Rəqəmsal marketinq mütəxəssisi rəqəmsal platformalarda məhsul və xidmətlərin tanıdılması üçün strategiyalar hazırlayan və tətbiq edən şəxsdir.
Bu vəzifədə olan şəxs bazar araşdırması apararaq müştərilərin ehtiyaclarını müəyyənləşdirir, məzmun hazırlayır, reklam kampaniyaları yaradır.
Rəqəmsal marketinq mütəxəssisləri adətən SEO, PPC, sosial media marketinqi, kontent marketinqi daxil olmaqla bir neçə sahədə ixtisaslaşır.
Bu məqalədə digital marketinq mütəxəssisinin rolu, əsas bacarıqları və karyera imkanları haqqında ətraflı məlumat verəcəyik.

Rəqəmsal Marketinq Mütəxəssisinin Əsas Vəzifələri
Rəqəmsal marketoloqların əsas vəzifələri SEO, sosial media, ödənişli reklamlar, email marketinqi və analitika kimi sahələri əhatə edir.
İndi isə rəqəmsal marketinq mütəxəssisinin iş fəaliyyətini təşkil edən əsas istiqamətlərinə baxaq.

1. SEO
SEO rəqəmsal marketinqin əsas sütunlarından biridir. Veb-saytın Google və digər axtarış sistemlərində yüksək mövqe tutmasına və nəticədə həm brendin tanınmasına, həm də orqanik trafikin artmasına töhfə verir.
Bu sahədə digital marketinq mütəxəssisinin əsas vəzifəsi açar sözlər üzrə tədqiqat apararaq istifadəçilərin maraq göstərdiyi mövzuları müəyyən etməkdən başlayır. Daha sonra həmin açar sözlər əsasında saytın on-page SEO (meta təsvirlər, başlıqlar, daxili linklər və s.) və off-page SEO (xarici linkləmə və backlink strategiyaları) optimizasiyası həyata keçirilir. Eyni zamanda, saytın texniki SEO standartlarına uyğun işləməsi təmin edilir. Məzmun strategiyası çərçivəsində isə bloq yazıları və digər məzmun növləri planlanaraq hazırlanır, bu da həm istifadəçi marağını artırır, həm də sayta dəyər qatır.
2. Kontent Menecment
Kontent menecment rəqəmsal marketinqdə bütün digər sahələrə yön verən və dəstək olan önəmli sahədir. Bəzən onların əməyi çox göz önündə olmasa da kopirayterin rolu həm kommunikasiya keyfiyyətini artırmaq, həm də satış və konversiyanı stimullaşdırmaqdır. O, məhsul və ya xidmətin dəyərini vurğulayan reklam mətnləri, sosial media postları, e-poçt kampaniyaları üçün başlıqlar və məzmunlar hazırlayır.
3. Sosial Media Menecmenti
Sosial şəbəkələr brendin müştərilərlə əlaqə yaratması üçün ən vacib kanallardan biridir. Bu sahədə rəqəmsal marketinq üzrə mütəxəssislər müxtəlif platformalarda rəqəmsal marketinq strategiyaları həyata keçirir. Bura sosial media postlarının hazırlanması, paylaşılması, reklam kampaniyalarının yaradılması və analitik fəaliyyətlər aiddir. Qısacası, bir şirkətin sosial media ilə bağlı bütün planlarını icra edir və ya icra etməyə kömək edir.
4. Ödənişli Reklam və PPC Kampaniyaları
Ödənişli reklamlar şirkətlərin daha geniş auditoriyaya qısa zamanda çatmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə mütəxəssislər Google Ads və Meta Ads kimi platformalarda hədəflənmiş reklam kampaniyalarını planlayır və həyata keçirir. Reklamların effektivliyini artırmaq məqsədilə A/B testləri apararaq mətnləri və vizual elementləri optimallaşdırır. Eyni zamanda, reklam büdcəsini səmərəli şəkildə idarə edir və kampaniyaların maksimum nəticə verməsi üçün optimizasiya və analitika işlərini davamlı olaraq yerinə yetirir.
5. Email Marketinqi
Müştəri bazasını qorumaq və mövcud əlaqələri gücləndirmək baxımından email marketinqi olduqca vacibdir. Rəqəmsal marketinq mütəxəssisi e-poçt kampaniyaları hazırlayaraq auditoriyanın fərqli ehtiyaclarına uyğun məzmun təqdim edir. O, eyni zamanda Mailchimp kimi bu sahənin tələb olunan alətlərindən anlayışlı olmalıdır..
6. Analitika və Performans Ölçümü
Rəqəmsal marketinq mütəxəssisi kampaniyaların uğurunu qiymətləndirmək və onları davamlı inkişaf etdirmək üçün analitikadan fəal şəkildə istifadə edir. Bu çərçivədə o, Google Analytics və Facebook Insights kimi alətlər vasitəsilə istifadəçi davranışlarını təhlil edir. Eyni zamanda marketinq kampaniyalarının ROI kimi əsas göstəricilərini ölçərək onların effektivliyini müəyyənləşdirir. Bundan əlavə, rəqiblərin performansını da araşdıraraq daha güclü və rəqabətqabiliyyətli strategiyalar formalaşdırır və təklif edir.
Bununla belə, rəqəmsal marketinq geniş bir sahədir. Hər bir mütəxəssisin bütün bacarıqlara eyni səviyyədə sahib olması gözlənilmir.
SEO, PPC, sosial media və e-poçt marketinqi kimi sahələr üzrə ayrı-ayrı ixtisaslaşmış peşəkarlar mövcuddur.
Bir marketinq mütəxəssisi ümumi biliklərə malik ola bilər, lakin uğurlu karyera qurmaq üçün müəyyən bir sahədə dərin ixtisaslaşma da olduqca vacibdir.
Digital Marketinq Mütəxəssisi Olmaq Üçün Hansı Bacarıqlara Ehtiyac Var?
Rəqəmsal marketinq sürətlə inkişaf edən sahə olduğundan bu sahədə uğur qazanmaq istəyən hər bir şəxs həm texniki, həm də sosial bacarıqlara sahib olmalıdır.
Aşağıda bir digital marketinq mütəxəssisinin sahib olması vacib olan əsas sərt və yumşaq bacarıqları təqdim edirik.

Sərt Bacarıqlar / Texniki Bacarıqlar
Sərt bacarıqlar rəqəmsal alət və platformalar üzərində praktik biliklərə əsaslanır. Digital marketinq mütəxəssisinin gündəlik işində istifadə etdiyi bu bacarıqlar aşağıdakılardır:
- SEO: Veb saytların Google və digər axtarış motorlarında yüksək sıralarda çıxması üçün optimallaşdırma texnikaları.
- PPC: Google Ads və digər platformalarda effektiv reklam kampaniyaları qurmaq.
- Sosial Media Marketinqi: Facebook, Instagram, LinkedIn və digər platformalarda məqsədli auditoriyalara çatmaq və əlaqə qurmaq.
- Kontent Menecmenti: Blog yazıları, vizual materiallar və sosial media postları kimi məzmunların planlaşdırılması və idarə olunması.
- E-mail Marketinq: Müştəri ilə birbaşa əlaqə qurmaq üçün effektiv e-mail kampaniyaları hazırlamaq.
- Analitika: Google Analytics və digər analitik alətlərlə kampaniyaların performansını təhlil etmək.
Yumşaq Bacarıqlar
Digital marketinq yalnız texniki biliklərlə məhdudlaşmır. Bu sahədə uğurlu olmaq istəyən rəqəmsal marketinq mütəxəssisi üçün sosial bacarıqlar da vacibdir:
- Kreativlik: Yaradıcı düşüncə ilə cəlbedici və fərqli marketinq kampaniyaları hazırlamaq.
- Vaxtın idarə olunması: Müxtəlif layihələri effektiv şəkildə planlaşdırmaq və vaxtında icra etmək.
- Adaptasiya: Sürətli dəyişən trendlərə və texnologiyalara tez uyğunlaşmaq.
- Problemləri həll etmə: Qarşıya çıxan çətinliklərə innovativ həll yolları tapmaq.
- Komanda ilə iş: Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq.
- Analitik düşüncə: Rəqəmləri və məlumatları təhlil edərək daha düzgün qərarlar vermək.
Rəqəmsal Marketinq Mütəxəssisi Necə Olmaq Olar?
Bu sahədə yaxşı mütəxəssis olmaq üçün ənənəvi universitet təhsili mütləq tələb olunmur, lakin marketinq, biznes və kommunikasiya sahəsində təhsil üstünlük qazandırır.
Bununla yanaşı, onlayn kurslar və sertifikatlar da rəqəmsal marketinq biliklərini artırmaq üçün geniş imkanlar yaradır. Grow with Google, HubSpot Academy, Coursera və Udemy kimi platformalar rəqəmsal marketinqin müxtəlif sahələrini öyrənmək üçün ideal seçimlərdir.
Google Ads, Meta Blueprint və HubSpot sertifikatları isə mütəxəssislərin bacarıqlarını təsdiqləyən ən vacib sertifikatlardan hesab olunur.
Nəzəri biliklərlə yanaşı, praktiki təcrübə də olduqca vacibdir. Təcrübə proqramlarında iştirak etmək, kiçik bizneslər və startaplarla işləmək və ya frilans layihələr götürmək real iş təcrübəsi qazanmaq üçün ən effektiv yollardan biridir.
Öz bloqunu yaratmaq, sosial media hesablarını idarə etmək və ya kiçik reklam kampaniyaları həyata keçirmək də praktiki bilikləri inkişaf etdirməyə kömək edir.
Bütün bu bilik və bacarıqların göstəricisi kimi güclü portfolionun olması da mühüm rol oynayır. Mütəxəssis kimi fərqlənmək üçün uğurlu layihələrinizin nəticələrini, kampaniyaların performansını və qazandığınız sertifikatları bir araya gətirmək faydalıdır. Keçmiş layihələrin nəticələrini göstərən real nümunələr işəgötürənlərin və müştərilərin diqqətini cəlb edə bilər.
Rəqəmsal marketinq dünyasında daim inkişafda olmaq və yeni tendensiyaları izləmək vacibdir. SEO, sosial media alqoritmləri və rəqəmsal reklamlar daim yenilənir, bu səbəbdən də bloqları, araşdırmaları və yenilikləri izləmək rəqəmsal marketinq mütəxəssisi olmaq istəyənlər üçün mühüm şərtdir.
Rəqəmsal marketinq sahəsində peşəkar olmaq üçün öyrənməyə davam etmək, real təcrübə qazanmaq və daim yeniliklərə açıq olmaq lazımdır. Praktiki bacarıqlara yiyələnən, analitik düşünməyi bacaran və kreativ yanaşma nümayiş etdirən şəxslər bu sahədə uğurlu karyera qura bilər.
Rəqəmsal Marketinq Mütəxəssisi üçün Karyera İmkanları və İnkişaf Perspektivləri
Son illərdə rəqəmsal marketinq mütəxəssislərinə olan tələbat sürətlə artıb. Bu sahənin inkişafı startaplardan tutmuş iri korporasiyalara qədər geniş karyera imkanları yaradır.
Komanda daxilində işləməyi və ya sərbəst fəaliyyət göstərməyi üstün tutmağınızdan asılı olmayaraq, rəqəmsal marketinq sizə çevik və perspektivli bir karyera təqdim edir.
Rəqəmsal marketinq mütəxəssisi olmaq geniş imkanlar yaradır və şəxsi maraq və bacarıqlara uyğun müxtəlif ixtisaslaşma yolları təklif edir. Bu sahədə ən populyar istiqamətlər aşağıdakılardır:
- SEO Mütəxəssisi – Vebsaytların axtarış sistemlərində mövqeyini yaxşılaşdırmaq üçün açar söz optimizasiyası, backlink qurulması və texniki SEO üzrə işləyir.
- PPC Mütəxəssisi – Google Ads, Facebook Ads və digər platformalarda pullu reklam kampaniyaları idarə edərək hədəflənmiş auditoriyanı cəlb edir.
- Kontent Marketinq Meneceri – Brend üçün məqalələr, bloq yazıları, videolar və digər məzmun strategiyalarını hazırlayaraq müştəri bazasını genişləndirir.
- Sosial Media Meneceri – Sosial platformalar üçün strategiyalar hazırlayır, auditoriyanı cəlb edir və brendin onlayn imicini formalaşdırır.
- E-poçt Marketinqi Mütəxəssisi – E-poçt kampaniyaları dizayn edir, avtomatlaşdırma sistemləri qurur və müştəri əlaqələrini gücləndirir.
- E-ticarət Marketinqi Meneceri – Məhsul kataloqu optimizasiyası, remarketing və influenser əməkdaşlıqları vasitəsilə onlayn satışları artırır.
Hər bir bu ixtisaslaşma rəqəmsal marketinqin bir istiqamətini əhatə edir və mütəxəssislər ya tək bir sahədə dərinləşə, ya da bir neçə bacarığı birləşdirərək daha geniş iş imkanları əldə edə bilərlər.
Rəqəmsal marketinqin əsas üstünlüklərindən biri tam ştatlı iş və ya freelancer kimi çalışma imkanı təqdim etməsidir.
- Tam ştatlı işlər daha stabil maaş, karyera inkişafı və əlavə iş imkanları təqdim edir. Böyük şirkətlərdə işləmək həm peşəkar təcrübə qazandırır, həm də stabil gəlir mənbəyi yaradır.
- Freelancer rəqəmsal marketinq mütəxəssisi kimi işləmək isə daha çevik qrafik və müştəri seçimi imkanı təqdim edir. Bir çox rəqəmsal marketinq mütəxəssisi əvvəlcə freelancer olaraq başlayır, daha sonra isə agentliklər və ya iri şirkətlərlə uzunmüddətli müqavilələr bağlayır.
Freelancerlər üçün Upwork, Fiverr və LinkedIn kimi platformalar müştəri tapmaq və bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanlar yaradır.
Niyə Bu Sahədə Karyera Qurmaq Perspektivlidir?
Rəqəmsal marketinq daim inkişaf edən, dinamik və gəlirli bir sahədir. Bu sahə yalnız bir sənayeyə bağlı deyil və mütəxəssislər pərakəndə satış, səhiyyə, texnologiya, maliyyə və digər sahələrdə işləyə bilərlər.
Süni intellekt, avtomatlaşdırma və məlumat əsaslı marketinqin inkişafı ilə rəqəmsal marketinq gələcəyin peşələri arasında öz yerini möhkəmləndirib.
Yüksək tələbatlı sahələrdə ixtisaslaşan mütəxəssislər daha çox iş imkanlarına sahib olacaq və əmək bazarında dəyərli kadr sayılacaqlar.
Əgər siz də rəqəmsal marketinq karyerasını düşünürsünüzsə, indi öyrənməyə və praktiki təcrübə toplamağa başlamaq üçün ən uyğun zamandır.
Düzgün bacarıq və biliklərlə bu daim böyüyən sahədə perspektivli və gəlirli bir karyera qurmaq mümkündür.
Rəqəmsal Marketinqdə Əmək Haqqı və Maaş – 2025
Rəqəmsal marketinq sahəsində əməkhaqqı mütəxəssisin təcrübəsinə, ixtisaslaşdığı sahəyə və işlədiyi şirkətin ölçüsünə görə dəyişir. Dəqiq nəsə demək çətindir. Sahə hələ də inkişaf mərhələsində olsa da, rəqabətli maaşlar və freelans imkanları təklif edir.
Yeni başlayanlar üçün aylıq maaş adətən 600 – 1000 AZN aralığında olur. Orta səviyyəli mütəxəssislər, xüsusilə SEO, PPC və analitika sahəsində müəyyən təcrübəyə malik olanlar isə 1000 – 2000 AZN arasında qazanc əldə edə bilirlər. Təcrübəli rəqəmsal marketinq menecerləri və rəhbər vəzifələrdə çalışan peşəkarlar üçün bu məbləğ 3500 AZN və daha artıq ola bilər.
Frilanserlər isə xidmət göstərdikləri müştəri bazasına və layihələrin miqyasına görə aylıq gəlir əldə edə bilirlər. Xarici bazarlara çıxış imkanına malik olan mütəxəssislər isə dollar və avro ilə daha yüksək qazanc əldə etmək potensialına sahibdirlər.
Nəticə
Rəqəmsal marketinq müasir bizneslərin əsas strategiyalarından birinə çevrilib və bu sahədə peşəkar mütəxəssislərə tələbat sürətlə artır. SEO, PPC, sosial media, kontent marketinqi və analitika kimi sahələrdə bilik və təcrübə qazanmaq uğurlu karyera üçün vacibdir.
Bu sahə stabil gəlir, çevik iş imkanları və beynəlxalq bazara çıxış təqdim edir. Süni intellekt, avtomatlaşdırma və fərdiləşdirilmiş marketinq kimi yeniliklər sahənin gələcəyini formalaşdırır və daim öyrənən mütəxəssislər üçün geniş imkanlar açır.
Əgər siz də rəqəmsal marketinq sahəsində inkişaf etmək istəyirsinizsə, indi başlamağın ən doğru vaxtıdır. Daim yenilənən biliklər və praktiki təcrübə ilə bu sahədə uğurlu və perspektivli bir karyera qurmaq mümkündür.