SEO Audit Nədir? 9 Addımda Necə Edilir?
Burada

SEO audit ilk baxışda texniki iş kimi görünür, əslində isə saytınızın axtarış sistemlərində necə performans göstərdiyini yoxlamaq üçün hər faktoru əhatə edən kompleks yanaşmadır. 

Audit zamanı texniki SEO, on-page SEO, off-page SEO faktorları və istifadəçi təcrübəsi kimi əsas sahələrə diqqət yetirilir. 

Bu yazıda SEO auditinin nə olduğunu, niyə vacib olduğunu və necə həyata keçirə biləcəyinizi izah edəcəyik. Həmçinin, SEO ilə bağlı əsas anlayışları sadə və başa düşülən dillə izah edəcəyik. 

Sonda isə sizə praktik məsləhətlər və Google Search Console, Screaming Frog və Ahrefs kimi tövsiyə olunan alətlərdən və digər SEO chrome əlavələrindən istifadə edərək həyata keçirə biləcəyiniz addım-addım təqdim olunacaq.

Hazırsınızsa, başlayaq. 

SEO auditi niyə əhəmiyyətlidir?

SEO auditi saytınızın axtarış sistemlərinə uyğun olduğunu yoxlayan əhatəli yoxlanışdır. Sadə dillə desək, bu audit saytınızın Google və digər axtarış sistemlərində daha yüksək sıralarda görünməsinə mane olan hər hansı problemi aşkar etməyə xidmət edir. 

Audit zamanı texniki quruluş, məzmun, backlinklər və istifadəçi təcrübəsi nəzərdən keçirilir ki, təkmilləşdirmə üçün problemlər və imkanlar müəyyən edilsin. 

Aşkar olunan problemlər aradan qaldırıldıqda saytınızın orqanik trafikini artırmaq daha asan olur.

Niyə SEO auditi aparmalıyıq? 

Zamanla veb-saytlar müəyyən problemlərlə üzləşir. Bura qırıq linklər, yavaş yüklənən səhifələr, köhnəlmiş məzmun və s. daxildir.

Bunlar saytın axtarış sistemlərindəki performansına mənfi təsir göstərir. Audit prosesi isə bu problemləri vaxtında aşkarlamağa və aradan qaldırmağa kömək edir.

Proses bir avtomobilin texniki baxışdan keçirməyə bənzəyir. Maşında problem olmasa da, potensial problemləri vaxtından əvvəl müəyyən etməyə, yaxud da mövcud olan problemləri daha da böyümədən həll etməyə xidmət edir. 

Müntəzəm SEO auditləri sayəsində sayt düzgün və stabil işləyir, eyni zamanda axtarış nəticələrində rəqabətə davamlı olur. 

9 addımda SEO auditi necə edilir? 

SEO auditi uzun prosesdir. 

Ona görə ki burada yoxlanılması lazım olan müxtəlif istiqamətlər var. 

Biz isə sizin üçün hazırladığımız siyahıda öz təcrübəmizə uyğun olaraq 9 müxtəlif addımı sizə təqdim edirik. 

Addım 1: Saytın indeksləmə statusunu yoxlayın

Ən vacib səhifələrinizin Google tərəfindən indekslənib-indekslənmədiyini yoxlayın. Onların təsadüfən bloklanmadığından əmin olun. 

İndeksləmə əsasdır. Əgər bir səhifə indekslənməyibsə, onu nə qədər optimallaşdırsanız da, axtarış nəticələrində heç vaxt görünməyəcək. 

İlk növbədə, Google-un saytınızı tanıdığından və böyük indeksləmə problemləri ilə qarşılaşmadığından əmin olun.

SEO auditi üçün bu addım niyə vacibdir? 

Sadə indeksləmə problemi çox vaxt saytın sıralanmadığının əsas səbəblərindən biri olur. 

Məsələn, developer səhvən bütün sayta “noindex” etiketi əlavə edə və ya robots.txt faylında Google-un saytı indeksləməsini qadağan edə bilər. Belə səhvlər təsadüfən və tez-tez baş verir. 

Saytınızın indeksləndiyinə əmin olmaq heç olmasa axtarış nəticələrində görünmək üçün şansınızın olduğunu göstərir. Problem varsa, buradan qaynaqlanmadığını təsdiqləyir. 

Əgər bütün sayt və ya böyük hissəsi indekslənməyibsə, ilk növbədə həll olunmalı məsələ budur.

Saytın indeksləndiyini necə yoxlamaq olar?

1. Google axtarışlarından istifadə edin. 

Google-a daxil olun və site:sizin-domeniniz.com yazın (burada öz domen adınızı əvəz edin). 

Bu axtarış Google indeksində olan saytınızdakı səhifələri göstərir. Məsələn, site:kontra.az axtarışı bizim saytımıza məxsus olan nəticələri və indekslənmiş səhifələri göstərəcək. 

Yoxlaşın zamanı nəticələrin sayına diqqət yetirin.

Əgər sıfır nəticə görürsünüzsə, Google-un saytınızdan heç bir səhifəni indeksləmədiyi anlamına gəlir.  Saytınız hələ yenidirsə (və Google tərəfindən aşkar edilməyibsə), ya da noindex tətbiq olunubsa və ya domen robots.txt ilə bloklanıbsa belə ola bilər.

Əgər yalnız bir neçə nəticə varsa, amma bilirsinizsə ki, saytınızda çoxlu səhifə var, deməli, səhifələrin böyük hissəsi indekslənməyib.

Əgər qəribə səhifələr görürsünüzsə (məsələn, test səhifələri və ya köhnə versiyalar), “canonicalization” problemlərinin göstəricisi ola bilər.

Google gözlənilməyən URL-ləri göstərirsə, ola bilər ki, dublikat səhifələr mövcuddur. Bunu sonrakı mərhələlərdə daha ətraflı izah edəcəyik.

2. Google Search Console-dan (GSC) istifadə edin. 

Əgər hələ Google Search Console qurulmayıbsa, SEO auditi aparmaq üçün sizə lazım olacaq. Artıq vaxtıdır. Alət tamam pulsuzdur və ən vacib SEO alətləri sırasında gəlir. 

Saytınızı GSC-də əlavə etdikdən sonra “Index > Pages” (və ya “Coverage”) hesabatına daxil olun. Bu hesabat saytınızda neçə səhifənin indeksləndiyini və hansılarının indekslənmədiyini göstərir və səbəbləri izah edir.

“Error” və ya Excluded səhifələrə diqqət edin. Məsələn, “Redirect olan səhifə”, “Kanonik olaraq seçilməmiş dublikat”, “robots.txt tərəfindən bloklanıb”, “Tarandı – hazırda indekslənmir” və s. GSC bu səhifələrin indekslənmədiyinin səbəbini göstərəcək. 

Bəzi səhifələrin indekslənməməsi normaldır (məsələn, admin səhifələr və ya dublikat məzmunlar), amma indekslənməli olan səhifə səhvən istisna olunubsa, problem araşdırılmalıdır.

Saytda olan ümumi səhifə sayı ilə indekslənmiş səhifələrin sayı bir-birinə uyğun gəlməsi əsasdır. Məsələn, əgər saytınızda 500 səhifə var, amma yalnız 100-ü indekslənibsə, burada problem var. 

Əksinə, Google çoxlu dəyərsiz səhifələri indeksləyibsə (məsələn, filtrli naviqasiya və ya sessiya ID-ləri ilə), bu zaman təqdim etdiyiniz məzmunu daha düzgün şəkildə yönəltməlisiniz.

3. Google Search Console-da URL-ləri ayrıca yoxlayın.

GSC-də “URL Inspection” alətindən istifadə edərək istənilən konkret səhifəni yoxlaya bilərsiniz. 

Saytdakı bir URL-i daxil edin və həmin səhifənin indekslənib-indekslənmədiyini, bloklanıb-bloklanmadığını öyrənin. 

Bu vasitə əsas səhifələrin (məsələn, ana səhifə, məhsul səhifələri və ya bloq yazıları) dəqiq vəziyyətini yoxlamaq üçün idealdır.

Əgər indeksləmə ilə bağlı problemlər aşkar etmisinizsə, onları dərhal aradan qaldırmalısınız.

Addım 2: Saytınızın yalnız bir versiyasının əlçatan olduğuna əmin olun

Saytınızın fərqli protokollar və ya subdomenlərlə birdən çox URL vasitəsilə əlçatan olmadığını yoxlayın. 

Başqa sözlə, əgər istifadəçi və ya Googlebot saytınıza aşağıdakı yollarla daxil olmağa çalışarsa:

  • http://sizin-domeniniz.com
  • https://sizin-domeniniz.com
  • http://www.sizin-domeniniz.com
  • https://www.sizin-domeniniz.com bütün bu ünvanlar eyni əsas URL-ə (kanonik versiyaya) yönləndirilməlidir. 

Tipik olaraq, kanonik versiya https://sizin-domeniniz.com olur (yəni www olmadan və HTTPS ilə). Lakin siz istəsəniz https://www.sizin-domeniniz.com versiyasını da seçə bilərsiniz. 

Əsas odur ki, bütün trafik eyni versiyaya yönlənsin və ardıcıl olsun. Digər bütün versiyalar əsas versiyaya daimi 301 yönləndirməsi ilə keçid etməlidir.

Bu addım ona görə vacibdir ki, əgər saytınıza bir neçə fərqli yolla daxil olmaq mümkündürsə, axtarış motorları bu versiyaları ayrı-ayrı saytlar kimi görə bilər. 

Məsələn, http:// ilə https://, ya da www ilə www-siz versiyalar bir-birindən fərqli kimi qiymətləndirilə bilər. Bu isə link gücünüzü parçalaya və tarayıcıların çaşmasına səbəb ola bilər. Bütün SEO gücünü bir versiyada toplamaq vacibdir.

Bundan əlavə, HTTP üzərindən məzmun təqdim etmək artıq tövsiyə olunmur, çünki HTTPS daha təhlükəsizdir, istifadəçi etimadını artırır və Google tərəfindən az da olsa, reytinq üstünlüyü qazandırır.

Necə yoxlamaq olar?

1. Brauzerinizdə manual olaraq test edin.

Saytınızın dörd əsas versiyasını (yuxarıda yaşıl rənglərlə qeyd etdiyimiz kimi) ayrı-ayrılıqda daxil edin və nə baş verdiyini yoxlayın.

İdeal olaraq, bu dörd versiyanın üçü sizin seçdiyiniz əsas URL-ə yönləndirməlidir.

Məsələn, əgər sizin əsas seçiminiz https://sizin-domeniniz.com-dursa, aşağıdakılar bu ünvana yönləndirilməlidir:

  • http://sizin-domeniniz.com → yönləndirir → https://sizin-domeniniz.com
  • http://www.sizin-domeniniz.com → yönləndirir → https://sizin-domeniniz.com
  • https://www.sizin-domeniniz.com → yönləndirir → https://sizin-domeniniz.com

Əgər bu versiyalardan hər hansı biri yönləndirilmədən saytınızı yükləyirsə, problem var deməkdir.

Məsələn, həm https://sizin-domeniniz.com, həm də https://www.sizin-domeniniz.com eyni məzmunu ayrıca yükləyirsə, axtarış motorları bu iki versiyanı fərqli sayt kimi qiymətləndirə bilər və nəticədə siqnallar parçalanır.

Əgər yönləndirmə mövcud deyilsə, bütün digər versiyaları əsas versiyaya daimi 301 yönləndirmələri ilə yönləndirin. Bu adətən domenin DNS parametrlərində və ya saytın hostinq/server konfiqurasiyasında (.htaccess faylı, Nginx konfiqurasiya bloku və s.) aparılır. Bir çox CMS və hostinq xidmətləri bu funksiyanı təklif edir (“Force HTTPS” və ya “Choose www or non-www” seçimləri).

2. Google Search Console-u da yoxlayın.

Əgər həm www-lu, həm də www-siz versiyalar üçün GSC-da varsa, Google sizə əsas domen seçmək imkanı verir. 

Addım 3: Robots.txt və sitemap faylını yoxlayın

Saytınızın robots.txt faylını və XML sitemap sənədini yoxlayın və onların düzgün konfiqurasiya olunduğundan əmin olun.

Robots.txt faylı üçün brauzerinizdə sizin-domeniniz.com/robots.txt ünvanına keçin. Bu fayl botların hansı qovluqlara və ya səhifələrə daxil olmasının qadağan edildiyini göstərir. “Disallow” sətrlərinə diqqət yetirin.

Məsələn:

Bu konfiqurasiya bütün botlara /admin//temp/ altındakı hər şeyi taramağı qadağan edir. Əgər bu qovluqlar gizli və ya əlaqəsiz bölmələrdirsə, tamamilə normaldır. 

Amma vacib heç bir səhifənin bloklanmadığına əmin olun. Məsələn, bəzi hallarda səhv konfiqurasiya olunmuş robots.txt faylında belə bir sətr ola bilər: Disallow: / bu isə bütün saytı bloklayır. Bu cür səhvlər səhvən tez-tez baş verir və nəzərdən qaçır.

Google Search Console-un Robots.txt Tester alətindən istifadə edərək istənilən URL-in botlar üçün bloklanıb-bloklanmadığını test edə bilərsiniz.

XML Sitemap faylı da vacib amillərdən biridir. Adətən bu fayl sizin-domeniniz.com/sitemap.xml ünvanında yerləşir.

Tapıb açdıqda isə bu sənəd saytdakı əsas səhifələrin URL-lərini birləşən edən XML faylı olmalıdır. Sitemap faylı normal səhifələr, məhsullar, postlar və s. kimi indekslənməsini istədiyiniz səhifələri əhatə etməlidir. (Admin və ya təşəkkür səhifələri kimi istisnalar xaric). 

Əgər saytınızda sitemap yoxdursa, onu yaratmağı düşünün. Bir çox CMS platformaları sitemap fayllarını avtomatik yaradır və ya pluginlər vasitəsilə bu işi görmək mümkündür (məsələn, WordPress üçün Rankmath və ya Yoast SEO plugini sitemap_index.xml yaradır). 

Sitemap faylınız olduqdan sonra onu Google Search Console-da “Index > Sitemaps” bölməsi vasitəsilə təqdim edin ki, Google bütün səhifələrinizi asanlıqla tapa bilsin.

Addım 4: Texniki problemləri axtarın

SEO üçün audit edən zaman qırıq linklər, dublikat məzmun, daxili linklərdə olan səhvləri və s. axtarın. 

Saytınızın tam texniki analizini aparmaq üçün Screaming Frog SEO Spider kimi tarama alətindən istifadə edin. Bu SEO aləti  500 URL-ə qədər pulsuz işləyir. Kiçik saytlar üçün kifayətdir. Yaxud Ahrefs Webmaster Tools kimi alternativlərdən istifadə edin. Alət bir axtarış motorunun saytınızı necə taradığını simulyasiya edir və çoxlu texniki məlumat toplayır. Məqsəd aşağıdakı kimi texniki problemləri aşkar etməkdir:

  • Qırıq linklər və ya şəkillər (404 səhvləri)
  • Yenidən yönləndirmələr
  • Yetim səhifələr (daxili keçidi olmayan səhifələr)
  • Dublikat məzmun
  • Çox uzun “title tag”və meta təsvirlər
  • Digər tarama səhvləri (server səhvləri və s.)

Sayt taraması texniki SEO baxımından saytınızın “rentgen” görüntüsünü təqdim edir. Bəzi problemlər sayta adi baxışla görünməyə bilər, amma bunlar həm SEO-ya, həm də istifadəçi təcrübəsinə zərər verir. 

Qırıq daxili linklər botlar üçün “ölü” keçidlər yaradır və istifadəçi təcrübəsinə mənfi təsir yaradır.

Dublikat məzmun və ya meta teqlər axtarış motorlarını çaşdıra və hansı səhifənin sıralanmalı olduğunu müəyyən etməyi çətinləşdirə bilər. Çoxlu yönləndirmə addımlarından ibarət olan zəncirlər (redirect chains) tarama büdcəsini israf edir və istifadəçi təcrübəsini zəiflədir.

Addım 5: Saytınızın sürətli və sabit olduğuna əmin olun

SEO audit zamanı saytınızın həm masaüstü, həm də mobil versiyadakı sürətini və performansını test edin və Core Web Vitals göstəricilərinə baxın. 

Bunun üçün Google PageSpeed Insights xidmətindən və ya Chrome brauzerindəki Lighthouse alətindən istifadə edə bilərsiniz. Həmçinin, Google Search Console-dakı Core Web Vitals hesabatını yoxlayın. 

SEO auditində bu addım ona görə vacibdir ki, sstifadəçilər sürətli saytlar gözləyir. Səhifə yüklənmə sürəti yalnız birbaşa sıralama faktoru deyil, eyni zamanda istifadəçi məmnuniyyətinə ciddi təsir göstərir. Yavaş saytlar daha yüksək bounce rate ilə üzləşir. Nəticədə, istifadəçilər gözləmək əvəzinə saytı tərk edir. Dolayı olaraq SEO nəticələrinə mənfi təsir edə bilər.

Necə yoxlamaq olar?

1. Google Search Console

 GSC-də Təcrübə > Əsas Veb Göstəriciləri bölməsinə keçin. Bu, mobil və masaüstü versiyalar üçün məlumatları ayrıca göstərəcək və səhifələri “Yaxşı”, “Təkmilləşdirməyə ehtiyacı var” və “Zəif” kimi qruplaşdıracaq. 

Bu məlumatlar real istifadəçilərdən götürülür və başlanğıc üçün əla mənbədir. Əgər “Zəif” statuslu səhifələr varsa, ətraflı baxmaq üçün klikləyin. Məsələn, “LCP problemi: 4 saniyədən çox çəkir” və neçə URL-nin təsirləndiyini görün. Əvvəlcə “Zəif” olan səhifələri düzəltməyə fokuslanın.

2. PageSpeed Insights

pagespeed.web.dev saytına daxil olun. Əsas səhifənizin URL-ni daxil edin (sonra digər vacib səhifələri və ya blog yazısı kimi şablon səhifələri də test edə bilərsiniz). PSI mobil və masaüstü üçün ayrı ballar (0–100) və ətraflı izahat verəcək:

Mobil nəticənin yaxşı nəticə verib-vermədiyinə fikir verin. Mobil nəticələr adətən daha aşağı olur, çünki standartlar daha çoxdur. Masaüstü versiyalar çox vaxt daha yüksək nəticə göstərir.

Əsas metriklərə baxın, məsələn, LCP mobil versiyada 4s-dirsə, problem var. Ola bilər ki, şəkil çox böyükdür və ya server yavaşdır.

Addım 6: Responsivliyi yoxlayın

Saytınızın mobil cihazlarda düzgün görüntülənib-funksional işlədiyini yoxlayın. Buna aşağıdakılar daxildir: 

  • responsiv dizayn
  • oxunaqlı mətn (zoom etməyə ehtiyac olmadan)
  • düzgün ölçülü kliklənə bilən elementlər (düymələr/linklər) və üfüqi scroll-un olmaması. 

Problemləri müəyyənləşdirmək üçün Google-un Mobile-Friendly Test və Mobile Usability report (GSC daxilində) alətlərindən istifadə edin.

SEO auditində responsivliyin yoxlanması ona görə vacibdir ki, veb trafikin əksəriyyəti artıq mobil cihazlardan gəlir və Google mobile-first indexing yanaşmasını tətbiq edir. Bu o deməkdir ki, saytınızın mobil versiyası sıralamada əsas göstərici kimi nəzərə alınır. Əgər sayt zəif mobil təcrübə təqdim edirsə, bu həm sıralamaya mənfi təsir edir, həm də mobil istifadəçiləri itirə bilər.

Çox kiçik şriftlər, kəsilmiş kontent və ya mobil cihazda çətin naviqasiya istifadəçidə narazılıq yaradır. Google açıq şəkildə responsiv dizaynı tövsiyə edir və mobil uyğunluq problemlərini SEO baxımından aradan qaldırmalı məsələ kimi qiymətləndirir.

Qısacası, mobil uyğun olmayan sayt axtarış nəticələrində ciddi dezavantaj yaradır.

Necə yoxlamaq olar?

1. Google-un Mobile-Friendly Test aləti

Google-da “Mobile Friendly Test” axtararaq və ya Google Search Console (Təcrübə > Mobil Uyğunluq) vasitəsilə URL-nizi daxil edərək bu alətdən istifadə edin. 

Bu test səhifənin mobilə uyğun olub-olmadığını təhlil edəcək və Googlebot-un mobil cihazda səhifəni necə gördüyünü screenshot-la göstərəcək.

Əgər nəticə “Səhifə mobil uyğunluğa malikdir” deyirsə, əladır. Əgər yoxdursa, aşağıdakı kimi problemləri göstərəcək: “Mətnləri oxumaq üçün çox kiçikdir,” “Kliklənə bilən elementlər bir-birinə çox yaxındır,” “Kontent ekran ölçüsündən daha genişdir” və s.

2. Manual əl ilə yoxlama

Saytınızı şəxsi telefonunuzda və ya brauzerin developer tools funksiyası ilə (mobil ekran simulasiya edərək) yoxlayın. Əsas səhifələri nəzərdən keçirin və aşağıdakı suallara cavab tapmağa çalışın.

  1. Menyudan istifadə etmək asandırmı? (Burger menyusu işləyirmi? İstifadəçilər asanlıqla naviqasiya edə bilirmi?)
  2. Mətn oxunurmu, zoom etmədən? Əgər oxumaq üçün zoom etməyə ehtiyac varsa, mətn ölçüsü CSS-də çox kiçik ola bilər.
  3. Şəkillər və ya cədvəllər üfüqi scroll-a səbəb olurmu? Əgər hansısa element ekran enindən daha genişdirsə, bu problemdir.
  4. Düymələr və linklər bir-birindən kifayət qədər aralıdırmı?
  5. Əgər mobil versiyada pop-uplar və ya interstisial reklamlar varsa, kontenti örtürmü?

Addım 7: On-page SEO auditi 

Texniki və struktur məsələləri artıq yoluna qoyduqdan sonra SEO auditi zamanı saytınızdakı kontentin özünə nəzər salmağın vaxtıdır. 

Bu addım kontentinizin nə dərəcədə yaxşı optimizə olunduğunu və istifadəçilər üçün nə qədər dəyərli olduğunu qiymətləndirmək məqsədi daşıyır. 

Məzmun geniş amil olduğu üçün biz onu mərhələli şəkildə yoxlayacağıq.

1. Kontentin keyfiyyətini yoxlayın 

Etməli olduğunuz ilk şey saytınızda zəif kontentə malik olan səhifələri müəyyən etməkdir. Buraya çox az faydalı məlumat verən, artıq aktuallığını itirmiş və ya istifadəçi gözləntilərinə cavab verməyən səhifələr daxildir. 

Xüsusilə ana səhifə, əsas məhsul və ya xidmət səhifələri, eləcə də yüksək trafik alan bloq yazıları diqqətlə yoxlanmalıdır.

Kontentin “keyfiyyəti” subyektiv ola bilər, amma özünüzə bu sualları verməyiniz faydalı olar: 

  1. Səhifə mövzunu kifayət qədər əhatə edir?
  2. Sadəcə ümumi, səthi məlumat təqdim edir, yoxsa oxucuya real fayda verir?
     
  3. Siz istifadəçi olsaydınız, bu səhifənin sizin üçün dəyərli olduğunu düşünərdinizmi?

Bundan başqa, saytınızdakı səhifələrin mətn həcmini və kontentin dərinliyini yoxlayın. 

Google Analytics-dən istifadə edərək səhifələrdəki istifadəçi davranışlarını təhlil edin. Çox yüksək bounce rate və ya səhifədə keçirdilən ortalama vaxtın az olması istifadəçilərin orada istədiklərini tapmadığını göstərə bilər və həmin kontentin yenidən nəzərdən keçirilməsinə ehtiyac ola bilər.

Açar sözlərə uyğun olaraq səhifənin axtarış məqsədinə (search intent) cavab verib-vermədiyini qiymətləndirin. Məsələn, biri “it tərbiyəsi üçün məsləhətlər” axtarırsa və sizin səhifədə sadəcə 200 sözlük səthi məsləhətlər varsa, bloqunuz rəqiblərin əhatəli yazıları ilə müqayisədə kifayət etməyəcək. Bu cür səhifələri ya genişləndirmək, ya da təkmilləşdirmək üçün qeyd edin.

Sırf boşluq doldurmaq üçün yazılmış və ya təkrar məzmunları müəyyən edin. Məsələn, eyni məqalənin başqa formada təkrarlanması buna misaldır.

Köhnəlmiş məlumatlara da xüsusi diqqət yetirin. Məsələn, “2019-cu il üçün ən yaxşı SEO məsləhətləri” kimi başlıqlar və ya artıq aktual olmayan statistikalara istinad edilən məqalələr varsa, onların yenilənməsi vacibdir. 

SEO audit zamanı çox vaxt belə köhnə bloq yazıları və ya artıq trafik almayan xəbər yazıları üzə çıxır. Belə yazıları yeni məlumatlarla təzələmək və ya uyğun digər məqalələrlə birləşdirmək tövsiyə olunur.Google Search Console-un Performance Report bölməsindən istifadə edin və ən çox baxış və klik alan səhifələri yoxlayın. Bu səhifələrin mümkün qədər yüksək keyfiyyətli olduğundan əmin olun, çünki SEO strategiyası baxımından onlar sizin əsas “pul qazandıran səhifələrinizdir.” Əlavə olaraq, uzun müddət ərzində sıfır baxış və ya klik alan səhifələr varsa, bu səhifələrin ya axtarış sistemlərində indekslənmədiyi, ya da istifadəçilər üçün maraqlı olmadığı anlamına gələ bilər. Əgər bu sadəcə təşəkkür səhifəsidirsə, problem yoxdur. Amma əgər bu səhifədən uğurlu nəticə gözləyirdinizsə, bəlkə də yenidən işlənməsi lazım gələcək.

2. Açar sözlərə fikir verin

Saytınızdakı hər vacib səhifənin əsas açar söz və ya mövzuya uyğun şəkildə optimizasiya olunduğundan əmin olun, lakin açar söz sıxlığına (keyword stuffing) yol vermədən. 

Saytda açar sözlərin düzgün optimizasiya olunması, axtarış sistemlərinə səhifənizin hansı sorğular üçün uyğun olduğunu başa düşməkdə kömək edir. 

Açar sözü həddindən artıq təkrar etməkdən çəkinin. Belə səhifələr varsa, “edit” etmək üçün siyahınıza qeyd edin. 

Digər tərəfdən, açar söz kannibalizasiyası da SEO-ya mənfi təsir edir. Bir açar söz üçün bir neçə səhifənin rəqabət aparması Google-un hansı səhifəni əsas götürəcəyini bilməməsinə səbəb ola bilər. 

Bu səbəbdən, hər əsas mövzu və ya açar söz üçün yalnız bir əsas səhifənin olması daha sağlam strategiyadır.

Səhifənin title tag-i və başlıqlarında həmin mövzunun olub-olmadığını yoxlayın. 

Meta təsvirlərdə də (meta description) mövzuya toxunduğunuzdan əmin olun. Google sıralamasında birbaşa istifadə etməsə də, istifadəçi baxımından uyğunluğu gücləndirir.

3. Title tag və meta təsvirlərin optimallaşdırılması

Bütün səhifələrinizin title tag və meta təsvirlərini nəzərdən keçirin. Hər bir səhifənin unikallığını qoruyaraq, əsas açar sözü əhatə edən, təxminən 50–60 simvolluq təsviri başlıq (title tag) yazın. 

Eyni zamanda, istifadəçini klikə təşviq edən və səhifənin ümumi məzmununu qısa şəkildə izah edən 150–160 simvol arası bir meta təsvir hazırlayın.

Bu meta tag-lar axtarış nəticələrində istifadəçilərin ilk gördüyü hissədir, ona görə həm SEO baxımından, həm də istifadəçi təcrübəsi baxımından faydalı və cəlbedici olmalıdır.

Meta təsvirlər isə sıralama faktorları arasında rəsmi olaraq yer almasalar da, klikləmə nisbətini (CTR) ciddi şəkildə artırmaq gücünə malikdir. Onlar, əslində, sizin səhifənizin reklam mətni funksiyasını daşıyır.

Screaming Frog və ya digər SEO audit alətindən istifadə edərək saytınızdakı səhifə başlıqları (title tags) və meta təsvirlərini (meta descriptions) yoxlayın.

4. Təkrarlanan məzmunları yoxlayın

SEO auditi zamanı saytınızda təkrarlanan məzmun olan halları müəyyənləşdirin və aradan qaldırın. Yəni, eyni və ya çox oxşar kontentin bir neçə fərqli səhifədə yerləşməsi SEO baxımından problem yarada bilər.

Təkrarlanan məzmun axtarış sistemlərini çaşdıra bilər. Onlar eyni və ya çox bənzər iki səhifəni nəticələrdə göstərmək istəməz. Bu halda, sistem seçim etməli olur və nəticədə səhifələriniz bir-biri ilə rəqabətə girir. 

Addım 8: Daxili linkləri və sayt strukturu təkmilləşdirin 

Saytınızdakı daxili keçidləri analiz edin. Əmin olun ki, bütün vacib səhifələr ana səhifədən (və ya əsas menyudan) bir neçə klik məsafəsində əlçatan vəziyyətdədir. Eyni zamanda, bir-biri ilə əlaqəli səhifələr arasında məntiqli şəkildə keçidlər yaradın.

Daxili linklər istifadəçilərə əlavə kontentlərə keçid etməyə kömək edir və SEO dəyərinin səhifələr arasında ötürülməsini təmin edir. 

Harada uyğun hesab edirsinizsə, əlavə daxili keçidlər yaradın. Eyni zamanda, daha əvvəl 4-cü addımda baxdığımız qırıq daxili linklərin olub-olmadığını da yenidən yoxlayın və onları düzəldin.

Daxili linklər iki əsas məqsədə xidmət edir:

  1. Navigasiya – istifadəçilərə saytda məlumat tapmaqda kömək edir.
  2. SEO – axtarış motorlarına səhifələri tapmaqda və PageRank-ın paylanmasında kömək edir.

Yaxşı qurulmuş sayt strukturu adətən piramida formasında olur: yuxarıda ana səhifə, onun altında əsas bölmələr və daha sonra alt səhifələr. Əgər hansısa səhifə çox dərin yerləşibsə (məsələn, ana səhifədən 5 klik uzaqdadırsa) və ya ümumiyyətlə daxili keçidlərdən kənardadırsa (yetim səhifə), bu, onun SEO baxımından diqqətdən kənarda qalmasına səbəb ola bilər.

Daxili linklər həmçinin sizə səhifələr arasında əlaqəni göstərməyə və hansının daha vacib olduğunu vurğulamağa imkan verir. Məsələn, əgər bir səhifəyə tez-tez link verirsinizsə, bu Google-a həmin səhifənin əsas səhifələrdən biri olduğunu göstərir.

Üstəlik, anchor text düzgün seçilərsə və açar sözləri ehtiva edərsə, Google-a kontekst verir.

Yaxşı qurulmuş daxili keçid sistemi SEO nəticələrinizi artıra bilər, çünki bu zaman daha güclü səhifələrdən (adətən ana səhifə və ya link verilən əsas səhifələr) digər səhifələrə “authority” ötürülür.

Əvvəlcə saytınızın əsas menyusuna və footer linklərinə baxaraq ümumi sayt strukturuna nəzər salın. Saytın bütün əsas bölmələri əhatə olunubmu? Aydın bir hierarxiya varmı? Əgər sitemap səhifəniz və ya Screaming Frog alətindən çıxarılmış struktur xətası görünüşünüz varsa, hər şeyin məntiqli şəkildə qurulduğunu yoxlayın. İdeal olaraq, hər səhifə ana səhifədən maksimum 3 klik məsafəsində əlçatan olmalıdır. Əgər yalnız axtarış və ya gizli link vasitəsilə tapılan vacib səhifələr varsa, onları menyuya əlavə etmək və ya digər önəmli səhifədən linkləndirmək barədə düşünün.

Yetim səhifələrə (orphan pages) diqqət yetirin. 4-cü addımda qeyd edildiyi kimi, əgər hansısa dəyərli səhifə digər səhifələrlə əlaqəsiz qalıbsa, onu məntiqi bir yerə linkləməklə saytda birləşdirin. Məsələn, əgər sizdə çox yaxşı bir blog yazısı var və o heç bir kateqoriyaya daxil edilməyibsə, uyğun bir səhifədən ona link verin.

Kontekstual keçidlərə (contextual linking) diqqət edin. Kontentinizi nəzərdən keçirin, xüsusən bloq yazıları və məqalələri. Əgər həmin yazıda başqa bir səhifənizdə izah edilmiş bir anlayışdan bəhs edirsinizsə, o ifadəni linkə çevirin.

Əsas səhifələrə keçidləri artırın. Sıralanmasını istədiyiniz səhifələri müəyyənləşdirin və həmin səhifəyə neçə daxili link verildiyini qiymətləndirin. Əgər həmin səhifəyə yalnız menyudan keçid varsa, lakin başqa heç bir yerdən link verilmirsə, onu uyğun mövzulu kontentdən də linkləməyi düşünün. 

Anchor text-dən düzgün istifadə edin. Daxili linklər üçün mənalı və açar sözlərlə zəngin anchor mətnlər istifadə edin. 

Qırıq və yönləndirilmiş linkləri düzəldin. Əgər daxili keçid artıq silinmiş və ya köçürülmüş bir səhifəyə yönəlirsə, həmin linki yenilənmiş URL-ə uyğunlaşdırın. 

Addım 9: Off-Page SEO Auditi 

Saytınıza gələn backlink-lərin (yəni digər saytlardan gələn keçidlərin) sayını və keyfiyyətini yoxlayın. 

Xüsusilə spam xarakterli linklərin çoxluğu kimi təhlükəli hallara diqqət yetirin. Eyni zamanda domeninizin ümumi nüfuzunu (domain authority) rəqiblərinizlə müqayisə edin.

Bunun üçün Google Search Console-un Links hesabatından (pulsuz, lakin əsas səviyyədə) və ya daha detallı təhlil üçün Ahrefs və Moz Link Explorer kimi peşəkar alətlərdən istifadə edə bilərsiniz.

Məqsəd backlink profilinizi anlamaq və hansısa tədbirə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir. 

Backlink-lər Google üçün ən önəmli sıralama faktorlarından biridir. 

Backlink-ləri keyfiyyətli olan saytlar, zəif və ya az backlink-ləri olan saytları adətən geridə qoyur (digər faktorlar eyni olduqda). Bu səbəbdən, backlink audit aparmaqla saytınızın Google qarşısındakı rəqəmsal nüfuzunu nəzarətdə saxlamış olursunuz.

Bəzən, saytınızda çoxlu sayda spam xarakterli link toplanır. Google çox vaxt bu tip linkləri nəzərə almır, lakin əgər saytınız daha öncə şübhəli link strategiyalarından istifadə edibsə, SEO audit zamanı bunlar üzə çıxar və düzəldilə bilər.

Bundan əlavə, sizə backlink verən saytları görmək, hansı məzmunların daha çox maraq yaratdığını və haradan daha çox link qazana biləcəyinizi müəyyənləşdirmək baxımından da faydalıdır.