Əgər uzun müddətdir ki, SEO ilə məşğul olursunuzsa və saytınız hələ də yuxarı pillələrdə qərarlaşmırsa, səbəb etdiyiniz SEO səhvləri ola bilər.
SEO-da həddindən artıq diqqət etməli olduğunuz nüanslar var. Nüansların sayının çox olması da iş prosesi zamanı bəzi səhvlərin edilməsinə və ya bəzi işlərin gözardı olunmasına səbəb olur.
Bu yazıda sizin üçün ən çox rast gəlinən SEO problemlərini bir yerə gətirmişik.
Açar söz araşdırması etməmək
Edilən SEO səhvlərini araşdırmağa açar sözlərlə bağlı edilən xətalarla start verək.
Effektiv SEO strategiyasının əsasında yaxşı aparılmış açar söz araşdırması dayanır. Sözlərin təsadüfi seçilməsi və ya yalnız şəxsi düşüncələrə əsaslanaraq məzmun yaratmaq istifadəçi tələbatını və axtarış davranışını gözardı etməkdir.
Açar söz araşdırması sizə auditoriyanın nəyə maraq göstərdiyini, hansı sualları verdiyini və hansı terminlərlə axtarış etdiyini göstərir. Bu məlumatlar əsasında yazılmış məzmun daha çox orqanik trafik, daha yüksək CTR və daha uyğun istifadəçi təcrübəsi təmin edir.
Açar söz araşdırması etməmək isə bir çox istiqamətdə sizə mənfi təsir edir. Saytınız uyğun açar sözlər üçün sıralanmır, rəqiblər sizdən üstün mövqe tutur və auditoriyanız sizi tapmaqda çətinlik çəkir.
Axtarış niyyətinin nəzərə alınmaması
Düzgün açar söz seçmək vacibdir, lakin bu sözlərin arxasında duran istifadəçi niyyətini anlamaq daha önəmlidir. Hamı yüksək axtarış həcmi olan ifadələrə fokuslanır, amma istifadəçinin nəyə ehtiyac duyduğunu nəzərə almadan bunu edirlər.
Axtarış niyyəti istifadəçinin axtarışı edərkən nə məqsədlə bunu etdiyini göstərir. Məsələn, bir istifadəçi “ən yaxşı ayaqqabılar” yazdıqda müqayisə etmək istəyir, məlumat almaq istəyir.
“Ayaqqabı mağazası” yazdıqda isə artıq alış üçün hazırdır. Hər iki ifadə oxşar görünsə də, onların məqsədi və ehtiyacı fərqlidir.
Bu problemi həll etmək üçün açar sözləri seçərkən onların hansı növ niyyətə cavab verdiyini analiz etmək vacibdir. Məzmunu təkcə sözlərə deyil, həmin sözlərin arxasında duran suallara uyğunlaşdırmaq lazımdır. Belə olduqda həm axtarış motorları, həm də real istifadəçilər sizin məzmununuzu faydalı hesab edəcək.
Açar sözlərdən həddən artıq istifadə etmək
Əgər açar söz araşdırması etməməkdən daha böyük bir səhv varsa, o da açar sözləri həddindən artıq istifadə etməkdir.
Bir neçə il əvvəl bu üsul axtarış sistemlərini manipulyasiya etməyə kömək edə bilərdi. Amma bu gün bu, nəticələri aşağı salan ən ciddi SEO səhvləri sırasındadır.
“Keyword stuffing” də adlanan bu problem açar sözlərin məzmun daxilində həddindən artıq və təbii olmayan şəkildə təkrarlanmasıdır. Açar söz sıxlığı o zaman yaranır ki, eyni ifadə bir paraqrafda dəfələrlə istifadə olunur. Məzmun gündəlik dildən uzaqlaşır.
Misal olaraq, yerli saytların birinə nəzər salaq. Çox qısa bir paraqrafda ən azı 5-6 dənə açar söz işlədilib.

Əgər açar söz sizin bloqunuzda təbii şəkildə təkrarlanıbsa, burada böyük problem yoxdur. Bəzən açar sözlərin sinonimi, əvəzedicisi olmur. Ya da açar söz olur ki, onu çox istifadə etməsən, məzmun təbii alınmır. Bu halda normadan artıq istifadə qəbul olunandır.
Unutmayın ki, məzmun alqoritmlər və botlar üçün yazılmır. Onları sizin kimi real insanlar oxuyur.
Siz kontent optimizasiya edərkən açar söz sıxlığını ölçmək üçün müxtəlif CMS plugin-lərindən istifadə edə bilərsiniz.
Lakin aşağıdakı düstur ilə özünüz də rahat şəkildə hesablaya bilərsiniz.

Mobil istifadəçilərin nəzərə alınmaması
Ölkəmizdə olan ən əsas veb-sayt və SEO səhvlərindən biridir.
Uzun müddətdir ki, Google kimi axtarış sistemləri mobil cihaz istifadəçilərini prioritet sayır. Buna baxmayaraq, bir çox sayt sahibləri bu dəyişikliyi görməzdən gəlir.
UI/UX dizayn zamanı və daha sonra sayt qurularkən responsivlik nəzərə alınmadıqda saytlar daha yavaş yüklənir, naviqasiya çətinləşir və istifadəçi təcrübəsi zəifləyir.
Bu isə istifadəçilərin saytı tez tərk etməsinə səbəb olur. Nəticədə bounce rate artır. Alqoritmlər sizin saytınız haqqında mənfi siqnallar qeydə alır.
Zəif kontent marketinq
SEO səhvlərindən danışırıqsa, kontent marketinqə mütləq yer ayırmalıyıq. Zəif hesab olunan məzmun marketinqinə dublikat, dəyərsiz, başqa yerdən kopyalanmış, süni intellektlə yazılmış məzmunlar bura daxildir.
Kontent marketinq hər bir SEO strategiyasının əsasını təşkil edir. Lakin çox sayda sayt sahibləri dublikat və ya zəif məzmundan istifadə edərək ciddi SEO səhvi edirlər.
Bəzi hallarda rəqib saytların mətnləri olduğu kimi köçürülür, bəzən isə yalnız səthi məlumat verən, oxucuya real dəyər qatmayan yazılar paylaşılır.
Xatırlamaq lazımdır ki, Google hər şeyi istifadəçi üçün edir. Orijinal, dərin və istifadəçiyə fayda verən məzmunu üstün tutur.
Buna görə də istifadəçilər üçün lazımlı məzmun yaratmağa məcbursunuz.
Kontent marketinqlə bağlı SEO səhvlərindən biri də ayda, ildə bir dəfə bloq paylaşmaqdır.
Siz vaxtaşırı öz istifadəçilərinizlə məzmun paylaşmalısınız. Bu həm istifadəçilərə xidmətdir, həm də axtarış sistemləri üçün “mən aktivəm” siqnalıdır.
Daxili linkləməni unutmaq
Daxili keçidlər çox vaxt nəzərə alınmayan, lakin SEO baxımından olduqca vacib bir sahədir.
Veb-saytların əksəriyyəti bu aspektə ya ümumiyyətlə diqqət yetirmir, ya da əlaqəsiz və uyğunsuz keçidlərdən istifadə edir.
Daxili linkləmənin əsas məqsədi səhifələri bir-biri ilə əlaqələndirmək və izləyicini bir səhifədən digərinə keçməyə sövq etməkdir. Eyni zamanda istifadəçilər üçün də saytın strukturunu izləməyi asanlaşdırır.
Həmçinin zəif daxili linkləmə axtarış motorlarının saytınızdakı məzmunu anlamaqda çətinlik çəkməsinə səbəb olur.
Hər zaman saytınızda daxili keçidləri məntiqli şəkildə qurmağa çalışın. Əlaqəli səhifələri və əlaqəli ola biləcək məzmunlardan bir-birinə keçid verin.
Misal üçün, “ROAS nədir?” adlı bloqumuza nəzər salaq.

Burada biz ROAS-ın nə olduğu və haqqında məlumat verdikdən sonra bu metriklə ən çox qarışdırılan və ən çox müqayisə olunan digər metrik haqqında yazdığımız bloqa keçid vermişik.
Nəticədə, bu bloqu oxuyan istifadəçi ehtiyac duyarsa, girib ROI haqqında da bloqu oxuyacaq.
Eyni zamanda, səhifəni oxumağa gələn botlar da bu linki istifadə edərək həmin səhifəyə keçid edəcək.
Zəif backlink strategiyası
Backlink strategiyası SEO üçün ən vacib amillərdən biridir. Sizin saytın yerli və xarici, həm də etibarlı mənbələrdən keçid alması ən güclü reytinq siqnallarından biridir.
Bir çox sayt sahibləri bu sahədə SEO səhvləri edərək sayta süni yollarla link almağa üstünlük verirlər. Beləliklə, saytınız spam olaraq dəyərləndirilir. Əlaqəsiz, etibarsız backlinklər hər zaman spam xarakterlidir.
Google bu linkləri manipulyasiya cəhdi kimi qəbul edir.
Keyfiyyətli backlink qazanmaq üçün:
- Xəbər saytlarında press-relizlər paylaşın
- Kəmiyyət yerinə keyfiyyətə üstünlük verin
- Spam və keyfiyyətsiz backlink satanlardan uzaq durun
- Keyfiyyətli məzmun və araşdırmalar yaradın
- Başqa uğurlu saytlarda “qonaq” bloqları paylaşın.
Gəlin yerli saytların birinin backlink profilini nəzərdən keçirək. 25 veb-saytdan ümumilikdə 483 müxtəlif backlink alınıb. Yuvarlaq olaraq 500 deyək. Ortalama götürsək, hər veb-saytdan 20-ə yaxın backlink gəlir. Real danışsaq, bu saytların bəzilərindən bir-iki, bəzilərindən isə 30-35 müxtəlif backlink alınıb.
Nəticə etibarı ilə keyfiyyətə yox, məhz kəmiyyətə önəm verilib. Buna görə də domen reytinqi çox aşağıdır.
Yadda saxlamaq lazımdır ki, alınan backlinklər də təbii şəkildə olmalıdır.

Lokal axtarışların nəzərə alınmaması
Əgər biznesiniz müəyyən bir coğrafi bölgədə xidmət edirsə, yerli axtarışlara önəm verməmək ciddi SEO səhvlərindən biridir.
Azərbaycan kiçik ölkə olduğu üçün və əsas bizneslər Bakıda cəmləndiyi üçün bəzən bu problem gözə batmır. Ancaq bir çox hallarda bizneslərə ciddi ziyan vurur.
Xidmət sahibləri, restoranlar və hətta tibb müəssisələri çox vaxt bu aspekti unudaraq yerli müştəriləri itirirlər.
Nümunə ilə izah edək. Məsələn, sizin Gəncədə restoranınız var. Siz ilk növbədə işlətdiyiniz açar sözləri öz şəhərinizə görə uyğunlaşdırmalısınız. Bakıda yaşayan və gecə saat 00:30-da pizza restoranı axtaran istifadəçi sizin hədəf kütləniz deyil.
Ancaq lokal SEO sadəcə açar sözə şəhər adı əlavə etməklə bitmir. Trafikləri öz xeyrinizə dəyişmək üçün Google Business profilinizin tam şəkildə doldurulması, ad-üncan-telefon məlumatlarınızın bütün platformalarda eyni və dəqiq qeyd olunması və istifadəçi rəylərinin toplanması vacibdir..
Bu məlumatlar axtarış motorlarının sizi etibarlı və uyğun hesab etməsinə kömək edir.
Yerli optimizasiya mobil istifadəçilər üçün də vacibdir. İnsanlar axtarış edəndə sizi xəritələrdə, lokal axtarışlarda çıxmırsınızsa, potensial müştərilər rəqiblərinizə yönələcək.
Şəkillərin optimizasiya edilməməsi
Veb-saytdakı şəkillər təkcə vizual cəlbedicilik üçün deyil, həm də texniki performans və SEO üçün mühüm rol oynayır.
Amma bir çox adam şəkillərin optimizasiyasına kifayət qədər diqqət yetirmir.
Çox böyük ölçülü şəkillər səhifənin yüklənmə sürətini zəiflədir. Bu həm istifadəçi təcrübəsini azaldır, həm də axtarış motorlarına mənfi siqnal ötürür.
Digər tərəfdən, alt mətnləri olmayan və ya mənasız şəkildə adlandırılmış şəkillər də sizə müsbət heç nə vəd etmir.
Bu SEO səhvlərindən qaçmaq üçün şəkillərin ölçüsünü azaltmaq, uyğun format seçmək və fayl adlarında məzmunla əlaqəli açar sözlərdən istifadə etmək tövsiyə olunur.
Həmçinin dekorativ olmayan hər bir şəklə onu ifadə verən alt mətn əlavə edilməlidir.
Uğurlu şəkil optimizasiyası üçün nümunəyə baxaq. Əlavə olunan şəkil üçün qısa və açıq-aydın alt mətn yazılıb, əlaqəli fayl başlığı qoyulub. Fayl tipi dəstəklənən və aşağı ölçülüdür.

Nəticələri ölçməmək
SEO-nun effektiv olub-olmadığını qiymətləndirmək üçün nəticələrin dəqiq şəkildə ölçülməsi vacibdir. Analitikaya zaman ayırmamaq da SEO səhvləri sırasına daxildir.
Google Analytics və Google Search Console kimi alətlər sizə saytınıza gələn istifadəçilərin davranışlarını, hansı səhifələrin daha çox maraq gördüyünü və hansı açar sözlərin trafik gətirdiyini göstərir. Əgər bu məlumatlara əsaslanmadan SEO qərarları verirsinizsə, inkişafı şansa buraxmış olursunuz.
Nəticə
Əgər bu sahədə yenisinizsə, SEO səhvləri qaçınılmaz ola bilər. Lakin onları vaxtında aşkar edib düzəltmək sizin əlinizdədir.
Ən önəmlisi odur ki, hər bir səhv bir inkişaf fürsətdir. Mövcud strategiyanızı təhlil edərək və bu yazıdakı tövsiyələri tətbiq edərək, saytınızı daha güclü, daha etibarlı və dəyərli hala gətirə bilərsiniz.
Əgər bu sahədə dəstəyə ehtiyacınız varsa, xidmətlərimizdən yararlana bilərsiniz.