Marketinq agentliyi nədir?
Marketinq agentliyi bizneslərə daha geniş auditoriyaya çatmaq, brendi tanıtmaq və satışları artırmaq üçün peşəkar marketinq strategiyaları təklif edən şirkətdir.
Peşəkar marketinq agentliyi bazar araşdırmaları aparır, rəqib analizi edir, istifadəçi davranışlarını təhlil edir və biznesə uyğun fərdi marketinq strategiyaları hazırlayır.
Göstərilən xidmətlər isə, əsasən, rəqəmsal marketinq xidmətləri, sosial media marketinqi, SEO, məzmun marketinqi və ödənişli reklam kampaniyalarını əhatə edir.

Marketinq agentlikləri hansı xidmətləri təklif edir?
Rəqəmsal və ənənəvi marketinq strategiyalarını uğurla həyata keçirmək üçün bir çox şirkət marketinq agentliklərinə müraciət edir.
Amma əksər hallarda sahibkarlar və marketinq menecerləri bu agentliklərin konkret olaraq nə kimi xidmətlər təklif etdiyini tam bilmirlər.

Bu hissədə təklif olunan əsas marketinq xidmətlərinin nəyə fokuslandığına nəzər salacayıq:
- SEO xidməti: Saytın Google və digər axtarış sistemlərində üst sıralarda çıxması üçün texniki və məzmun optimizasiyasını əhatə edir.
- Ödənişli reklamlar və ya PPC xidməti: Google Ads, Meta Ads kimi platformalarda reklam kampaniyalarının qurulması və optimallaşdırılmasından ibarət olan xidmət növüdür.
- Sosial media marketinq xidməti: Facebook, Instagram, TikTok və digər şəbəkələrdə kontent yaradılması, paylaşılması və reklama verilməsi kimi sahələri əhatə edir.
- Kontent marketinq xidməti: Bloqlar, veb-sayt kontentləri, sosial media strategiyası və video məzmunlar yaratmaq təklif olunan ən məşhur marketinq xidmətləridir.
- Email Marketinq xidməti: Email kampaniyalarının hazırlanması və performansların ölçülməsi bu xidmətə daxildir.
- Qrafik dizayn xidməti: Sosial media postları, reklam bannerləri, broşur və digər vizual materialların yaradılmasından ibarətdir.
- Brendinq xidməti: Loqo, rəng, font və markanın vizual kimliyinin formalaşdırılması, marka strategiyasının qurulmasıdır.
- UI/UX dizayn xidməti: İstifadəçi yönümlü interfeyslərin dizaynı və istifadə təcrübəsinin analizi və optimallaşdırılması UI/UX dizayn xidmətinin başlıca vəzifəsidir.
- Web development xidməti: Veb-sayt və e-ticarət platformalarının hazırlanması, texniki dəstək bu xidmətə aiddir.
Marketinq agentliklərinin növləri
Bazarda fərqli funksiyalara malik bir çox agentlik növü mövcuddur. Bu şirkətlər isə ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb. Odur ki, gəlin bir neçə növə nəzər salaq.
1. 360 marketinq agentlikləri
Bu cür agentliklər şirkətlərə çox müxtəlif marketinq xidmətləri təqdim edir. Onlar brend yaratmaqdan tutmuş, rəqəmsal reklam kampaniyaları keçirmək, sosial media hesablarını idarə etmək, SEO və kontent hazırlamaq kimi bir çox işi yerinə yetirirlər.
Bu agentliklər sizə bütün marketinq ehtiyaclarınızı bir yerdən qarşılamağa kömək edir. Həm də strategiyanızın bütün hissələrinin bir-biri ilə uyğun şəkildə işləməsini təmin edirlər.
2. Rəqəmsal marketinq agentlikləri
İstənilən rəqəmsal marketinq agentlyi yalnız internet üzərindən görülən işlərdə ixtisaslaşıblar. Onlar SEO, ödənişli reklamlar (PPC), sosial media menecmenti, email marketinq və analiz xidmətləri təklif edirlər.
Onların üstünlüyü ondadır ki, rəqəmsal sahəyə yaxşı bələddirlər və bu sahədə daha dərindən çalışırlar. Eyni zamanda müasir texnologiyalardan istifadə edirlər və işlərini yeni alətlərlə həyata keçirirlər.
3. SEO agentlikləri
Rəqəmsal marketinq agentliyinin bir qolu olan bu agentliklər saytınızın axtarış sistemlərində (məsələn, Google) daha ön sıralarda çıxmasına kömək edir. SEO mütəxəssisləri açar sözlərin tapılması, texniki SEO, link building və məzmunun düzgün şəkildə tənzimlənməsi kimi işlər görürlər.
SEO agentlikləri saytına daha çox ziyarətçi cəlb etmək istəyən və uzunmüddətli uğur üçün plan quran şirkətlər və şəxslər üçün uyğundur.
4. Sosial media agentlikləri
Azərbaycanda ən çox rast gəlinən marketinq agentliklərindən biri sosial media (SMM) agentlikləridir. Adından da göründüyü kimi, bu agentliklər əsasən sosial şəbəkələr üçün məzmun hazırlamaqla məşğuldurlar. Paylaşımların dizaynı, mətnləri və reklamların yerləşdirilməsi onların əsas fəaliyyət sahələridir.
Bu cür agentliklər sosial media sahəsində ixtisaslaşır və reklam yerləşdirmə, post hazırlığı, hətta videoların çəkilişi kimi işlərdə sizə dəstək olur.
5. Kreativ agentliklər
Bu agentliklər bir markanın görünüşünü və insanlarda yaratdığı hissləri formalaşdırmağa kömək edir. Loqo hazırlanması, brendin vizual üslubu və marketinq üçün dizayn işləri ilə məşğul olurlar.
Əgər yeni bir marka yaratmaq istəyirsinizsə və ya mövcud markanızı yeniləmək (rebrendinq) niyyətindəsinizsə, bu agentliklər sizə uyğun olacaq.
6. Performans marketinq agentlikləri
Bu agentliklər gördükləri işin nəticəsinə əsaslanaraq strategiyalar qururlar. Onların əsas məqsədi klik, qeydiyyat və satış kimi konkret nəticələr əldə etməkdir. ROI onlar üçün ən vacib göstəricidir. Xüsusilə onlayn satışla məşğul olan şirkətlər və qısa müddətdə satış nəticəsi əldə etmək istəyənlər üçün çox faydalıdır.
Marketinq agentliyi ilə işləməyin üstünlükləri
Marketinq agentliyi ilə işləmək bizneslərə daha peşəkar, sistemli və effektiv marketinq strategiyalarından faydalanmaq imkanı yaradır.
Xüsusilə marketinq xidmətləri sahəsində təcrübəsi olmayan şirkətlər üçün bu böyük üstünlükdür.
Agentliklər ixtisaslı və təcrübəli komandaları ilə fərqlənir. SEO, PPC, sosial media marketinqi və məzmun yaradılması kimi sahələrdə dərin biliklər tələb olunur. Peşəkar komanda isə hər bir biznes üçün xüsusi strategiya hazırlayaraq maksimum nəticə əldə etməyə kömək edir.
Büdcəyə qənaət etmək baxımından da agentliklər çox zaman əlverişli olur. Daxili marketinq komandasını işə götürmək və onları inkişaf etdirmək üçün yüksək maliyyə vəsaiti tələb olunur.
Texnologiya və analitika imkanları da üstünlüklərdən biridir. Marketinq strategiyalarının uğurunu ölçmək və təkmilləşdirmək üçün müxtəlif analiz alətlərindən istifadə olunur. Belə komandalar alətlərə malik olduğu üçün reklam kampaniyalarının effektivliyini daha yaxşı dəyərləndirə və lazım olduqda optimizasiya edə bilir.
Elastiklik qabiliyyəti də xidmətlərdən yararlanmaq üçün əsas səbəblərdəndir. Marketinq ehtiyacları zamanla dəyişə bilər və biznes böyüdükcə daha geniş miqyaslı strategiyalar tələb oluna bilər.
Marketinq agentliyi ilə işləmək, yoxsa daxili komanda yaratmaq?
Hər biznes marketinq strategiyasını inkişaf etdirmək üçün iki əsas seçim qarşısında qalır: daxili marketinq komandasını qurmaq və ya peşəkar marketinq agentliyi ilə əməkdaşlıq etmək?
Hər iki yanaşmanın öz üstünlükləri və çatışmazlıqları var. Düzgün seçim etmək biznesin ehtiyaclarına və resurslarına bağlıdır.
Daxili komanda yaratmaq müəssisəyə marketinq prosesləri üzərində daha çox nəzarət imkanı verir. İşçilər brendin və şirkətin məqsədlərini daha yaxşı anlaya bilir.
Ancaq bu yanaşma xeyli xərc tələb edir. İşçilərin maaşları, sosial təminatlar, təlimlər və lazımi marketinq alətləri üçün böyük investisiyalar etmək lazımdır.
Bundan əlavə, rəqəmsal marketinq sürətlə inkişaf edir və trendləri daim izləmək üçün mütəxəssislərin davamlı təlim keçməsi vacibdir.
Agentlik xidmətləri isə daha çevik və qənaətcil alternativdir. Agentliklər müxtəlif sahələr üzrə mütəxəssis komandalarına malikdir.
SEO, PPC, sosial media marketinqi və analitika kimi rəqəmsal marketinq xidmətləri təqdim edirlər.
Bizneslər agentliklərlə işləyərək onların illərlə qazandığı təcrübədən və inkişaf etmiş marketinq alətlərindən faydalana bilirlər.
Bundan əlavə, agentliklər ehtiyaclara uyğun olaraq strategiyanı uyğunlaşdıra və optimallaşdıra bilirlər ki, bu da bizneslərin dəyişən bazar şəraitinə tez uyğunlaşmasına kömək edir.
Ümumiyyətlə, bu seçimi edərkən müəssisənin hədəfləri, resursları və marketinq ehtiyacları nəzərə alınmalıdır. Əgər biznes marketinq fəaliyyətlərini tam nəzarətdə saxlamaq və uzunmüddətli perspektivdə daxili komanda qurmaq istəyirsə, öz işçilərini yetişdirmək məqsədəuyğundur.
Ancaq daha çevik, səmərəli və daha az maliyyət tələb edən bir həll axtarırsınızsa, kənardan xidmət almaq ən optimal variantdır.
Biznesiniz üçün düzgün marketinq agentliyi necə seçməli?
3 əsas nüansa nəzər salaraq sizin üçün ən uyğun tərəfdaşınızı tapa bilərsiniz.
1. Məqsədləriniz
İlk addım biznesinizin ehtiyaclarını və məqsədlərini müəyyən etməkdir.
Siz SEO strategiyanızı gücləndirmək, sosial media hesablarınızı inkişaf etdirmək, yoxsa ödənişli reklam kampaniyalarınızı optimallaşdırmaq istəyirsiniz?
Müəyyən etdiyiniz məqsədlər seçəcəyiniz rəqəmsal marketinq xidmətləri üçün əsas istiqamət olacaq.
2. Agentliyin peşəkarlığı
Uğurlu marketinq agentliyi layihələri, müştəri rəyləri və əldə etdiyi nəticələrlə tanınır.
Agentliyin təklif etdiyi işləri nəzərdən keçirin, onların hansı sektorlarda uğurlu olduğunu öyrənin.
Müştəri məmnuniyyəti və real nəticələr agentliyin etibarlılığını göstərən əsas amillərdən biridir.
3. Kommunikasiya və hesabat sistemi
Marketinq strategiyanızın uğurunu izləmək üçün agentliyin mütəmadi olaraq analitik hesabatlar təqdim etməsi vacibdir.
Şəffaf kommunikasiya və aydın məlumatlandırma olmadan, marketinq kampaniyanızın effektivliyini ölçmək çətin olacaq.
Əmin olun ki, seçdiyiniz şirkət sizinlə açıq və mütəmadi əlaqə saxlayır.
Nəticə
Düzgün marketinq agentliyi seçmək biznesinizin inkişafı və satışlarınızın artması üçün mühüm rol oynayır. Peşəkar rəqəmsal marketinq xidmətləri brendinizi gücləndirmək, müştəri bazanızı genişləndirmək və rəqabətdə üstünlük qazanmaq üçün vacibdir.
Uğurlu seçim üçün agentliyin təcrübəsini, müştəri rəylərini və xidmət keyfiyyətini araşdırın. Strateji yanaşma və effektiv ünsiyyət quran bir marketinq agentliyi ilə əməkdaşlıq edin.