10 Addımda Effektiv SEO Strategiyası Necə Qurulur?

Rəqəmsal marketinqin istənilən sahəsində strategiya olmadan heç nə əladə etmək olmur. SEO-da bura daxildir. Uzunmüddətli SEO strategiyası hazırlamadan, KPI təyin etmədən uğur qazanmaq çox çətin olur.

SEO-da strategiya orqanik trafik cəlb etməyə, hədəf auditoriyanı tapmağa və rəqiblər arasında fərqlənməyə kömək edir.

Bloqumuzda SEO strategiyasını sıfırdan qurmağı və mərhələlərini addım-addım izah edəcəyik.

SEO strategiyası nədir?

SEO strategiyası saytınızın Google və digər axtarış motorlarında daha yaxşı yer tutması üçün qurulan uzunmüddətli və məqsədyönlü bir plandır.

Məqsəd istifadəçilərin axtardığı mövzularla məzmununuzu uyğunlaşdıraraq orqanik trafik cəlb etmək və saytınıza daha çox əlaqəli ziyarətçi gətirməkdir.

Effektiv SEO strategiyası üç əsas istiqaməti birləşdirir: on-page SEO, off-page SEO və texniki SEO.

SEO strategiyası necə qurulur?

Effektiv SEO strategiyası yaratmaq sadəcə açar söz tapmaqdan ibarət deyil. 

Auditoriyanı tanımaq, rəqibləri analizi etmək, düzgün məzmun yaratmaq və nəticələri izləmək kimi bir çox mərhələdən ibarət olan düşünülmüş prosesdir.

Gəlin bu prosesi daha detallı və mərhələlərlə araşdıraq.

1. Auditoriyanızı və axtarış niyyətini başa düşün

Strategiyaya başlamazdan əvvəl bilməli olduğunuz ilk şey kimə müraciət etdiyiniz və onların axtarış niyyətidir.

Bir çox insan birbaşa açar söz araşdırmasına başlayır və bu mərhələni ötürür. Bu mərhələni ötürmək sizi səhv yönləndirə bilər və zəif nəticələrə aparar.

Auditoriyanızı başa düşmək üçün onların maraq dairələrini, problemlərini və davranışlarını müəyyən edin. Məsələn, kimsə “SEO nədir?” kimi sorğu maraqlandırırsa, o hələ öyrənmə mərhələsindədir. Ancaq “ən yaxşı SEO alətləri 2025” axtaran biri artıq müqayisə edir və qərar verməyə yaxındır.

Bunları bilmək üçün isə “marketing funnel” anlayışını yaxşı qavramaq lazımdır.

Axtarış niyyətini düzgün müəyyənləşdirmək bounce rate göstəricisini azaldır. İstifadəçi təcrübəsini təkmilləşdirir. 

Google Analytics, Search Console və Semrush kimi vasitələrdən istifadə edərək auditoriyanızın nə axtardığını dəqiq analiz edə bilərsiniz. 

Bu məlumatlar strategiyanızı formalaşdırmaq üçün ilk addım olacaq.

2. Açar söz araşdırması aparın

Auditoriyanızın kim olduğunu və niyyətləri bildikdən sonra növbəti addım açar söz araşdırmasıdır. 

Bu mərhələdə məqsəd istifadəçilərin real olaraq yazdığı və sizin biznesinizə uyğun olan açar söz və ifadələri tapmaqdır.

Əsas açar sözlərlə yanaşı uzun quyruqlu açar sözlərə də diqqət yetirin. Məsələn, “SEO” geniş və rəqabətli bir termindir, amma “effektiv SEO strategiyası” kimi uzun ifadələr daha nişdir.

Araşdırma zamanı Semrush, Ahrefs, və Google Keyword Planner kimi alətlərdən istifadə edərək:

  • Açar sözlərin aylıq axtarış həcmini
  • Rəqabət səviyyəsini
  • Mövzu ilə bağlı digər semantik və sinonim sözləri
  • Rəqiblərin istifadə etdiyi açar sözləri öyrənə bilərsiniz
"xaricde tehsil" üçün Açar söz araşdırması

Lakin açar sözləri tapmaq kifayət deyil. Onu düzgün şəkildə istifadə etmək lazımdır. 

Hər məqalə bir əsas açar sözə fokuslanmalı və məzmunda semantik sözlər, mütləq sinonimlər və mövzu ilə əlaqəli ola biləcək ifadələr də yer almalıdır. 

Bundan əlavə, açar söz araşdırması üçün SERP-i yaxşı analiz edin.

3. SERP-də ilk səhifəni təhlil edin

Açar sözləri seçdikdən və rəqibləri analiz etdikdən sonra növbəti addım Google-da nəticələr səhifəsini dərindən təhlil etməkdir. Çünki bu səhifə sizə Google-da hansı tip məzmunun üstün olduğunu, istifadəçi niyyəti ilə hansı formatların uyğun olduğunu və nələrin işlədiyini açıq şəkildə göstərir.

İnsanların başqa hansı ifadələri axtardığını da SERP-dən tapa bilərsiniz. “İnsanlar bunu da soruşur” başlığı ilə Google sizə potensial müştərilərinizin hansı əlaqəli topikləri axtardığını göstərir. Sizin həmin açar sözə uyğun necə məzmun hazırlamalı olduğunuz barədə ipucları verir.

SERP-də "İnsanlar bunu da soruşur" bölməsi

Aşağıdakı SERP elementlərinə də diqqət etməklə həm texniki, həm də məzmun baxımından hansı standartlara uyğunlaşmalı olduğunuzu bilə bilərsiniz.

"audit xidməti" üçün SERP analizi

Ən əsası isə hər zaman boşluqları axtarın. Əgər birinci səhifədəki məqalələr müəyyən mövzuya səthi yanaşırsa və ya müəyyən suallara cavab vermirsə, bu sizin üçün fürsətdir. 

4. Rəqiblərinizi və onların strategiyalarını

SEO-da uğur qazanmaq üçün təkcə öz saytınıza baxmaq kifayət deyil. Rəqiblərinizi təhlil etmək də olduqca vacibdir. 

Bu sizə hansı açar sözlərin işlədiyini, hansı mövzularda boşluqlar olduğunu və bazarda necə fərqlənə biləcəyinizi göstərir.

İlk addım kimi əsas açar sözlərinizi Google-da axtarın və ilk səhifədə kimlərin yer aldığını analiz edin. 

Bu saytlar sizin birbaşa SEO rəqiblərinizdir. Onların domen analizini edin.

Domen analizi nəticələri

Hansı mövzularda məzmun yaratdığına, sayt strukturuna, hansı backlinkləri aldığına diqqət edin.

Backlink analiz nəticələri

Analiz edərək onların istifadə etdiyi strategiyanın hansı tərəflərinin effektiv olduğunu anlaya bilərsiniz. 

Eyni zamanda onların çatışmazlıqları sizə fürsət yarada bilər. 

Sadəcə unutmayın ki, rəqib analizi sadəcə rəqibləri kopyalamaq üçün deyil. Mövcud olan boşluqları müəyyən etmək, güclü tərəflərini mənimsəmək və daha yaxşısını etmək üçündür.

5. Mövzuları seçin və planlaşdırın

Bu addımda siz SEO üçün məzmun strategiyanızı qurmağa başlamalısınız. 

Məzmun strategiyanız məqsədlərə uyğun qurulmalı, axtarış niyyətini qarşılamaqla yanaşı, saytınızın strukturuna da dəstək verməlidir.

İlk olaraq, əsas mövzuları müəyyənləşdirin. Bu, sizin əsas fəaliyyət sahənizi və istifadəçinin axtarış maraqlarını əhatə etməlidir. 

Hər əsas mövzu üçün əsas məqalə yaradın və onu əlaqəli məqalələr ilə əlaqələndirin. 

SEO strategiyasında əlaqəli mövzuların qurulması

Bu yanaşma həm istifadəçiyə naviqasiyada kömək edir, həm də axtarış sistemlərinə saytınızın müəyyən sahədə ixtisaslaşdığını göstərir.

Məzmunları planlamaq üçün kontent təqvimi hazırlayın. Hansı gün nə paylaşılacaq, hansı açar söz hədəflənəcək, hansı səhifəyə daxili link veriləcəksə, hamısını öncədən müəyyən edin. Bu sizə disiplin və keyfiyyət gətirəcək.

Unutmayın ki, bəzi mövzular zamanla köhnəlir. Ona görə də planınızda məzmunları yeniləmək üçün də vaxt ayırın.

6. Məzmun marketinqi strategiyasını icra edin

SEO strategiyanızın mərkəzində duran əsas amil keyfiyyətli kontent marketinqdir.

İstifadəçiyə real dəyər verməyən məzmun heç vaxt uzunmüddətli nəticə gətirməz. Bunu biz yox, Google deyir.

Buna görə də güclü və məqsədyönlü məzmun marketinqi strategiyası hazırlamaq vacibdir.

İlk olaraq, təyin etdiyiniz mövzular üzrə istiqamət seçin. Bloq yazıları, case study-lər, video məzmun sizin üçün istiqamət ola bilər.

Məzmun hazırlayarkən semantik axtarış prinsiplərinə diqqət yetirin. Yəni yalnız əsas açar sözlərdən deyil, həm də əsl sinonimlərdən, əlaqəli ifadələrdən və topiki əlaqəli anlayışlardan istifadə edin. 

Məsələn, “SEO xidmətləri” mövzusunu yazarkən bir öncəki addımda müəyyən etdiyiniz əlaqəli mövzuların açar sözlərini də bura daxil edin. Bununla da sizin məzmununuz əlaqəli olacaq, məntiqi şəkildə daxili linkləməyə kömək olacaq və istifadəçi təcrübəsini yaxşılaşdıracaq.

Kontent yalnız informativ deyil, həm də cəlbedici və istifadəçi yönümlü olmalıdır. Quru məlumatdan uzaq durun. Problemləri həll edən, praktik məsləhətlər verən və istifadəçiyə yönəlmiş məzmun təqdim edin. 

Davamlı və “evergreen” məzmuna fokuslanın. Zaman keçdikcə dəyərini itirməyən, mütəmadi olaraq yenilənə biləcək mövzulara üstünlük verin. 

7. On-page SEO elementlərini optimallaşdırın

SEO üçün kontent marketinqdə iki şey önəmlidir. Keyfiyyətli kontent yazmaq və onu axtarış sistemlərinin tələblərinə uyğun optimallaşdırmaq.

Məzmununuz nə qədər dəyərli olsa da, onun on-page SEO elementləri düzgün optimallaşdırılmadıqda axtarış sistemlərində uğur qazanmaq çətinləşir. 

On-page optimizasiya daha anlaşıqlı olmasını təmin edən addımları əhatə edir.

Məzmunu düzgün optimizasiya etmək üçün aşağıdakı elementlərə fikir vermək lazımdır. 

  1. Açar sözlərin düzgün yerləşdirilməsi
  2. Başlıq və meta təsvirlərin uyğun yazılması
  3. URL strukturu
  4. Məzmun strukturu
  5. Daxili keçidlər 
  6. Şəkil optimizasiyası
  7. Responsivlik
  8. Sayt sürəti 
  9. Açar söz sıxlığı 

8. Off-page SEO və backlink strategiyanızı qurun

SEO strategiyasının vacib hissələrindən biri də off-page SEO və backlink strategiyasıdır. 

Bu mərhələ saytınıza digər etibarlı mənbələrdən keçidlər əldə etməklə saytınızın nüfuzunu və domen avtoritetini artırmağa yönəlir. 

Google üçün backlink bir növ tövsiyə kimi dəyərləndirilir və keyfiyyətli keçidlər reytinqinizə birbaşa təsir edir.

Backlink-lərin effektiv olması üçün keyfiyyət ön plandadır. Məsələn, sahənizdə nüfuzlu bloqdan gələn link, tanınmayan və zəif keyfiyyətli bir saytdan gələn onlarla linkdən daha dəyərlidir. 

Eyni zamanda backlink profilinizi daim izləmək vacibdir. Semrush və Ahrefs kimi alətlərlə saytınıza hansı domenlərin keçid verdiyini, hansı linklərin artıq mövcud olmadığını və zərərli saytlardan gələn potensial təhlükəli keçidləri müəyyənləşdirə bilərsiniz.

9. Texniki SEO-ya fikir verin

Texniki SEO saytınızın axtarış sistemləri tərəfindən problemsiz şəkildə indekslənməsi və istifadəçilər tərəfindən rahat istifadə olunması üçün arxa planda görülən texniki işlərdir.

Texniki baxımdan zəif qurulmuş sayt nə qədər keyfiyyətli məzmun və backlink-lərə malik olsa da, SERP-də yüksək sıralar əldə etməsi çətin məsələdir.

İlk növbədə diqqət edilməsi vacib olan amil  səhifənin sürətidir. Ləng saytlar istifadəçiləri qaçırır və bounce rate-in artmasına səbəb olur. Google PageSpeed Insights kimi alətlər vasitəsilə saytın sürətini analiz edin.

Texniki SEO analiz nümunəsi

Diaqnostika nəticələrinə uyğun optimizasiyalar aparın.

Texniki SEO problemləri üçün siyahı

İkinci vacib məqam responsivlikdir. Google artıq mobil versiyanı əsas götürür. Responsiv dizayn, oxunaqlı yazı ölçüsü və asan naviqasiya bu sahədə əsas kriteriyalardır.

Saytın indekslənməsi məsələsi də önəmlidir. Robots.txt faylınızın düzgün konfiqurasiya olunduğundan əmin olun. Sayt xəritəsini Google Search Console vasitəsilə təqdim edin. Bu addım Google botlarının saytınızı daha effektiv indeksləməsinə kömək edir.

Əlavə olaraq, URL strukturu sadə və aydın olmalı, mümkün qədər statik və açar sözlərə uyğun hazırlanmalıdır. Dinamik və anlaşılmaz URL-lər həm istifadəçi, həm də botlar üçün problem yarada bilər.

Diqqət edin ki, texniki SEO bir dəfə yoxlanıb unudulacaq bir şey deyil. Sayt böyüdükcə yeni səhifələr əlavə olunduqca və alqoritm dəyişiklikləri baş verdikcə mütəmadi olaraq auditlər aparmaq vacibdir. 

SEO audit vasitəsilə bu məsələləri vaxtında aşkarlamaq və düzəltmək strategiyanızın davamlı effektivliyini təmin edir.

10. Nəticələri ölçün və SEO KPI-ları izləyin

SEO strategiyanızın işləyib-işləmədiyini anlamaq üçün onu davamlı olaraq ölçmək və analiz etmək mütləqdir. 

Bunu isə SEO KPI-ları vasitəsilə etmək mümkündür. KPI-lar sizə hansı sahələrin uğurlu, hansının isə optimallaşdırmaya ehtiyacı olduğunu göstərir.

Məqsədinizə uyğun KPI-ları müəyyən edin. Əgər məqsədiniz trafiki artırmaqdırsa, açar söz sıralamaları, orqanik trafik və SERP mövqeləri vacib göstəricilərdir. 

Əgər əsas məqsəd konversiyadırsa, konversiya nisbəti, trafikin keyfiyyəti və istifadəçi davranışlarına fokuslanmaq lazımdır.

Ən çox izlənilən SEO KPI-lar arasında bunlar var: 

  • açar söz sıralamaları 
  • istifadəçinin saytda keçirdiyi orta müddət 
  • bounce rate
  • backlink-lərin sayı və keyfiyyəti
  • səhifə yükləmə sürəti

Alınan nəticələrə uyğun isə optimizasiyalar aparmağı unutmayın. 

Nəticə

2025-ci ildə effektiv bir SEO strategiyası qurmaq yalnız texniki biliklərə əsaslanmır. Həm də auditoriyanızı anlamaq, faydalı məzmun yaratmaq və nəticələri daim izləyib təkmilləşdirmək bacarığı tələb edir.

Uğurlu SEO strategiyası üçün:

  • Auditoriyanızı və axtarış niyyətini anlayın
  • Effektiv açar söz araşdırması aparın
  • Google-un ilk səhifəsini təhlil edin
  • Rəqiblərin strategiyalarını analiz edin
  • Mövzularınızı seçin və məzmunu planlaşdırın
  • Güclü məzmun marketinqi strategiyası qurun
  • On-page SEO elementlərini optimallaşdırın
  • Saytdankənar SEO və backlink strategiyası qurun
  • Texniki SEO-nu tətbiq edin
  • SEO KPI-lar ilə nəticələri izləyin

Saytınızın axtarış sistemlərində üst sıralarda yer almasını istəyirsinizsə, peşəkar SEO xidmətimizdən yararlana bilərsiniz.

Burada