Marketinq müştəri ehtiyaclarını müəyyən etmək və bu ehtiyacları qarşılayan həllər təqdim etmək prosesidir.
Məhsulun tanıdılması, markanın hekayəsinin çatdırılması, alıcı ilə ünsiyyət qurulması, doğru mesajın doğru insanlara çatdırılması əsas vəzifədir.
Daha sadə ifadə ilə desək, bizneslə müştəri arasında körpü rolunu oynayır.

Marketinqin məqsədi nədir?
Marketinqin əsas məqsədi bizneslə potensial müştəriləri arasında əlaqə yaratmaqdır.
Burada əsas məsələ müştərinin ehtiyacını düzgün başa düşmək və məhsulu həmin ehtiyacı qarşılayan ən yaxşı həll kimi təqdim etməkdir.
Effektiv marketinq bizneslərə aydın dəyər təklifi yaratmağa kömək edir. Dəyər təklifi məhsulun hansı problemi həll etdiyini, hansı üstünlüklər təqdim etdiyini və niyə rəqiblərdən daha yaxşı olduğunu izah edir.
Eyni zamanda müştəri əlaqələrini gücləndirir, alıcıları yalnız bir dəfə deyil, dəfələrlə alış-veriş etməyə təşviq edir. Loyallıq yaradır.
Marketinq niyə vacibdir?
Marketinq böyümək, rəqabətdə qalmaq və müştəri bazasını genişləndirmək istəyən hər bir biznes üçün vacibdir.
Çünki bu xidmət insanların sizin marka haqqında nə düşündüklərini və nə gözlədiklərini formalaşdırır.
Ətraflı düşünülmüş marketinq strategiyası məhsul və xidmətin xüsusiyyətlərinə və hədəf auditoriyanın ehtiyaclarına uyğun olmalıdır. Yaxşı hazırlanmış strategiya sizə aşağıdakı məqsədlərə nail olmaqda kömək edəcək:
1. Müştəriləri məlumatlandırmaq
Rəqabətli bazarda istehlakçılar niyə məhz sizin biznesinizi seçməli olduqlarını bilməlidir.
Həmçinin siz müştərilərə biznesinizin hansı problemləri həll etdiyini, məhsullarınızın hansı üstünlüklərə malik olduğunu çatdıra bilərsiniz.
2. Müştəriləri cəlb etmək və əlaqələri gücləndirmək
Marketinq fəaliyyətləri ilə müştəriləriniz üçün yaddaqalan təcrübə yarada bilərsiniz. Məqsəd ilk dəfə alış-veriş edən müştəriləri uzunmüddətli və sadiq müştərilərə çevirməkdir.
Bunun üçün Azərbaycanda sosial media marketinqi çox yaxşı başlanğıc nöqtəsidir. Sosial media izləyiciləri brendlə müəyyən müddət qarşılıqlı əlaqədə olduqdan sonra brendin saytına və ya tətbiqinə daxil olmaq ehtimalları yüksəkdir.
Sosial media platformalarında postlar və hekayələr paylaşmaqla müştərilərinizlə davamlı ünsiyyətdə qala bilərsiniz.
3. Brendin nüfuzunu artırmaq
Marketinq mütəxəssisi brend nüfuzunun vacibliyini yaxşı bilir. Çünki istehlakçıların satınalma qərarına birbaşa təsir edir.
Effektiv marketinq fəaliyyətləri brendinizin reputasiyasını gücləndirir və missiyanızı daha çox insana çatdırmağa imkan yaradır.
4. Satışları artırmaq
Bütün şirkətlərin əsas məqsədi demək olar ki, satışları artırmaq və qazanmaqdır. Əvvəllər ağızdan-ağıza yayılan “reklamlar”la bunu etmək mümkün idi. Ancaq indi demək olar ki, hər şey marketinqin əlindədir. Buna görə marketinq satışları artırmaq və qazanc gətirmək üçün ən effektiv alətlərdən biri hesab olunur.
5. Şirkətinizi böyütmək
Effektiv və strateji marketinq biznesinizin gəlirlərini artırır. Uğurlu bir biznes müştərilərini maarifləndirir, əlaqəni gücləndirir, nüfuzunu artırır və satış proseslərini strateji şəkildə idarə edir. Şirkətlərin yeni müştərilər əldə edərək davamlı inkişaf etməsini təmin edən əsas alətlərdən biridir.
Marketinqin tarixi
Qədim dövrlərdən başlayaraq marketinq cəmiyyət həyatının bir hissəsi olub. Hətta bu fəaliyyət keçmişdə xüsusi olaraq belə adlandırılmasa da mövcud idi.
Tarix boyu bir çox tacirlər məhsullarını müəyyənləşdirib, yerləşdirib, qiymətləndirib və reklam edib. Əslində özləri bilmədən marketinq ediblər.
Ən məşhur nümunələrdən biri də “ağızdan-ağıza” marketinq üsuludur.
Marketinqin inkişafını sürətləndirən ən vacib yeniliklərdən biri 1450-ci ildə Qutenberq çap maşınının ixtirası olub. Bu ixtira rabitəni kökündən dəyişib. İnformasiyanın yayılmasını asanlaşdırıb.
Bir çox nəzəriyyəçiyə görə marketinq əsl inkişafını sənaye inqilabı zamanı (18-ci əsrin sonları) kütləvi istehsalın başlaması və rəqabətin artması ilə tapıb.
Bir neçə şirkətin və manufakturanın oxşar məhsul təklif etməsi nəticəsində şirkətlər məhsullarını sadəcə satmaqdan daha artığını etməli olublar. Həmin dövr üçün artıq məhsulları bazarda yerləşdirmək, doğru qiymət siyasəti aparmaq və təşviqat vasitələri seçmək qaçılmaz idi.
Gəlin tarix ərzində bu sahənin inkişafına təkan vermiş əsas hadisələrə nəzər salaq.
İl | Hadisə |
1450 | Qutenberq çap maşınını ixtira edir. Bu ixtira informasiyanın yayılmasında inqilabi dönüş yaradır. |
1609 | Dünyanın ilk qəzeti Almaniyada çap olunur |
1741 | İlk jurnal çap edilir: “The Gentleman’s Magazine”. |
1839 | Londonda küçə posterlərindən reklam məqsədilə istifadə qanunsuz elan edilir. |
1867 | İlk dəfə bir bilbord reklam məqsədilə kirayələnir. |
1922 | Radio vasitəsilə ilk kommersiya reklamı yayımlanır. |
1941 | Televiziyada ilk reklam yayımlanır. |
1967 | Filip Kotlerin məşhur “Marketinq Menecment” kitabı nəşr olunur. Bu kitab marketinq nəzəriyyəsinin əsas sütunlarından biri sayılır. |
1970 | “Telemarketinq” termini ilk dəfə istifadə olunur. |
1971 | Dünyanın ilk e-poçtu göndərilir. |
1981 | İlk fərdi kompüter (PC) bazara təqdim olunur. |
1994 | İnternet üzərindən ilk satış baş tutur (Sting-in CD-si “Ten Summoner’s Tales”). |
1995 | İlk axtarış sistemi “Altavista” istifadəyə verilir. |
1998 | “Google” öz axtarış sistemini təqdim edir. |
2000 | “Google AdWords” platforması fəaliyyətə başlayır (cəmi 350 reklamverənlə). |
2003 | “WordPress” və “LinkedIn” istifadəyə verilir. |
2004 | Facebook fəaliyyətə başlayır. |
2005 | “Google Analytics” və “YouTube” yaradılır. |
2007 | 3G texnologiyası geniş yayılır və mobil internet istifadəsi artır. |
2009 | “WhatsApp” tətbiqi istifadəyə verilir. |
2010 | “Instagram” platforması yaradılır. |
2016 | “Tiktok” istifadəyə verilir. |
2017 | Mobil telefonlar Braziliyada internetə çıxışın əsas vasitəsinə çevrilir (qlobal tendensiyanın göstəricisi kimi qeyd olunur). |
2018 | Onlayn alış-verişin populyarlığı sürətlə artır. Elektron ticarət ümumi satışlarda daha çox paya sahib olur. |
2020 | “COVID-19” pandemiyası şirkətlərin rəqəmsal transformasiyasını sürətləndirir. |
2022 | Pandemiyadan əvvəlki dövrlə müqayisədə e-ticarət gəlirləri 785% artır. |
Marketinqdə 4P nədir?
Marketinqin əsasını təşkil edən 4P konsepsiyası məhsul, qiymət, məkan və təşviqat elementlərindən ibarətdir.
Bu elementlər birlikdə marketinq miksini təşkil edir. Məhsulun yaradılması, qiymətləndirilməsi, təqdimatı və müştəriyə çatdırılmasını əhatə edir.

1. Məhsul (Product)
Məhsul müştəri ehtiyacını qarşılamaq məqsədilə təqdim olunan mal, xidmət və ya təcrübədir. Effektiv marketinqin təməlində müştəri üçün dəyər yaradan məhsul dayanır.
2. Qiymət (Price)
Qiymət müştərinin məhsul və ya xidmət üçün ödədiyi məbləğdir. Bura təkcə məbləğ yox, həm də ödəniş üsulları və şərtləri daxildir. Qiymət strategiyası brendin bazardakı mövqeyi və təqdim etdiyi dəyər təklifi ilə sıx bağlıdır.
Kotlerə görə qiymət təkmüddətli və ya hissəli (məsələn, aylıq ödənişlə) ola bilər. Qiymət marketinq miksinin gəlir gətirən yeganə elementidir. Şirkətin bazar payı və rentabelliyi baxımından həlledici rol oynayır.
Sadəcə istehsal və reklam xərclərini toplamaqla qiymət təyin edilmir. Qiymət həm də psixoloji dəyər, rəqib təhlili, müştərinin ödəməyə hazır olduğu məbləğ, və bazardakı yer kimi amillərlə müəyyən edilir.
Məhsulun qiyməti:
- Müştərini qane etməli
- Brendin imicini qorumalı
- Kapital dövriyyəsinə zərər verməməlidir
3. Məkan (Place)
Məkan məhsul və ya xidmətin müştəriyə necə çatdırıldığını əhatə edir.
Bu fiziki satış nöqtələri, paylama kanalları, onlayn platformalar və logistika daxil olmaqla bir çox amildən asılıdır.
Yaxşı yer seçimi üçün aşağıdakılar vacibdir:
- Hədəf auditoriyanın harada olduğunu bilmək
- Ən uyğun kanalları seçmək (fiziki və ya rəqəmsal)
- Məhsulun görünməsini təmin etmək
4. Təşviqat və ya reklam (Promotion)
Təşviqat məhsul və ya xidmətin müştərilərə tanıdılması və satışa təşviq olunmasıdır. Kotler təşviqatın məqsədini belə izah edir: potensial müştərilərlə əlaqə qurmaq və satış imkanlarını genişləndirmək.
Təşviqat strategiyası reklam, ictimaiyyətlə əlaqələr (PR), sosial media marketinqi, e-poçt kampaniyaları, və endirimlər kimi vasitələrlə həyata keçirilir. Əsas məqsəd brendin tanıdılması və onun auditoriyanın istək və ehtiyaclarını necə qarşıladığını göstərməkdir. Bu hissəni başa düşmək üçün bir necə vacib suala nəzər salmaq lazımdır.
- Rəqiblər məhsullarını necə reklam edir?
- Satış imkanlarından necə istifadə edə bilərsiniz?
- Hansı kanallar (TV, internet, çap, radio) və PR üsulları sizin üçün daha uyğundur?
- Mesajlarınızı hansı dildə, üslubda və tonda təqdim etməlisiniz?
Marketinqin 3 növü
Marketinq müxtəlif üsul və strategiyalardan ibarət geniş bir sahədir. Hər biznes üçün uyğun strategiya fərqli ola bilər. Məqsəd, auditoriyanı düzgün şəkildə müəyyən etmək və uyğun marketinq növü seçərək onlarla effektiv ünsiyyət qurmaqdır.
Marketinq 3 növdən ibarətdir: Rəqəmsal marketinq, ənənəvi marketinq və neyromarketinq.

1. Rəqəmsal marketinq və növləri
Rəqəmsal marketinq müştərilərlə əlaqə yaratmaq və məhsul tanıtmaq üçün rəqəmsal platformalardan istifadə edir.
Bu üsul bizneslər üçün effektiv, ölçülə bilən və qənaətcil üsul hesab edilir.
SEO xidməti
SEO xidməti veb-saytların Google kimi axtarış motorlarında yüksək mövqelərə çıxarılmasına yönəlmiş strategiyadır.
Burada əsas məqsəd, sayta daha çox orqanik (ödənişsiz) ziyarətçi cəlb etməkdir. SEO uzunmüddətli marketinq strategiyası hesab olunur.
Kontent marketinq
Kontent marketinq auditoriyanı cəlb etmək və maarifləndirmək məqsədilə dəyərli məzmunların (bloq yazıları, videolar, infoqrafiklər, e-kitablar) hazırlanıb paylaşılmasıdır
Bu yanaşmanın əsas məqsədi auditoriya ilə uzunmüddətli və güclü əlaqələr yaratmaqdır.
Sosial media marketinqi
Sosial media marketinqi Instagram, Facebook, LinkedIn kimi platformalarda istifadəçilərlə qarşılıqlı əlaqə yaratmağa imkan verir.
Məqsəd auditoriyanın diqqətini cəlb etmək, brendi tanıtmaq, satışı artırmaq və müştəri münasibətlərini gücləndirməkdir.
PPC və ya ödənişli reklamlar
PPC marketinq modeli reklam verənlərin reklamlara edilən hər klik üçün müəyyən ödəniş etdiyi üsuldur.
Google Ads, Meta ads və bənzəri platformalar vasitəsilə tətbiq olunur. Bu üsul dərhal trafik və satış əldə etmək üçün idealdır.
Email marketinq
Email marketinq müştərilərlə fərdi əlaqə yaratmağa imkan verir.
Bu üsul vasitəsilə müştərilərə yeniliklər, kampaniyalar və fərdi təkliflər çatdırılır. E-poçt vasitəsilə əlaqə yaratmaq, müştəri sədaqətini artırmaq üçün effektiv üsullardan biridir.
Video Marketinq
Video marketinq, məhsul və xidmətlərin video vasitəsilə auditoriyaya təqdim edilməsidir. YouTube, Instagram və TikTok kimi platformalar vasitəsilə məhsulların nümayişi və müştəri rəylərinin paylaşılması mümkündür.
Video formatı istifadəçilərin diqqətini cəlb etmək və brendlə bağlı müsbət emosiyalar yaratmaq üçün xüsusilə faydalıdır.
2. Ənənəvi marketinq və növləri
Günümüzdə rəqəmsal üsullar ön planda olsa da, ənənəvi marketinq üsulları hələ də effektivliyini qoruyur.
Bu üsullar xüsusilə lokal auditoriyaya çatmaqda və daha geniş əhatəli kampaniyalar üçün çox təsirli hesab olunur.
Çap marketinqi
Çap marketinqi qəzet, jurnal, broşür, buklet və digər çap materialları ilə həyata keçirilir. Bu vasitələr bizneslərin mesajlarını əyani şəkildə auditoriyaya çatdırmasına imkan verir. Çap materialları brend haqqında məlumatı daha ətraflı və təsirli şəkildə çatdırmağa şərait yaradır.
Televiziya və radio marketinqi
Televiziya və radio reklamları qısa müddətdə geniş auditoriyaya çatmaq üçün istifadə olunur. Televiziya reklamları vizual və emosional təsiri ilə seçilir və insanların yaddaşında uzunmüddətli təəssürat yarada bilir. Radio reklamları isə daha sərfəli qiymətə çox sayda insana çatmağı təmin edir.
Açıq hava reklamları
Açıq hava reklamları küçələrdəki bilbordlar, ictimai nəqliyyat üzərindəki reklamlar, bannerlər və plakatları əhatə edir. Bu reklamlar insanların diqqətini cəlb etmək üçün böyük və yaradıcı təsvirlərdən istifadə edir və brendin daha çox görünməsinə imkan yaradır.
3. Neyromarketinq
Neyromarketinq marketinq fəaliyyətlərini insan beyninin necə qəbul etdiyini araşdıran yeni bir sahədir.
Bu sahədə əsas məqsəd istehlakçıların şüuraltı və emosional reaksiyalarını analiz etmək və beləliklə daha təsirli marketinq mesajları yaratmaqdır.
Neyromarketinqdə rənglər, musiqi, şəkillər və sözlərin insan beynində yaratdığı reaksiyalar incələnir.
İstehlakçıların qərarvermə prosesini daha dərindən anlamaq üçün göz, üz ifadələrinin analizi və beyin dalğalarının ölçülməsi kimi üsullar tətbiq olunur.
Nəticədə markalar istehlakçılarla daha dərin emosional bağ yarada bilir və daha effektiv kommunikasiya üsulları hazırlaya bilir.
Marketinq ixtisası
Marketinq ixtisası universitetlərdə tədris olunan, tələbələrə marketinqin əsaslarını və strategiyalarını öyrədən akademik təhsil istiqamətidir.
Bu ixtisas biznes və yaradıcılığı birləşdirərək tələbələrə istehlakçı davranışı, reklam strategiyaları, bazar araşdırmaları və kommunikasiya bacarıqlarını öyrədir.
Marketinq ixtisasında tələbələr rəqəmsal marketinq, brend idarəetməsi, reklam kampaniyaları və bazar analitikası kimi fənlər üzrə təhsil alırlar.
Proqram həm nəzəri, həm də praktiki bacarıqlar qazandırmağa yönəlmişdir.
Bu sahə üzrə məzun olanlar üçün karyera imkanları genişdir. Onlar marketinq agentliklərində, müxtəlif şirkətlərin marketinq departamentlərində və ya reklam sahələrində işləyə bilər.
Əsas vəzifələr arasında brend meneceri, sosial media mütəxəssisi, bazar analitiki və reklam kampaniyalarının idarəedicisi vəzifələri ön plandadır.
Marketinq ixtisası həmçinin tələbələrə biznes dünyasında uğur qazanmaq üçün vacib olan kommunikasiya və strateji düşüncə bacarıqlarını qazandırır.
Nəticə
Marketinq sadəcə məhsul və xidmətləri tanıtmaqdan daha artığını ifadə edir.İinsanların ehtiyaclarını anlamaq, dəyər yaratmaq və uzunmüddətli əlaqələr qurmaqdır.
İstər rəqəmsal, istər ənənəvi üsullarla olsun, effektiv marketinq hər bir biznesin inkişafında mühüm rol oynayır və brendin doğru auditoriyaya çatmasını təmin edir.