Lokal SEO Nədir? Nələrə Diqqət Yetirmək Lazımdır?

Lokal SEO bizneslərin müəyyən bir bölgədə axtarış nəticələrində üst sıralarda yer almasını təmin edən optimizasiya strategiyasıdır. 

Ənənəvi SEO-dan fərqli olaraq, Lokal SEO spesifik coğrafi mövqelərə fokuslanır və yerli müştərilərlə əlaqə qurmağı asanlaşdırır.

Məsələn, bir istifadəçi “stomatoloji klinika baku” və ya “stomatoloji klinika” axtarışı etdikdə Google Business Profilini düzgün optimallaşdıran, ad, ünvan, telefon nömrəsini düzgün şəkildə yerləşdirən və müsbət müştəri rəylərinə malik olan biznesləri SERP-də ilk sıralarda görəcək.

Lokal SEO-nun tərif və izahı

Lokal SEO Niyə Vacibdir?

Təsəvvür edin ki, Bakıda bir suşi restoranına sahibisiniz. Restoranınızda yüksək keyfiyyətli dəniz məhsulları, ənənəvi Yapon mətbəxi və müasir təqdimatlar təklif edirsiniz. 

Lakin, satışlarınız və xidmətinizdən yararlanan o qədər də çox deyil. Çünki, insanlar “suşi restoranı” və ya “yapon restoranı” axtararkən sizin restoranınız nəticələrdə görünmür.

Əgər restoranınız axtarış nəticələrində görünmürsə, necə yeni müştərilər cəlb edəcəksiniz?

İndi isə başqa bir suşi restoranını düşünək. Onlar Google Business Profillərini tam optimallaşdırıblar, menyularını onlayn yerləşdiriblər, müştərilərdən aktiv şəkildə rəy toplayıblar və sosial mediada aktivdirlər. 

Deməli, bir müştəri “suşi restoranı” və ya “yapon restoranı” axtarışı etdikdə məhz bu restoran ilk sıralarda görünəcək. Nəticə olaraq, axtarış edən hər 100 nəfərdən ən azı 60-70 nəfər ən azı bir dəfəsə də olsun, bu məkana baş çəkəcək.

İndi isə sualımızın cavabına başqa tərəflərdən baxaq.

1. İnsanlar sizi daha rahat tapacaq

“Hubspot” məlumat verir ki, statistikalara əsasən, “Google”da axtarışların 46%-i yerli bizneslər və xidmətlərdən yararlanmaq üçün edilir.

Bu o deməkdir ki, insanlar yaxınlıqda ehtiyac duyduqları məhsul və ya xidməti tapmaq üçün aktiv şəkildə axtarış aparırlar. Əgər bir xidmət xəritələrdə və axtarışlarda görünməsə, potensial müştərilər onu tapa bilməz. 

2. İnsanlar sizə daha çox etibar edəcək

“BrightLocal” isə qeyd edir ki, istifadəçilər yüksək reytinqi və müsbət rəyləri olan bizneslərə daha çox güvənir. 42% istehlakçı yazılmış rəyləri ailə və dostlardan gələn tövsiyələr qədər etibarlı hesab edir. Say heç də az deyil, hardasa insanların yarısı bunu belə hesab edir.

3. Daha çox satış edəcəksiniz

Statistikalarla fikrimizi əsaslandırmağa davam edək. “SEO Tribunal”ın məlumatlarına əsasən, mobil cihazlardan edilən yerli axtarışların 78%-i 24 saat ərzində bir alış-verişlə nəticələnir. Yəni ki, bir müştəri “bakıda ən yaxşı suşi restoranı” və ya “suşi çatdırılması” axtardıqda, o artıq qərar verməyə hazırdır. Əgər biznes ilk sıralarda yer alırsa, həmin müştərinin restoranı seçmə ehtimalı qat-qat artır.

4. Rəqabətdə üstünlük qazanacaqsınız

Bazarda rəqabət yüksəkdir. Lokal SEO strategiyası olmayan bizneslər bu sahəyə investisiya edən rəqiblərinə müştərilərini uduzur. Ən azı 1-0 hesabı ilə. Yerli axtarış nəticələrində yüksək mövqedə olan bizneslər rəqabətdə üstünlük qazanır. Əgər bir rəqib Google Business profilini optimallaşdırdıqdan sonra müsbət rəylər toplayıb və yerli açar sözlərdən düzgün istifadə edirsə, o, digərlərindən daha çox diqqət çəkəcək

Lokal SEO Necə İşləyir?

Google-un yerli axtarış alqoritmi biznesləri sıralayarkən əsasən üç vacib amili nəzərə alır: məsafə , uyğunluq və nüfuz.

  • Məsafə dedikdə İstifadəçiyə coğrafi baxımdan xidmətin nə qədər yaxın olduğu nəzərə alınır.
  • Uyğunluq isə axtarış sorğusunun məzmunu ilə biznesin təqdim etdiyi xidmət və məlumatlar arasında nə dərəcədə uyğunluq var, bu qiymətləndirir.
  • Nüfuz da biznesin ümumi tanınmışlığı və etibarlılığı, yəni onlayn reytinqlər, rəy sayı, backlinklər və digər reputasiya göstəricilərini özündə əks etdirir.

Lokal SEO-nun Əsas Komponentləri

Elə axtarış nəticələrində də bizim üçün əsas olan Lokal SEO-nun əsas elementlərini görə bilərik. İlk növbədə Google Business Profilinin optimizasiyası. Lokal axtarışlarda görünmək üçün profilin yaradılması və optimallaşdırılması vacibdir. Optimallaşdırma dedikdə, burda biznesinizi yaxşı təsvir etmək, göstərilən xidmətləri qeyd etmək, qiymətlər və s. barədə məlumatlar əks etdirməkdən söhbət gedir.

Açar sözlərdən istifadə də ən əsas iki şərtdən biridir. Məsələn, elə nümunəmizdəki kimi “stomatoloji klinika baku” və ya “bakıda stomatoloji klinika” kimi ifadələr lokal axtarışlarda istifadə edilməlidir.

Müştəri rəyləri isə Google və digər platformalarda müsbət rəylər toplamaq reytinqləri yaxşılaşdırır.

Aşağıda göstərdiyimiz nümunədə isə ilk çıxan nəticənin ən uğurlu və uyğun nəticə olduğunu görə bilərsiniz. Biznes profili düzgün şəkildə optimallaşdırılıb, ad, ünvan və telefon nömrəsi düzgün şəkildə əksini tapıb və 4.8 ulduzlu reytinqə məxsusdur.

Google SERP-də lokal SEO nəticəsi

Lokal SEO Necə Edilir?

Yerli SEO-nu düzgün tətbiq etmək üçün bir neçə əsas addımı yerinə yetirmək lazımdır. Google Business optimizasiyası, yerli açar sözlərin istifadəsi, sayt daxili və sayt xarici optimizasiya, müştəri rəylərinin idarə edilməsi və yerli backlink strategiyaları bu prosesin əsas hissələridir. 

Aşağıda Lokal SEO strategiyasını uğurla həyata keçirmək üçün əsas addımları sizin üçün sıralayırıq.

Lokal SEO-nun tələb etdiyi faktorlar

1. Google Business profilini optimizasiya edin

Google Business yerli axtarış nəticələrində yüksək mövqe tutmaq üçün ən vacib amillərdən biridir. 

Biznes profilinizi tam şəkildə doldurun. Ad, ünvan, telefon nömrəsi, iş saatlarınızı dəqiq şəkildə təqdim edin.

Düzgün kateqoriyalar seçin. Sizin biznesinizə ən uyğun olan əsas və əlavə kateqoriyaları əlavə edin.

Yüksək keyfiyyətli şəkillər və videolar paylaşın. Məhsullarınız, iş məkanınız və xidmətlərinizin fotoşəkilləri diqqəti cəlb edir. Müştərilər üçün qərarvermə mərhələsində önəmli rol oynayır.

Müştəri rəylərini toplayın və cavablandırın – Google-un alqoritmi rəy sayını və keyfiyyətini nəzərə alır, ona görə də aktiv şəkildə müsbət rəylər almağa çalışın.

2. Yerli açar sözlərdən istifadə edin

Yerli axtarış nəticələrində mövqe tutmaq üçün doğru açar sözlərdən istifadə etmək vacibdir.

Bunun üçün açar söz araşdırması aparın. Məsələn, suşi restoranının varsa, təkcə “suşi restoranı” açar sözü ilə kifayətlənmək olmaz. Araşdırma aparın, “yapon restoranı”, “yapon yeməkləri” kimi açar sözləri də əlavə edin.

“Long tail” açar sözlərdən istifadə edin. Yəni uzun açar sözlərdən. Konkret ehtiyaclara yönələn ifadələr (məsələn, “Sumqayıtda ucuz avtomobil təmiri”) konversiya şansını artırır.

Açar sözləri məzmun, başlıqlar və meta təsvirlərdə düzgün yerləşdirin. SEO baxımından optimallaşdırılmış səhifələr Google yerli axtarış nəticələrində daha yüksək sıralanır.

3. On-Page SEO edin

Lokal SEO üçün saytınızın optimallaşdırılması Google-un sizi yerli biznes kimi tanımasına və istifadəçilərə daha uyğun nəticələr göstərməsinə kömək edir.

Başlıq (H1, H2) və meta təsvirlərdə açar sözlərdən istifadə edin.

Google Xəritəni veb saytınıza əlavə edin ki, müştərilər sizi rahat tapa bilsin.

Mobil optimizasiya edin, çünki yerli axtarışların 70%-dən çoxu mobil cihazlardan edilir.

4. Müştəri rəylərinə fikir verin

Google və digər axtarış motorları müsbət rəyləri olan biznesləri etibarlı hesab edir. Sıralamada önə çıxarır. Buna görə də müştəri rəyləri Lokal SEO-nun əsas faktorlarından biridir. Müştərilərinizə rəy bildirmək imkanı yaradın və onları rəy yazmağa təşviq edin. Həm müsbət, həm də mənfi rəylərə cavab verin. Bu addım sizin müştəri xidmətlərinə verdiyiniz önəmi göstərir.

5. Yerli backlinklər alın

Google-un nəzərində yerli saytlar tərəfindən verilən backlinklər sizin biznesinizin yerli bazarda nüfuzlu olduğunu göstərir. Yerli xəbər saytlarında və bloqlarda məqalələr yazdırın ki, saytınıza backlink qazanasınız.

5. SEO alətlərindən istifadə edin

Ödənişsiz və ya ödənişli fərq etmir. SEO alətlərindən istifadə etməyə çalışın. İstər açar söz araşdırması, istərsə də on-page SEO kimi önəmli addımlarda bu alətlər sizə kömək edəcək.

Nəticə

Lokal SEO bizneslərin yerli müştərilərə daha asan çatması, xəritələrdə və axtarış nəticələrində üst sıralarda görünməsi üçün vacibdir. 

Google Business Profilinin optimizasiyası, yerli açar sözlərdən istifadə, müştəri rəylərinin idarə edilməsi və yerli backlink qurulması uğurlu Lokal SEO strategiyasının əsas elementləridir.

Düzgün tətbiq edilən yerli SEO biznesin rəqiblərdən üstün olmasını, yerli bazarda tanınmasını və satışlarının artmasını təmin edir. Kiçik və orta bizneslər üçün yeni müştərilər qazanmağın ən təsirli yollarından biridir.

Biznesinizin yerli axtarış nəticələrində yüksək mövqe tutması və daha çox müştəri cəlb etməsi üçün peşəkar Lokal SEO xidmətləri təqdim edirik.

Burada