyaedici mesajlar göndərilir. Bu strategiya müştəri bazasının aktivliyini qorumaq və saxlamaq üçün effektiv üsuldur.

4. Əməliyyat emailləri
Əməliyyat emailləri istifadəçilərin müəyyən bir hərəkətindən sonra avtomatik olaraq göndərilən mesajlardır. Əsasən funksional məqsədlərə xidmət edir. Eyni zamanda bir çox hallarda avtomatik mesajlar olur. Bu tip emaillər müştəri xidmətini gücləndirmək, alış-veriş prosesini asanlaşdırmaq və istifadəçilərə daha təhlükəsiz, şəffaf bir təcrübə təqdim etmək baxımından olduqca vacibdir.

5. İnteraktiv emaillər
İnteraktiv emaillər istifadəçilərə email daxilində birbaşa hərəkət etmək imkanı yaradan formatdır. Bu emaillər istifadəçilərin daha aktiv iştirakını təmin edir. Onların fikrini öyrənir.
İnteraktiv emaillər müştərilərə emaili tərk etmədən müxtəlif hərəkətlər etməyə imkan yaradır. Məsələn, müştərilər email daxilində birbaşa otel otağı rezerv edə, videoya baxa, məhsulu səbətə əlavə edə və ya sorğuda iştirak edə bilərlər.

Email marketinq alətləri
Email marketinqin uğurlu olması üçün düzgün alətlərin seçilməsi vacibdir. Müştəri bazasının idarə olunması, kampaniyaların optimallaşdırılması və emaillərin analizi üçün müxtəlif email marketinq platformaları mövcuddur.

1. Mailchimp
Mailchimp e-poçt marketinq sahəsində ən məşhur və istifadəçi yönümlü platformalardan biridir. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün ideal seçimdir. Çünki istifadəsi asan və funksional imkanlarla zəngindir.
Mailchimp sadə interfeysi ilə seçilir. Bu da istənilən texniki səviyyədəki istifadəçilər üçün əlverişli istifadə imkanı yaradır. Avtomatik email kampaniyalarının yaradılması funksiyası, asan dizayn redaktoru ilə email dizaynı prosesini asanlaşdırır.
A/B test funksiyası vasitəsilə fərqli mesaj formatlarının effektivliyini müqayisə etmək mümkündür. Platforma həm pulsuz versiya, həm də daha geniş imkanlara malik ödənişli planlar təklif edir.
2. Brevo
Brevo email marketinqi SMS marketinq, CRM və avtomatlaşdırma ilə birləşdirən güclü və çoxfunksiyalı bir platformadır. Bu inteqrasiya olunmuş yanaşma, bizneslərin müştəri əlaqələrini daha effektiv şəkildə idarə etməsinə imkan verir.
Brevo həm email, həm də SMS marketinq funksiyalarını bir arada təqdim edir. Bu da çoxkanallı ünsiyyəti asanlaşdırır. Avtomatlaşdırılmış email sistemləri sayəsində istifadəçilərin davranışlarına əsaslanan səmərəli kampaniyalar qurmaq mümkündür.
A/B testləri və analitika alətləri vasitəsilə kampaniyaların performansı detallı şəkildə ölçülə bilir. Brevo həmçinin pulsuz plan və kiçik bizneslər üçün əlverişli ödənişli paketlər təklif edir.
3. HubSpot
HubSpot geniş miqyaslı email marketinq strategiyaları qurmaq və CRM inteqrasiyası ilə güclü avtomatlaşdırma imkanları əldə etmək istəyən bizneslər üçün ideal platformadır.
Müştəri münasibətlərini daha effektiv şəkildə idarə etmək istəyən şirkətlər üçün uyğun seçimdir.
Nəticə
Email marketinq müştərilərlə güclü əlaqələr qurmaq, satışları artırmaq və brendin tanınmasını genişləndirmək üçün ən effektiv rəqəmsal marketinq üsullarından biridir.
Düzgün strategiya və alətlərdən istifadə etməklə bizneslər email vasitəsilə həm mövcud müştərilərini aktiv saxlaya, həm də yeni potensial müştərilər cəlb edə bilərlər.
Effektiv kampaniya yaratmaq üçün məqsədin düzgün müəyyən edilməsi, abunəçi bazasının keyfiyyətli olması, personalizasiya və seqmentasiya strategiyalarının tətbiqi, cəlbedici məzmunun hazırlanması və email performansının mütəmadi olaraq analiz edilməsi vacibdir.