İnfluenser marketinq markaların məhsul və ya xidmətlərini tanıtmaq üçün sosial şəbəkələrdə böyük və aktiv izləyici bazasına sahib olan insanlarla əməkdaşlıq etdiyi rəqəmsal marketinq növüdür.
Bu strategiya ənənəvi reklamlardan fərqli olaraq daha etibarlı və səmimi görünür.
İzləyicilər məhsul haqqında birbaşa şirkətdən deyil, sevdikləri və izlədikləri birindən xəbər alır. Bu da mesajın daha effektiv şəkildə çatdırılmasına səbəb olur.

Niyə influenser marketinqindən istifadə etməliyik?
İnfluenser marketinqin əsas üstünlüklərindən biri tez güvən yaratmağı bacarmasıdır.
İzləyicilər influenserləri real və səmimi insanlar kimi görürlər. Onlar bir məhsulu tövsiyə etdikdə izləyicilər buna daha çox diqqət ayırır və tez reaksiya verirlər.
Bu üsul eyni zamanda maliyyə baxımından sərfəlidir. Xüsusilə mikro və nano influenserlərlə işləmək böyük büdcələr tələb etmir.
Əlavə olaraq, bu marketinq üsulu dəqiq hədəfləmə imkanı yaradır. Çünki influenserlər konkret sahələrdə, məsələn, gözəllik, fitnes, texnologiya kimi auditoriya qururlar.
Beləliklə, reklama ayırdığınız resursları boşa xərcləmədən birbaşa uyğun auditoriyaya çatmaq mümkündür.
Qısaca desək, influenser marketinq səmimiyyət, effektivlik və sərfəlilik baxımından bir çox digər rəqəmsal strategiyanı geridə qoyur.
İnfluenserlərin növləri
Bütün influenserlər eyni deyil. Onlar təkcə platforma və mövzuya görə deyil, həm də izləyici sayına görə bir-birindən fərqlənir. İzləyici sayına görə influenserlər adətən 4 əsas qrupa bölünür.

Nano influenserlər
Nano influenserlərin auditoriyası kiçik olsa da, çox bağlı və aktivdir. Onlar izləyiciləri ilə şəxsi əlaqə qurduqları üçün tövsiyələri daha səmimi və etibarlı görünür. Yerli və spesifik niş kampaniyalar üçün idealdır. Həmçinin izləyici sayları çox olmadığından onlarla əməkdaşlıq büdcə baxımdan daha uyğun qiymətə başa gəlir.

Mikro influenserlər
Mikro influenserlər adətən müəyyən sahədə ixtisaslaşır, məsələn, texnologiya, moda və ya sağlamlıq və izləyici kütləsi ilə güclü əlaqəyə malik olur. Hədəf auditoriyaya çatmaq üçün yüksək ROI təmin edirlər.

Makro influenserlər
Makro influenserlər daha geniş auditoriyaya və daha peşəkar kontentə sahibdirlər. Onlar şəxsi brendlərini qurmuş olur və çox zaman brend səfiri kimi uzunmüddətli əməkdaşlıqlarda iştirak edirlər.

Meqa influenserlər
Meqa influenserlər, yəni tanınmış simalar, məşhurlar və internet ulduzlarıdır. Bu əməkdaşlıqlar baha başa gələ bilər, lakin məhsul təqdimatları və beynəlxalq kampaniyalar üçün ideal seçimdir.

İnfluenser marketinqdə əməkdaşlıqlarının növləri
İnfluenserlərlə əməkdaşlıq üçün bir neçə fərqli yol mövcuddur. Seçim kampaniyanızın məqsədindən asılıdır. İstər satış, istər brend tanıtımı, istərsə də istifadəçi cəlbi olsun, hər məqsəd üçün uyğun bir əməkdaşlıq növü mövcuddur.
Paylaşımlar: Ən geniş yayılmış əməkdaşlıq növüdür. Siz influenserə ödəniş edirsiniz və o sizin məhsul və ya xidmətinizi təqdim edən bir paylaşım edir.
Unboxing: İnfluenser məhsulunuzu alır və onunla bağlı şəxsi təəssüratını izləyiciləri ilə bölüşür. Bu format etibar yaratmaq və məhsulun real istifadə təcrübəsini göstərmək baxımından çox faydalıdır.
Hədiyyələr və müsabiqələr: İnfluenser izləyicilər arasında müsabiqə keçirir və qalibə məhsul təqdim olunur. Bu cür kampaniyalar sürətli interaksiya və izləyici artımı üçün əla seçimdir. İştirak şərtlərinə sizi izləmək və paylaşmaq daxil olarsa, nəticələr daha effektiv olur.
Brend simaları: Bu əməkdaşlıq uzunmüddətlidir. İnfluenser sizin brendinizi davamlı olaraq təmsil edir və məhsullarınızı öz gündəlik kontenti ilə birləşdirir. Bu, davamlılıq və inam yaratmaq üçün ideal modeldir.
5 addımda influenser marketinq strategiyası
- Məqsədlərinizi müəyyənləşdirin. İlk olaraq nə əldə etmək istədiyinizi müəyyən edin. Məqsədiniz nədir? Brend tanıtımı, sayt trafiki, satış və ya istifadəçi cəlb etmək?
- Uyğun influenserləri seçin. Brendinizin dəyərlərinə və auditoriyasına uyğun influenserlər tapın. Bu zaman yalnız izləyici sayına deyil, etibarlılıq, interaksiya dərəcəsi və mövzu uyğunluğuna da diqqət yetirin. Doğru influenser real nəticə gətirə bilər.
- Cəlbedici təklif və mesaj hazırlayın. İnfluenser üçün nə təklif etdiyinizi aydın bildirin. Ödəniş, pulsuz məhsul və ya eksklüziv imkanlar təklif edə bilərsiniz. Mesaj brend məqsədlərinizlə uyğun olmalı, amma influenserin danışıq tərzinə və üslubuna da uyğunlaşdırılmalıdır.
- Performansı ölçün və dəyişikliklər edin. İzləmə linkləri, promo kodlar və analitika vasitələri ilə kampaniyanın nəticələrini izləyin. Nə işləyir, nə işləmir, bunu müəyyən edin. Beləliklə, gələcək kampaniyaları daha effektiv şəkildə planlaşdıra bilərsiniz.
- Uzunmüddətli əlaqələr qurun. Yalnız bir dəfəlik əməkdaşlıqlarla kifayətlənməyin. Uzunmüddətli partnyorluqlar həm influenserin, həm də auditoriyasının sizə olan etibarını və bağlılığını artırır. Daimi olaraq brendinizə yer verən influenser daha inandırıcı görünür.
İnfluenser marketinqində yayılmış səhvlər
Uyğunsuz influenser seçimi marketinq kampaniyasının effektivliyini ciddi şəkildə azalda bilər. Dəyərlərinizə uyğun olmayan və ya passiv, saxta auditoriyaya malik bir şəxslə əməkdaşlıq, brend imicinizə mənfi təsir göstərə bilər.
Aydın olmayan ünsiyyət də yayılmış səhvlərdəndir. Kampaniya başlamazdan əvvəl kontentin formatı, mesaj tonu, son tarixlər və təsdiqləmə mərhələləri tam və dəqiq şəkildə razılaşdırılmalıdır.
Nəticələrin ölçülməməsi kampaniyanın real təsirini qiymətləndirməyi çətinləşdirir. Sadəcə bəyənmə və baxış sayı ilə kifayətlənmək əvəzinə, satışlar, veb-sayt ziyarətləri və istifadəçi davranışındakı dəyişikliklərə diqqət yetirilməlidir.
Yalnız izləyici sayına fokuslanmaq da influenser marketinqdə olan əsas səhvlərdən başlıcasıdır.. Bəzən mikro və ya niş influencerlər daha güclü qarşılıqlı əlaqə və yüksək dönüşüm göstəriciləri təqdim edə bilirlər.
Son zamanlar reklam haqqında qanuna əməl etməmək də Azərbaycan bazarında mövcud olan səhvlərdəndir. Baş verən qanun dəyişiklikləri də bu sferaya təsir göstərir. Odur ki, əməkdaşlıqdan əvvəl qanunu nəzərdən keçirməyi unutmayın. Bu hər iki tərəf üçün yaxşıdır. Həm influenserlər, həm də sifarişçi.
Nəticə
İnfluenser marketinq sosial media marketinqində ən güclü alətlərindən birinə çevrilib.
İnfluenserlərin öz auditoriyaları ilə qurduğu etibar və səmimiyyət, brendlərə daha yaxın və təsirli ünsiyyət qurmaq imkanı yaradır.
İnfluenser marketinq istər kiçik bir biznes, istərsə də böyük bir şirkət üçün səmərəli, ölçüləbilən və real nəticələr verən bir metod ola bilər. Doğru şəkildə tətbiq edildikdə.