SEO Mütəxəssisi Kimdir? [Vəzifələri + Maaşı]

Google axtarışında bəzi saytların niyə ön sıralarda çıxdığını heç düşünmüsünüz? 

Hər uğurlu veb-saytın arxasında axtarış sistemlərini anlayan və saytların trafikini artırmaq üçün çalışan bir SEO mütəxəssisi dayanır. 

SEO nədir?

SEO veb-saytların axtarış nəticələrində daha üst pillələrdə çıxmasını təmin edən bir prosesdir. 

İnsanlar internetdə məhsul, xidmət və ya məlumat axtararkən “Google” kimi sistemlər ən uyğun nəticələri göstərmək üçün xüsusi alqoritmlərdən istifadə edir. 

SEO isə bu alqoritmlərə uyğun şəkildə saytın strukturunu, məzmununu və texniki göstəricilərini təkmilləşdirmək prosesidir.

Effektiv SEO strategiyası texniki düzəlişlər, dəyərli məzmun yaradılması, doğru açar sözlərin istifadəsi və etibarlı saytlarla əlaqə qurulmasını əhatə edir. 

Məqsəd, reklam olmadan, yəni orqanik şəkildə sayta gələn istifadəçilərin sayını artırmaqdır. 

SEO-nun əsas prinsiplərini başa düşmək SEO üzrə mütəxəssis anlayışına keçid üçün vacibdir. 

SEO mütəxəssisi kimdir?

Artıq SEO-nun nə olduğunu bilirik. Sadə cavab olaraq desək, SEO mütəxəssisi saytın axtarış nəticələrində trafikini artırmağa xidmət edən rəqəmsal marketinq mütəxəssisidir

SEO mütəxəssisləri açar söz araşdırması, kontent marketinq, link building, texniki SEO və digər metodlardan istifadə edərək saytların axtarış sistemlərindəki orqanik nəticələrini yüksəltməyə çalışır.

Qısaca, SEO üzrə ekspertlərin əsas məqsədi saytın axtarış nəticələrində trafikini artırmaqdır. 

Bu isə nəticə etibarilə daha çox satış, yükləmə və ya baxış sayı deməkdir. 

SEO üzrə mütəxəssislərə bir çox sahələrdə ehtiyac olsa da, əsasən marketinq agentliklərində, korporativ şirkətlərdə və ya frilans şəkildə çalışan peşəkarlar kimi fəaliyyət göstərirlər.

SEO üzrə ekspert nə iş görür?

Bunu yeni bir əməkdaşlıq alan SEO mütəxəssisi kimi düşünək. 

İlk mərhələdə saytın hazırkı vəziyyətini qiymətləndirir. SEO audit kimi çıxış edir. Google Analytics və digər analiz alətləri vasitəsilə səhifələrin trafiki, istifadəçi davranışı və texniki çatışmazlıqlarını araşdırır.

Daha sonra strategiya hazırlayır. Saytın 6 ay, 1 il və ya daha fərqli zaman kəsiyində harda olacağını təxmin edir və buna görə addım-addım planlama aparır.

Strategiyanı qurduqdan sonra əsas fəaliyyətə başlanılır. Bura on-page SEO, off-page SEO və texniki SEO aiddir. Hər üçün mütəxəssisin növbəti periodda görəcəyi işlərə ümumilikdə verilən adlardır. 

Onun etməli olduğu on-page SEO işlərinə qısaca izah versək, bura saytın daxilində görülməli bütün işlər daxildir. Bu iş heç də təkbaşına görülmür. O kopirayterdən məzmunla, dizaynerdən dizayn işləri ilə bağlı dəstək alır.

Uğurlu backlink strategiyası isə off-page SEO üçün görüləcək işlərin əsas başlığıdır.

Texniki SEO tərəfində isə onlar daha çox developerlərlə əməkdaşlıq edir. Ortaya çıxan problemlər həll olunur. Saytda görülən bütün texniki işlər bu əməkdaşlıq sayəsində həll olunur. 

Yenidən nəzərdən keçirək. Bu mütəxəssislər analitik kimi çıxış edir, audit işləri aparır, strategiya qurur, on-page SEO, off-page SEO və texniki SEO kimi əsas işləri görür. 

SEO üzrə mütəxəssisin hansı bacarıqları olmalıdır?

Peşəkar SEO mütəxəssisi həm yumşaq bacarıqlara, texniki bacarıqlara sahib olmalıdır. 

Texniki bacarıqlar (Hard skills)

Texniki bacarıqlar gündəlik fəaliyyətin əsasını təşkil edir. Bu sahədə uğurlu olmaq üçün aşağıdakı texniki biliklər vacibdir:

Açar söz araşdırmasıİstifadəçi niyyətinə uyğun olan axtarış ifadələrinin tapılması və qiymətləndirilməsi
On-page SEOBaşlıqların, meta təsvirlərin və kontentin düzgün qurulması
Link buildingEtibarlı mənbələrdən backlink əldə etmək 
Texniki SEOSaytın texniki işlərinin görülməsi
Analitika Google AnalyticsSearch Console kimi analitik vasitələrlə performansın izlənməsi
UX İstifadəçi davranışlarının analiz olunması
Kontent marketinqSEO üçün uyğun məzmun yaratmaq və prinsiplərini dərk etmək
CMS ilə işləməkWordPress kimi platformalarda kontentin idarə olunması

Yumşaq bacarıqlar (Soft skills)

Yumşaq bacarıqlar SEO üzrə mütəxəssisin işini daha çevik və təsirli edir. Bu bacarıqlar komanda işi, analiz və adaptasiya üçün vacibdir:

  • Ünsiyyət 
  • Komanda ilə işləmə
  • Tənqidi düşüncə
  • Adaptasiya
  • Detallara diqqət
  • Zamanın idarə olunması 

SEO üzrə mütəxəssis harada işləyir?

SEO üzrə mütəxəssis müxtəlif mühitlərdə çalışa bilər. Bu peşə çevikliyi və geniş seçim imkanları ilə seçilir. 

Təcrübə səviyyəsinə və şəxsi hədəflərə uyğun olaraq bu sahədə çalışanlar fərqli iş mühitlərini seçirlər.

Ən çox rast gəlinən iş yerləri aşağıdakılardır:

  • Reklam agentlikləri – Müxtəlif sektorlardan olan müştərilərlə işləmək və fərqli strategiyalar tətbiq etmək imkanı yaradır.

  • Şirkət daxili – Tək bir brendin rəqəmsal böyüməsinə fokuslanmaq və dərin analizlər aparmaq imkanı verir.

  • Frilans – Müstəqil şəkildə müxtəlif müştərilərlə işləmək, çevik iş qrafiki və daha geniş müştəri bazası əldə etmək olur.

Necə SEO eksperti olmaq olar?

SEO mütəxəssisi olmaq üçün ardıcıl şəkildə bilik qazanmaq, praktika aparmaq və daim yenilənən tendensiyaları izləmək vacibdir. 

Rəqəmsal marketinq sahəsində ali təhsil mütləq olmasa da, marketinq, biznes, kommunikasiya və ya data sahəsində alınan təhsil çox böyük üstünlükdür. Aşağıdakı addımlar bu sahədə uğur qazanmaq üçün izlənilə bilər:

1. SEO-nun əsaslarını öyrənin. Əvvəlcə axtarış mühərriklərinin necə işlədiyini, açar sözlərin nə olduğunu və səhifələrin necə sıralandığını başa düşün. Google-un rəsmi SEO bələdçisi və aparıcı bloqlar bu sahəyə giriş üçün faydalıdır.

2. Rəqəmsal marketinq kurslarına qoşulun.  Coursera, Semrush Academy, HubSpot kimi platformalarda təklif olunan kurslar və ya ödənişli rəqəmsal marketinq kursları vasitəsilə rəqəmsal marketinqin əsaslarını anlayın.

3. Praktiki təcrübə qazanın. Öz şəxsi bloqunuz üzərində işləyin. Təcrübə proqramlarına qoşulun. SEO öyrənmək üçün ən əsas şərt real layihələrdir.

4. SEO alətləri ilə işləməyi öyrənin. Google Search Console, Ahrefs, SEMrush, Screaming Frog kimi vasitələrlə analiz aparmağı və nəticələri şərh etməyi bacarın.

5. Yenilikləri izləyin. Alqoritmlər daim dəyişir. SEO bloqları və peşəkarları izləyərək yeniliklərdən xəbərdar olun.

6. Netvörkinq qurmağa çalışın. 

7. İş tapın. Marketinq komandalarında və ya agentliklərdə təcrübə keçərək real mühitdə davamlı işləmək bacarıqlarınızı inkişaf etdirəcək.

SEO mütəxəssisinin Azərbaycanda maaşı

Bütün dünyada olduğu kimi SEO mütəxəssisi üçün əmək haqqı bir neçə amildən asılı olaraq dəyişir. 

Bu amillərə təcrübə səviyyəsi, texniki bacarıqlar, işlədiyi şirkət növü və layihələrin miqyası daxildir. 

Rəqəmsal marketinq sahəsinə olan tələbatın artması nəticəsində SEO üzrə ixtisaslaşmış mütəxəssislərə olan maraq da yüksəlməkdədir.

Yeni başlayan mütəxəssislər üçün əmək haqqı adətən aylıq 700–1000 AZN aralığında olur. 

İki ildən çox təcrübəyə sahib olan orta səviyyəli SEO üzrə mütəxəssislər isə 1000–1500 AZN arasında maaş ala bilir. Bu mütəxəssislər artıq layihələri müstəqil şəkildə idarə edir, SEO strategiyalarını planlaşdırır və nəticə yönümlü çalışırlar.

Ekspert olanlar, yəni böyük agentliklərdə və ya korporativ şirkətlərdə çalışan SEO üzrə ekspertlər isə 2000 AZN və daha artıq əmək haqqı əldə edə bilir. Bu səviyyədə olanlar komanda idarə edir, çoxsaylı müştərilərlə işləyir və strateji yön vermə qabiliyyətinə malikdir.

Frilans çalışan SEO mütəxəssisləri isə layihə əsaslı gəlir əldə edir. Qazanc miqdarı birbaşa təcrübə, reputasiya və layihələrin miqyasından asılıdır. Aylıq 200 manat da ola bilər, 2000 manat da.

Nəticə

SEO mütəxəssisi saytların axtarış sistemlərində daha uğurlu nəticələr əldə etməsi üçün çalışan rəqəmsal marketinq mütəxəssisləridir. 

Əgər siz rəqəmsal trendləri izləməyi sevirsinizsə, məlumat üzərində işləməyə marağınız varsa və daim yenilənən bir sahədə işləməyi xoşlayırsınızsa, SEO üzrə mütəxəssis olmaq sizin üçün əla seçim ola bilər. 

Azərbaycanda bu sahəyə olan tələbat getdikcə artır və peşəkar inkişaf üçün geniş imkanlar mövcuddur.

Əgər saytınız axtarış nəticələrində görünmürsə və ya trafikiniz gözlənilən səviyyədə deyilsə, bu zaman peşəkar dəstəyə ehtiyacınız ola bilər. 

Əgər SEO xidməti almaq istəyirsinizsə, bizim komandamızda fəaliyyət göstərən təcrübəli SEO ekspertləri  saytınızın cari vəziyyətini analiz edir və onu necə təkmilləşdirmək barədə sizə pulsuz konsultasiya verir.

Burada