Rəqəmsal marketinq və ya digital marketinq rəqəmsal ekosistemdə həyata keçirilən bütün marketinq və reklam fəaliyyətlərini əhatə edir.
Bura SEO, ödənişli reklamlar, sosial media marketinqi, kontent marketinqi və email marketinq kimi müxtəlif istiqamətlər daxildir. Ancaq ümumi məqsəd eynidir. Müxtəlif platformalarda hədəf auditoriyaya çatmaq, onları cəlb etmək və satışa dəstək olmaq.
Ənənəvi marketinqdən fərqli olaraq, rəqəmsal marketinq ölçülə bilən nəticələr təqdim edir, daha fərdi metodlar təklif edir və daha geniş auditoriyaya çatmaq imkanı verir. Bu isə müştərilərlə daha effektiv ünsiyyət və daha güclü təsir yaratmağa şərait yaradır.

Bəs niyə vacibdir? Suala cavab tapmaq üçün bloqumuzda sizinlə ənənəvi marketinqdən nə ilə fərqləndiyindən, həmçinin əsas növlərindən geniş olaraq bəhs edəcəyik.
Getdik!
Ənənəvi marketinqdən fərqləri
Həm rəqəmsal marketinq, həm də ənənəvi marketinq bizneslərin məhsul və xidmətlərini tanıtmaq üçün istifadə olunan üsullardır.
Lakin bu iki yanaşma arasında əsaslı fərqlər mövcuddur. Gəlin, bu fərqlərə nəzər salaq:
İlk fərq əhatə etdiyi kanallar və platformalardır.
- Ənənəvi marketinq: Televiziya, radio, qəzetlər, jurnallar və billboardlar kimi fiziki platformalara əsaslanır.
- Rəqəmsal marketinq: Sosial media, veb-saytlar, e-mail, mobil tətbiqlər və axtarış sistemləri daxil olmaqla bütün onlayn platformaları əhatə edir.
İkinci fərq isə hər iki marketinq üsulunun hədəf kütləyə necə çatmasından ibarətdir.
- Ənənəvi marketinq: Auditoriya təxmini olaraq və gözəyarı müşahidələrə əsasən seçilir. Məsələn, kütləsi daha çox yaşlılardan ibarət olan bir marka böyük ehtimal ki, reklam kanallarından birini qəzet və jurnallar olaraq düşünəcək. Amma təkrar fikirləşəndə həmin şirkət bu reklamı neçə nəfərin görəcəyini və nə qədərinin hədəf kütləsi olduğunu bilməyəcək.
- Rəqəmsal marketinq: Spesifik alət və metodlardan istifadə edərək müəyyən bir demoqrafik qrupu dəqiq şəkildə hədəfləyə bilir. Məsələn, “Meta Ads” ilə “Instagram” və ya “Facebook”da reklamları yaş, cins, maraqlar və davranışlara əsaslanaraq müştəriləri hədəfləməyə imkan verir. Bununla da, məsələn, idman malları satan bir mağaza məhsullarını ancaq potensial alıcılara: idmançılara, mütəmadi idmanla maraqlanan şəxslərə göstərə bilər.
Üçüncü fərq ondan ibarətdir ki, digital marketinqdə nəticələrin ölçülməsi çox dəqiq və effektivdir.
- Ənənəvi marketinq: Yuxarıda qeyd etdiyimiz kimi sadəcə müşahidələrə əsaslanaraq yaradılan kampaniyanın effektivliyini ölçmək çətindir. Nümunə olaraq, bir bilbord reklamının neçə nəfərə çatdığını və onların neçə faizinin alıcıya çevrildiyini müəyyən etmək qeyri-mümkündür.
- Rəqəmsal marketinq: Burada isə vəziyyət kifayət qədər fərqlidir. Onlayn reklam platformalarının təqdim etdiyi analitik alətlər və performans göstəriciləri hər bir reklam verənin köməyinə çatır. Misal üçün, “Google”da verilən reklamların statistika və hesabatlarını “Google Analytics” ilə izləmək kampaniyanın performansını dəqiq ölçmək sadə bir prosesdir.
Keçək dördüncü fərqə. Demək olar ki, hər kəs üçün ən əsas məqamlardan biri olan xərclər və büdcə.
- Ənənəvi marketinq: Televiziya və çap reklamları daha çox maliyyə tələb edə bilir, bu da kiçik bizneslər üçün əlçatmaz olur.
- Rəqəmsal marketinq: 5-10 dollar büdcəsi olan hər bir şəxs və ya biznes öz reklamını ən azından “Facebook” və “Instagram” kimi sosial media platformalarında yayımlaya bilər.
Fərqlər siyahısını daha çox uzada bilərik, ancaq biz beşinci fərqlə siyahımızı sonlandırırıq. “Edit” imkanından danışaq.
- Ənənəvi marketinq: Ya kampaniyanı dəyişdirmək mümkün olmur, ya da daha baha başa gəlir. Düşünün ki, şəhər mərkəzində böyük bir bina üzərində reklam verirsiniz. Dizayn edilir, çapa verilir və sonda nəzərdə tutulan yerdə nümayiş olunur. Bu reklamı 3-5 gün sonra dəyişmək ya da yeni variantda yoxlamaq eyni xərcin yenidən çəkilməsinə səbəb olur.
- Rəqəmsal marketinq: Müasir üsullar isə müasir həllər təklif edir. Siz cəmi bir neçə addımda kampaniyanızı dəyişə bilərsiniz. Bundan başqa təklif olunan üsullarla A/B testləri edə bilərsiniz. A/B testi etməklə siz eyni reklamı minimal büdcə və zaman itkisi ilə fərqli variantlarda yoxlamaq imkanına sahib olursunuz.
Digital marketinqin əsas növləri
Rəqəmsal marketinq təkcə sosial media, ya da “Google”dan ibarət deyil.
Rəqəmsal marketinq uğur əldə etmək üçün paralel olaraq işləyən bir neçə alt sahəni birləşdirən geniş termindir.
Hər biri effektiv rəqəmsal strategiya yaratmaqda özünəməxsus rol oynayır.
Gəlin, bu əsas elementləri araşdıraq:

SEO – Axtarış Mtorlarının Optimizasiyası
SEO veb-saytların “Google” kimi axtarış sistemlərində daha yüksək mövqe tutması üçün optimizasiya prosesidir.
SEO-nun əhəmiyyəti veb-saytları müəyyən məhsul və xidmətləri aktiv şəkildə axtaran istifadəçilərlə əlaqələndirməkdir.
Məsələn, kimsə “kirayə evlər” axtarırsa, həmin açar söz üzrə yaxşı optimizasiya olunmuş veb-sayt, ya da üst sıralarda görünəcək.

Nəticə olaraq, həm axtarışı edən şəxs öz istəyinə uyğun variantı daha asan tapacaq, həm də biznes sahibi xidməti potensial müştərisinə təqdim edəcək.
Bu gün “Google” və oxşar sistemlər sayt optimizasiyasında bir çox elementi nəzərə alır:
- Məzmun keyfiyyəti və unikallığı
- Hədəflənmiş açar söz üçün əsas elementlərin optimallaşdırılması (URL, əsas başlıq, alt başlıqlar)
- İstifadəçiləri cəlbetmə qabiliyyəti (Bu element “Time on Page”, “Bounce Rate” kimi metriklərlə ölçülür)
- “Backlink”lər
- Daxili linkəmə
Yuxarıdakılara əlavə olaraq, saytınızın bütün “back-end” komponentləri olan texniki SEO-ya üstünlük verməlisiniz.
Bura responsivlik və veb-saytın sürəti və s. daxildir. Texniki SEO-nun daha yaxşı təşkil olunması axtarış motorlarına birbaşa kömək edir.
PPC reklamları (Pay-Per-Click)
Ödənişli reklamlar və ya PPC reklamları “Google” kimi platformalarda reklam yerləşdirmək üçün ödənişli marketinq strategiyasıdır.
Alqoritm hər bir mövcud reklamı bir sıra amillərə əsasən prioritetləşdirir.
Məsəl üçün, reklamın keyfiyyəti, açar sözün uyğunluğu, səhifəsinin keyfiyyəti, təklif olunan məbləğ
Ödənişli reklamlar bir şəxs açar söz üzrə sorğu üçün axtarış etdikdə nəticələr səhifəsinin(SERP) yuxarı hissəsində yerləşdirilir.

SMM və ya sosial media marketinqi
İnsanların vaxtını sosial media platformalarında keçirməsi ilə SMM bütün dünyada, eləcə də Azərbaycanda əvəzsiz vasitəyə çevrilib.
Statistikalara əsasən, ölkəmizdə ötən ilin yanvar ayında Azərbaycanda 6,10 milyon aktiv sosial media istifadəçisi olub.
Deməli, respublikamızda təxmini olaraq 60% insan sosial şəbələrdən aktiv olaraq istifadə edir.
Digər 40%-lıq bölgüdə azyaşlıların və yaşlı insanların olduğunu nəzərə alsaq, bizneslər demək olar ki, bütün potensial müştərilərinini sosial mediadan tapa bilər.
Ancaq sosial şəbəkələrin bu qədər məhşur olması hər şey demək deyil, çünki burada sizin də üstünüzə xeyli məsuliyyət düşür: Keyfiyyətli və cəlbedici məzmun yaratmaq, davamlı olaraq kontent yaratmaq və paylaşmaq, müştəri ilə peşəkar əlaqə, doğru sosial şəbəkəni seçmək sizin üçün olduqca vacibdir.
Email marketinq
Email marketinq müştərilərlə əlaqələri qorumaq və potensial müştərilərə yeni təkliflər etmək üçün birbaşa ünsiyyət deməkdir.
Fərdi yanaşmalarla hazırlanmış email kampaniyaları vasitəsilə bizneslər yenilikləri, təklifləri və faydalı məzmunları auditoriyaya uyğun olaraq paylaşa bilər.
Kontent marketinq
Kontent marketinq və ya məzmun marketinqi dəyərli, məlumatlandırıcı və cəlbedici məzmun yaratmağı və paylaşmağı nəzərdə tutur.
Yuxarıda sadalanan hər bir xidmət birbaşa olaraq kontent marketinq ilə birbaşa əlaqəlidir. Ona görə ki, bəhs edilən xidmətlərin hər biri:
- Bloq yazıları
- Reklam mətni
- Post və ya reel brifi
- E-mail mətni
- Video və ya audio transkriptlər
- Rəqəmlər və infoqrafikalar
- Press-relizlər və adınızı saymadığımız onlarla müxtəlif məzmun tələb edir.
Hansı məzmunu yaratmağınızdan asılı olmayaraq kontent marketinqə xüsusi diqqət yetirmək prosesin ən vacib detallarından, bəlkə də, ən birincisidir.
Rəqəmsal marketinq xidməti
Biznesinizi rəqəmsal dünyada tanıtmaq üçün sizə peşəkar digital marketinq xidmətləri təklif edirik.
SEO, kontent marketinq başda olmaqla müxtəlif xidmətlərlə gücümüzü birləşdirməyə hazırıq.
Daha ətraflı məlumat üçün xidmətlərimiz bölməsinə keçid edin!
Nəticə
Rəqəmsal marketinq və ya digital marketinq müasir bizneslərin həyat mənbəyidir. O bizneslərə hədəf auditoriyasını tapmaq, əlaqə yaratmaq və ölçülə bilən nəticələr əldə etmək imkanı verir.
Yalnız doğru rəqəmsal marketinq xidməti ilə bizneslər potensiallarını maksimuma çatdıra və yüksək rəqabətdə sağ qala bilər.