Generative Engine Optimization (GEO) süni intellekt əsaslı axtarış sistemlərində (məsələn, ChatGPT, Perplexity və ya Claude) məzmununuzun görünürlüyünü artırmaq üçün ortaya çıxan yeni bir strategiyadır.
Sadə dillə desək, GEO saytınızı və məzmununuzu elə optimallaşdırmaqdır ki, süni intellekt sistemləri onu tapsın və istifadəçilərin suallarına cavab hazırlayarkən orada istifadə etsin.
Ənənəvi SEO (Search Engine Optimization) necə ki Google kimi axtarış sistemlərində sıralanmağa fokuslanır, GEO isə süni intellekt əsaslı axtarış vasitələrinin cavablarında yer almağa yönəlib.
Bu da o deməkdir ki, brendiniz və ya məlumatlarınız, istifadəçilər yalnız axtarış nəticələrinə deyil, AI sistemlərindən kömək istədikdə də qarşılarına çıxacaq.
Süni intellekt axtarış sistemləri necə işləyir?
Qeyd etdiyimiz kimi, süni intellekt axtarış sistemləri (bəzən generative engines də adlanır) ənənəvi axtarış sistemlərindən bir qədər fərqli işləyir.
Onlar istifadəçinin sorğusuna birbaşa cavab yaradırlar. Bunu inkişaf etmiş AI modelləri ilə edirlər.
Belə sistemlərin necə işlədiyinə nəzər salaq.
- Sorğunu anlamaq ilk addımdır. Süni intellekt istifadəçinin sualını və ya tapşırığını (adətən gündəlik danışıq dilində ifadə olunur) başa düşür. Burada LLM-lər (Large Language Models), yəni böyük dil modelləri ilə tanış oluruq. Onlar çoxlu miqdarda mətn üzərində təlim keçmiş güclü AI sistemləridir.
Qısaca desək, LLM-lər bu sistemlərin “beyni”dir. İnsan dilini başa düşə və real insana bənzər şəkildə cavablar yarada bilirlər. - Əlaqəli məlumatın tapılması isə ikinci addımdır. Növbəti addımda AI sualı cavablandırmaq üçün əlaqəli və aktual məlumatları axtarır. Bu zaman bir çox sistem retrieval-augmented generation (RAG) adlı texnikadan istifadə edir. Yəni, cavab yaratmazdan əvvəl veb resurslar və ya verilənlər bazasından yenilənmiş məlumatlar toplanır. Bu bir növ “mini axtarış” kimidir. Məqsəd təkcə öyrəndiklərini yox, eyni zamanda son məlumatları da daxil etməkdir.
- Cavabın yaradılması üçüncü addımdır. Süni intellekt bu məlumatları və öz biliyini birləşdirərək aydın və məntiqli cavab yaradır. Cavab adətən danışıq dilində yazılır. Konkret, başa düşülən şəkildə təqdim olunur. Məsələn, siz soruşsanız ki “Saytımın sürətini necə artıra bilərəm?”, o sizə bu mövzu ilə bağlı texniki məqalələrdən nümunələr gətirib addım-addım cavab verə bilər.
- İstinadların göstərilməsi. Bir çox süni intellekt əsaslı axtarış sistemi cavabın içində mənbəyə istinad edir. Məlumatın haradan alındığını göstərir. Məsələn, Perplexity və Bing Chat hər cavab bölməsi üçün mənbə linki əlavə edir. Google-un “SGE” sınaq rejimindəki AI axtarış isə ümumi baxışda istifadə olunan mənbələri vurğulayır. Bu o deməkdir ki, əgər saytınızda keyfiyyətli məlumat varsa, süni zəka onu istifadəçi qarşısında mənbə kimi göstərə bilər. Məhz GEO strategiyasının hədəflərindən biri də budur.
GEO və SEO: Fərq nədədir?
GEO süni intellekt əsaslı axtarış mühitinin tələblərindən yarandığı üçün ənənəvi SEO ilə bir çox ortaq cəhətləri var. Lakin bəzi əsas fərqlər də mövcuddur.
Həm GEO, həm də SEO-nun əsas məqsədi istifadəçilər informasiya axtararkən ən yaxşı kontentə çatmasını təmin etməkdir. Hər iki halda da əsas baza yüksək keyfiyyətli və əlaqəli məzmundur.
Əgər siz istifadəçilərin suallarına aydın və etibarlı cavablar verə bilirsinizsə, bu həm SEO, həm də GEO baxımından sizə fayda gətirəcək.
SEO (Search Engine Optimization) | GEO (Generative Engine Optimization) | |
Məqsəd | Saytınızı axtarış nəticələrində (SERP) yuxarı sıralarda çıxarmaqdır. Bu, əsas açar sözlər üzrə istifadəçilərdən daha çox klik əldə etmək deməkdir | Məzmununuzun AI tərəfindən yaradılan cavablarda (ChatGPT, Bing Chat, Perplexity, Claude və s.) yer almasını təmin etmək. Məqsəd AI-nin məlumatınızı “seçməsi” və cavabın bir hissəsi kimi təqdim etməsidir. Söhbət sadəcə linkdə yer almaqdan yox, birbaşa cavabın özü olmaqdan gedir. |
Sıralama Siqnalları | Google-un PageRank kimi aydın alqoritmləri əsasında işləyir. Əsas göstəricilər: açar söz uyğunluğu, keyfiyyətli backlink-lər, səhifə təcrübəsi və sayt nüfuzu (E-E-A-T: təcrübə, ekspertlik, nüfuz və etibarlılıq). | GEO-da rəqəmsal alqoritmlər daha az şəffafdır. Burada “1-ci səhifə vs 2-ci səhifə” kimi tanış anlayışlar yoxdur. Əsas göstəricilər: məzmunun aydınlığı, dəqiqliyi və etibarlılığıdır. AI etibarlı, düzgün mənbəli məlumatları üstün tutur. Brendin tanınması və vebdəki kontekst də əhəmiyyətlidir. |
Optimallaşdırma | Texniki və on-page və off-page SEO əsas rol oynayır. Başlıqlar, meta tag-lar, açar söz istifadəsi, səhifə sürəti, mobil uyğunluq, strukturlaşdırılmış məlumat və s. Məzmun, alqoritmlərə uyğun formatda hazırlanır. | Məzmunun strukturu və konteksti əsasdır. Aydın başlıqlar, bölmələr, bullet-lar, qısa xülasələr və istinadlar istifadə olunmalıdır. GEO həmçinin AI botlarının (məsələn, GPTBot) saytı analiz edə bilməsi üçün AI-dostu texniki struktur tələb edir. Texniki SEO hələ də vacibdir. |
Məzmun Hədəflənməsi | Açar söz yönümlüdür. Yüksək axtarılan açar sözlərə fokuslanaraq kontent hazırlanır (“ən yaxşı qaçış ayaqqabısı 2025” kimi). Hər səhifə konkret bir sorğuya cavab verir. | İntensiya və mövzu yönümlüdür. Daha geniş suallara cavab verən, dərin və əhatəli məqalələr hazırlanır. AI-nin “hərtərəfli cavab” verməsi üçün, GEO geniş və tam izahlı resursları üstün tutur. Uzun formalı və təbii dilə əsaslanan suallar burada daha effektiv işləyir. |
Niyə GEO vacibdir?
Bəlkə də düşünürsünüz ki, həqiqətən bu qədər vacibdirmi? İnsanlar doğrudan da Google əvəzinə AI chatbot-lardan daha çox istifadə edir?”
Cavab getdikcə daha aydın şəkildə “bəli” olur. Xüsusən də məlumat xarakterli mövzularda. Dəyişiklik çox sürətlə baş verir.
- Süni intellekt axtarışlarının artması: ChatGPT tarixdə bütün tətbiqlərdən daha sürətli şəkildə 100 milyon istifadəçiyə çatıb. 2025-ci ilin əvvəlində isə artıq həftəlik 400 milyon aktiv istifadəçisi var. Perplexity.ai kimi digər AI axtarış platformalarında da axtarış həcmi son 1 ildə 858% artıb (təxminən 10 milyon aylıq istifadəçi). Bu da göstərir ki, insanlar sadəcə Google yox, AI sistemlərinə də sual verməyə başlayıb.
- Ənənəvi axtarışlara təsiri: Bu sahənin analitikləri klassik axtarış motorlarının istifadəsində ciddi azalma gözləyirlər. Gartner bildirir ki, 2026-cı ilə qədər ənənəvi axtarış sorğuları 25% azalacaq və saytların SEO üzərindən aldığı trafik 50%-dən çox enə bilər. Ona görə ki, istifadəçilər AI cavablarına üstünlük verməyə başlayır. Google artıq AI-a əsaslanan “Search Generative Experience” sistemini tətbiq edir, Bing isə AI chat inteqrasiyası ilə ön sıralardadır. Artıq Google/Bing istifadəçiləri ənənəvi linklərdən əvvəl AI tərəfindən yaradılan cavabları görə bilir.
- Rəqabət və istifadəçi etimadı: Artıq Google meydanda tək oyunçu deyil. ChatGPT, Bing Chat, Claude və digər platformalar istifadəçilərə birbaşa cavab verə bilən alternativlər təklif edir. Sorğular göstərir ki, istifadəçilərin təxminən 70%-i AI cavablarına etibar edir. İctimaiyyət bu sistemlərə daha çox alışdıqca, getdikcə daha çox insan sorğularına birbaşa AI vasitəsilə başlayacaq.
GEO üçün ən yaxşı həllər
1. Keyfiyyətli və etibarlı məzmun yaradın
Köhnə tövsiyə kimi səslənsə də, yaxşı kontent hər zamankindən daha vacibdir. AI sistemləri etibarlı və mütəxəssis səviyyəsində yazılmış məzmuna üstünlük verir. Məzmununuz E-E-A-T prinsiplərinə (Təcrübə, Ekspertlik, Nüfuz, Etibarlılıq) cavab verməlidir.
Məsələn, real təcrübələr, statistikalar, ekspert rəyləri və açıq istinadlar daxil edin.
2. Aydın struktur qurun
Məzmunu insanlar və botlar üçün oxunaqlı edin: başlıqlardan (H2, H3 və s.), “bullet”lərdən istifadə edin, paraqrafları qısa saxlayın.
Aydın struktur AI üçün skan etmək və istifadə etmək baxımından çox önəmlidir.
Hər bölmə və ya bullet birbaşa cavab formatında olmalıdır. Bu həm oxucuya, həm də süni intellektə fayda verir.
3. Mövzulara dərin yanaşın
Hər açar söz üçün ayrıca səhifə yaratmaq əvəzinə, geniş və əhatəli kontent yaradın.
AI sistemləri eyni mövzu üzrə çoxlu suallara cavab verə bilən materiallara üstünlük verir.
İstifadəçi hansı sualı versə də, kontentinizin bir hissəsi o suala toxunmalıdır.
4. Danışıq üslublu açar sözlər və suallar daxil edin
Uzun formalı, təbii dildə formalaşdırılmış suallar (məsələn, ‘ən yaxşı yol’, ‘necə etmək olar’, ‘fərqi nədir?’) AI cavablarını işə salır.
Məzmununuz bu tip sorğulara birbaşa cavab verəcək şəkildə tərtib olunmalıdır. FAQ və ya sual-cavab formatı bu baxımdan çox effektlidir.
5. Texniki əlçatanlığı təmin edin
Saytınız GPTBot və digər AI botları üçün açıq olmalıdır.
robots.txt və meta tag-lar düzgün qurulmalı, sayt sürətli və mobilə uyğun olmalıdır.
Schema markup kimi strukturlaşdırılmış məlumatlar AI üçün kontekst yaratmağa kömək edir.