Instagramda mavi tık istifadəçinin adının yanında görünən kiçik mavi işarədir.
Bu işarə göstərir ki, həmin profil real bir şəxsdir. Ya da ictimaiyyətə tanınmış biri, brend və ya təşkilatdır. Eyni zamanda, rəsmi olaraq Instagram tərəfindən təsdiqlənib.

Mavi tık almaq üçün əsas şərt izləyici sayı deyil. Əsas olan, hesabın orijinallığı və ictimai əhəmiyyətə malik olmasıdır.
Mavi tık istifadəçilərin sizi saxta və ya fan hesablarla qarışdırmamasına kömək edir. Sizi tapmağı asanlaşdırır.
Bu xüsusilə saxta profillərin və şəxsiyyət oğurluğunun artdığı dövrdə daha vacibdir.
Bu məqalədə siz sosial media marketinqinin bir hissəsi kimi Instagramda mavi tık almağın iki əsas yolunu öyrənəcəksiniz.
Instagramda mavi tık almağın faydaları
İlk növbədə bu işarə hesabınıza status qazandırır.
İstifadəçilər bu işarəni görəndə sizin real və təsdiqlənmiş biri olduğunuzu dərhal anlayır.
- Diqqət cəlb edir: Təsdiqlənmiş hesablar axtarış nəticələrində və “Tövsiyə olunan istifadəçilər” bölməsində daha yuxarıda çıxır.
- Etibar və inam: İzləyicilər təsdiqlənmiş hesabları daha çox izləməyə və onlarla əlaqə qurmağa meyilli olur.
- Saxta profillərə qarşı qorunma: Sizin rəsmi hesab olduğunuzu göstərir və sizi təqlid edən saxta hesablardan fərqləndirir.
- Əlavə funksiyalara əlçatanlıq: Link paylaşımı, ətraflı analizlər və dəstək xidmətləri kimi əlavə imkanlara giriş əldə edə bilərsiniz.
2025-ci ildə instagramda mavi tık almağın 2 yolu
Əgər siz də Instagramda mavi tık almağı düşünürsünüzsə, 2025-ci ildə bunu etməyin iki rəsmi yolu mövcuddur.
Hər iki metodun öz tələbləri və üstünlükləri var.
Seçiminiz, hesabınızın növünə və məqsədinizə uyğun olmalıdır.
1. Instagram tətbiqi üzərindən birbaşa müraciət
“Instagram”ın daxilində təqdim olunan rəsmi təsdiqləmə forması vasitəsilə pulsuz şəkildə müraciət edə bilərsiniz.
Bu metod əsasən ictimaiyyətə tanınan şəxslər, medianın diqqətində olan şəxslər və ya rəsmi təşkilatlar üçün nəzərdə tutulub.
Müraciət zamanı şəxsiyyətinizi təsdiqləyən sənəd və ictimai nüfuzunuzu sübut edən bağlantılar təqdim etməlisiniz.
Əgər siz məşhur biri, ictimai xadim və s. deyilsinizsə, sizin axtardığınız növbəti üsuldur.
2. Meta Verified abunəliyinə qoşulmaq
Meta tərəfindən təqdim olunan abunəlik sistemi istifadəçilərə aylıq abunə qarşılığında mavi tık alma imkanı verir.
Bu metod həm şəxsi, həm də biznes hesabları üçün keçərlidir.
Əlavə olaraq, abunəçilər müştəri dəstəyi, saxta hesablara qarşı qorunma və daha geniş görünürlük kimi imkanlardan da yararlana bilirlər.
Meta Verified ilə necə mavi tık almaq olar?
2025-ci ildə “Meta” istifadəçilərin Instagramda mavi tık alması üçün abunə əsaslı yeni bir sistem təqdim etdi: Meta Verified.
Bu xidmət vasitəsilə həm şəxsi, həm də biznes hesabları aylıq ödəniş qarşılığında rəsmi şəkildə təsdiqlənə bilir və əlavə üstünlüklər əldə edir.
Kimlər uyğun hesab olunur?
Meta Verified üçün müraciət etməzdən əvvəl aşağıdakı şərtləri yerinə yetirməlisiniz:
- 18 yaşdan yuxarı olmaq
- Ad və profil şəkli olan bir hesab sahibi olmaq
- Hesabınızda iki mərhələli təhlükəsizlik (two-factor authentication) aktiv olmalıdır
- Profiliniz daha öncə aktiv şəkildə paylaşımlar etmiş olmalıdır
- Rəsmi şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz (ad və foto profilinizlə uyğun olmalıdır)
- Meta Verified-in mövcud olduğu ölkələrdən birində yaşamalısınız. Azərbaycan bura daxildir.

Abunə prosesinin mərhələləri
İlk olaraq, Instagram profilinizə daxil olun. Yuxarı sağ küncdəki menyu düyməsinə toxunun.

İkinci addımda “Meta Verified” seçimini tapın. Təsdiqləmək istədiyiniz hesabı seçin

Üçüncü addımda sənədinizi seçin və təsdiqləyin. Sənədlər siyahısında sizdən sürücülük vəsiqəsi, pasport, şəxsiyyət vəsiqəsi və ya rezident kartı tələb olunur. Hər hansı birini seçərək prosesə davam edə bilərsiniz.

Ödənişi tamamlayın

Müraciətiniz uğurlu olarsa, sizə 30 gün ərzində Instagram tətbiqində bildiriş göndəriləcək.
Əgər təsdiqlənməsəniz, 30 gün ərzində yenidən müraciət edə bilərsiniz.
Tanınmış şəxs kimi mavi tık almaq
Əgər siz jurnalist, kontent yaradıcı, sənətçi, ictimai fəal və ya xadim olaraq klassik təsdiqləmə metodundan istifadə edə bilərsiniz.
Bu proses sizin ictimaiyyətə tanınmış və real şəxs olduğunuzu sübut etməyinizə əsaslanır.
Tamamən ödənişsizdir.
Kimlər tanınmış şəxs sayılır?
Instagram aşağıdakı meyarlara cavab verənləri “tanınmış” hesab edir:
- Etibarlı xəbər saytlarında, media qurumlarında adınız dəfələrlə çəkilib
- Bir neçə platformada aktiv və ardıcıl şəkildə fəaliyyət göstərirsiniz
- İctimai maraq doğurursunuz və sizi təqlid edən saxta profillər mövcuddur
- Rəsmi qurum, marka və ya nüfuzlu bir təşkilatı təmsil edirsiniz
- İzləyici sayınız çoxdur və çox sayda rəylər, bəyənmələr kimi göstəriciləriniz var (təkcə izləyici sayı kifayət deyil)
Təsdiqlənmək üçün nələrə diqqət etməli?
Aşağıdakı addımlar təsdiq alma ehtimalınızı artıracaq:
- Tanınmış xəbər portallarında adınızın hallanması sizin üçün müsbət işarədir. Çalışın ki, fərqli yerlərdə adınız çəkilsin. Əsas da rəsmi və güvənli mənbələrdə.
- Bütün platformalarda adınızı uyğunlaşdırın. Instagram profiliniz digər sosial şəbəkələrdəki ad və marka kimliyinizlə uyğun olmalıdır.
- Aktiv izləyici bazası yaradı.: Paylaşımlara mütəmadi reaksiya alan və izləyicilərlə əlaqə quran hesablar daha etibarlı görünür
- Spamdan və qayda pozuntularından uzaq durun. Hesabınızın Instagram qaydalarına tam uyğun olması vacibdir
Nəticə
Instagramda mavi tık almaq sadəcə “statuslu” görünmək üçün deyil, eyni zamanda etibar qazanmaq, profilinizi qorumaq və sosial mediada güclü mövqe tutmaq üçün vacib bir addımdır.
İstər rəsmi müraciət yolu ilə, istərsə də Meta Verified abunə xidməti vasitəsilə, bu statusu əldə etmək artıq daha əlçatan və sistemli prosesə çevrilib.