Sosial Media Meneceri (SMM) Kimdir?

SMM və ya sosial media meneceri brendlərin sosial platformalarda tanınması, auditoriya ilə ünsiyyət qurması və effektiv marketinq strategiyalarını həyata keçirməsi üçün əsas fiqurlardan biridir.

Sosial media marketinqi  müasir dövrdə bizneslərin uğuru üçün mühüm amildir. Brendlər sosial media vasitəsilə hədəf auditoriyaya daha tez və effektiv şəkildə çata bilir.

SMM-lər isə bu prosesin mərkəzində dayanaraq kontent yaradır, izləyicilərlə əlaqə qurur və marketinq kampaniyalarını idarə edir.

Bu məqalədə sosial media menecerinin vəzifələri, hansı bacarıqlara sahib olması lazım olduğu, Azərbaycanda bu peşənin qazancı və gələcək perspektivləri haqqında ətraflı məlumat əldə edəcəksiniz. 

SMM nə iş görür?

Bu şəxslərin əsas vəzifələrindən biri kontent təqvimini idarə etməkdir. Bu, məzmunun əvvəlcədən planlaşdırılması və cədvələ uyğun şəkildə paylaşılmasını, mövcud trendlərin, tədbirlərin və aktual xəbərlərin araşdırılmasını, eyni zamanda auditoriyanın maraqlarına uyğun strateji kontent planının hazırlanmasını əhatə edir.

Bundan əlavə, SMM müxtəlif sosial media platformalarında hesabları idarə edir. Səhifələrin aktiv saxlanılması, paylaşımların ardıcıllığına və vizual uyğunluğa diqqət yetirilməsi, izləyicilərlə qarşılıqlı əlaqənin təşkili vəzifənin tərkib hissəsidir.

Digər önəmli işlərdən biri reklam kampaniyalarının qurulmasıdır. Bu proses reklam strategiyasının hazırlanmasını, Facebook və Instagram reklam kampaniyaların yaradılmasını, reklam büdcəsinin düzgün idarə olunmasını və nəticələrin optimallaşdırılmasını nəzərdə tutur.

SMM eyni zamanda analiz və hesabatların hazırlanması ilə də məşğul olur. Paylaşımların və reklamların performans göstəricilərini izləyir. Statistik məlumatlara əsaslanaraq həftəlik və aylıq hesabatlar hazırlayır. Həmçinin bu nəticələr əsasında gələcək strategiyaların inkişaf etdirilməsinə töhfə verir.

Sosial media meneceri üçün vacib bacarıqlar

Bu məsələ olduqca geniş, bir qədər də müzakirə doğuran mövzudur. Çünki bu sahədə iş axtaran şəxslər SMM vakansiyası altında başqa öhdəliklərlə üzləşirlər. 

Bu vəzifənin yalnız hesabları və reklamları idarə etmək olduğunu müdafiə edənlər də var, video, dizayn kimi işlərin bu şəxsin məsuliyyətində olduğuna inananlar da.

Əslində, burada şirkətdə işin həcmi, komandanın necə ixtisaslaşması böyük rol oynayır. Məsələn, marketinq agentliyində çalışan SMM menecer ilə kiçik tur şirkətində çalışan SMM menecerin vəzifələri təbii ki, eyni ola bilməz. 

Ancaq danılmaz faktdır ki, bu sahə təkcə yaradıcı düşüncə ilə məhdudlaşmır, həm də analitik təhlil, strategiya qurma və texniki biliklər tələb edir. 

Məzmun yaratma və kopiraytinq

Sosial media meneceri kopirayter olmasa da, məzmun marketinqdindən anlayışlı olmalıdır.

Çünki bir çox şirkətlər bunu tələb edir. Hətta əksər SMM vakansiyalarında biz bu tələbləri müşahidə edirik. 

Dizayn və video redaktə

Biz qəti şəkildə SMM menecerin qrafik dizayner və ya mobiloqraf kimi işləməsini təbliğ etmirik. 🙂 

Lakin vizual məzmunun gücü sosial mediada böyük rol oynayır. Peşəkar mütəxəssis dizayndan qismən anlayışlı olmalıdır. 

Qısa videoların populyarlığını nəzərə alaraq TikTok, Instagram Reels və YouTube Shorts kimi platformaların məşhurluq qazanması və bu sahədə trendlərin böyük rol oynaması öhdəliyi artırır. 

Videoların çəkilməsini və edit prosesini “reelsmaker” və ya mobiloqraflar edir. Buna baxmayaraq, bəzi şirkətlərdə bu vəzifələr bir nəfərə verilir. Buna görə də video kontentin yaradılması da həmin şəxsin məsuliyyətinə aid olur. 

Sosial media strategiyası və planlaşdırma

Sosial media strategiyasının qurulması və kontent planının tərtib edilməsi sosial media menecerinin əsas öhdəliklərindən biridir.

Brendin hədəf auditoriyasına uyğun kontent strategiyası hazırlamaq, paylaşımların məqsədini müəyyənləşdirmək və sosial media planını düzgün qurmaq uğurun açarıdır. 

Bunun üçün rəqiblərin analiz edilməsi və ən yaxşı təcrübələrin tətbiqi mütləqdir.

Analitika 

Effektiv sosial media strategiyasının formalaşdırılması üçün analitik düşüncə tələb olunur. 

Sosial media meneceri paylaşımların nəticələrini ölçmək, engagement rate, reach və impressions kimi göstəriciləri təhlil edərək performansı qiymətləndirmək bacarığına malik olmalıdır.

Məlumatları analiz etmək və əldə olunan nəticələrə əsaslanaraq strategiyanı tənzimləmək brendin sosial mediada uğurunu artırır.

Analitika bacarıqları hesabatları yaratmaqda da SMM-in köməyinə çatır.

SEO və reklam bacarıqları

Sosial mediada postların daha geniş auditoriyaya çatması üçün SEO bilikləri vacibdir. Ona görə ki, bu gün hətta sosial şəbəkələr də optimizasiya tələb edir. 

Instagram SEO anlayışı bunun bariz nüminəsidir. Paylaşımlar axtarış sistemlərində və sosial platformalarda daha görünən olmalıdır. 

Bundan əlavə, Facebook Ads, Instagram Ads və LinkedIn Ads kimi ödənişli reklam vasitələrindən istifadə edərək hədəf auditoriyanı cəlb etmək sosial media menecerinin bacarıqları arasında yer almalıdır.

Müxtəlif məzmun növlərini test edərək (A/B testləri) ən yaxşı nəticəni əldə etmək uğurlu kampaniyalar üçün vacibdir.

Necə sosial media meneceri olmaq olar?

SMM olmaq istəyirsinizsə, bir neçə əsas addım atmalısınız. Bu sahəyə başlamaq üçün təhsil, təcrübə və alətlər haqqında məlumatlı olmaq vacibdir. 

1. Düzgün təhsil və biliklər əldə etmək

Bir çox sosial media meneceri rəqəmsal marketinq, kommunikasiya və ya media sahələrində təhsil alıb. 

Lakin bu, mütləq deyil.

Çoxları öz təcrübə və internet kursları ilə bu sahəyə daxil olub. HubSpot Academy, Meta Blueprint, Google Digital Garage və Coursera kimi platformalarda SMM olmaq üçün çox faydalı kurslar mövcuddur.

2. Praktik təcrübə qazanmaq

Nəzəri biliklər qədər praktiki təcrübə də önəmlidir. 

Öz sosial media hesablarınızı idarə edərək təcrübə qazana bilərsiniz. 

Bundan başqa müxtəlif “internship”lər də sizin köməyinizə çata bilər.

Ayrıca, frilans platformaları (məsələn, Upwork, Fiverr) vasitəsilə müştərilər tapmaq mümkündür.

3. Güclü portfolio yaratmaq

Əgər sosial media sahəsində karyera qurmaq istəyirsinizsə, güclü portfolioya sahib olmaq olduqca vacibdir. 

Portfolio sizin bacarıqlarınızı nümayiş etdirmək və potensial işəgötürənlərə real nəticələr təqdim etmək üçün əsas vasitədir. 

Burada əvvəlki layihələrinizə dair nümunələr yer almalıdır. Bu nümunələrdə hansı strategiyadan istifadə etdiyiniz, hansı kontentləri hazırladığınız və hansı platformalarda işlədiyiniz, eyni zamanda nəticələriniz aydın şəkildə göstərilməlidir. 

4. Sosial media alətləri ilə işləmək

Sosial media meneceri üçün vacib bacarıqlardan biri də müxtəlif sosial media alətləri və platformaları ilə işləməkdir. 

Bura təbii ki, bir və ya iki “tool” daxil deyil.

Sosial media marketinqinini müxtəlif istiqamətləri üzrə müxtəlif alətlərlə işləmə bacarığı tələb olunur.

Məsələn, SMM-dən tələb olunan əsas alətlər reklam sahəsi üzrə Linkedin Ads, Meta Ads misal göstərilə bilər.

5. Netvörkinq qurmaq

Sosial media meneceri olarkən netvörkinq qurmaq vacibdir. 

Sferadakı digər mütəxəssislərlə əlaqə qurmaq üçün LinkedIn və digər platformalarda aktiv olun. 

Sosial media qrupları və forumları üzərindən müzakirələrə qatılın və seminer və tədbirlər ilə biliklərinizi artırın. 

SMM maaşı nə qədərdir?

Azərbaycanda SMM-lərin maaşı bir neçə faktordan asılı olaraq dəyişir. 

Sahə üzrə maaşlar şəxsin təcrübə səviyyəsi, çalışdığı şirkətin böyüklüyü və fəaliyyət sahəsi, həmçinin tam zamanlı və ya frilans işləməsi ilə sıx əlaqəlidir.

Maaşlara təsir edən amillərdən başlıcası ən önəmli amillərdən biri təcrübə səviyyəsidir. Yeni başlayan və ya az təcrübəsi olan SMM-lər daha aşağı məvaciblə işə başlayırlar. Əksinə, sahədə təcrübəsi olan, nəticələr əldə etmiş və güclü portfoliosu olan peşəkarlar daha yüksək gəlir əldə edə bilirlər.

İkinci vacib amil şirkətin ölçüsü və fəaliyyət sahəsidir. Böyük və beynəlxalq şirkətlər daha geniş büdcəyə və resurslara malik olduqları üçün əməkhaqqı da daha yüksək olur. Kiçik bizneslər və startaplar isə daha məhdud büdcə ilə işlədikləri üçün təklif etdikləri maaş nisbətən aşağı ola bilər.

Bacarıqlar da maaş üzərində mühüm rol oynayır. SEO biliyi, rəqəmsal analitika, reklam kampaniyalarının idarə olunması üzrə təcrübə kimi əlavə bacarıqlar menecerin bazardakı dəyərini artırır.

Təcrübəyə əsasən, sosial media menecerlərinin ortalama maaş aralığı təxmini olaraq belə ayıra bilərik.

  • Başlanğıc səviyyəsi (0-2 il təcrübə): 500 – 1000 AZN
  • Orta səviyyə (2-5 il təcrübə): 1000 – 2000 AZN
  • Peşəkar səviyyə (5+ il təcrübə): 2000 AZN və daha çox

sosial media sahəsində fəaliyyət göstərən şəxslər üçün əlavə qazanc yolları da mövcuddur. 

Onlar frilans və konsultasiya xidmətləridir. Fərdi olaraq müxtəlif şirkətlərə və şəxslərə sosial media dəstəyi göstərmək, strategiya hazırlamaq və ya səhifə idarəçiliyi kimi xidmətlər təklif etməklə əlavə gəlir əldə etmək mümkündür.

Digər bir imkan isə kurs və təlimlərin təşkili ilə bağlıdır. Öz bilik və təcrübəsini paylaşmaq istəyənlər üçün sosial media mövzusunda onlayn və ya canlı seminarlar, təlimlər təşkil etmək həm nüfuz qazandırır, həm də gəlir mənbəyi ola bilər.

Sosial media marketinqi üçün ən yaxşı alətlər

SMM-lər üçün müxtəlif “tool”larla işləyə bilməyin SMM vakansiyalarında əsas tələblərdən biri olduğunu demişdik. İndi isə SMM meneceri hansı alətlərlə işləməyi bacarmalıdır buna baxaq. 

Bu alətlər həm kontentin planlaşdırılmasını, həm də performansın izlənməsini asanlaşdırır. 

Ondan başlamaq lazımdır ki, hər bir SMM bəsit görünsə də sosial şəbəkə platformalarını əlinin içi kimi bilməlidir. Bura Facebook, Instagram, Linkedin, TikTok və hətta Pinterest kimi platformalar daxildir.

Reklam üçün isə Meta Business Suite, TikTok Ads, Linkedin Ads platformaları ilə işləyə bilmək əsas şərtdir.

Analitika və nəticə təhlili üçün isə Meta Business Suite, Sprout Social kimi vasitələr istifadə olunur. Bu alətlər paylaşımların və reklam kampaniyalarının performansını analiz etməyə, auditoriyanın davranışını anlamağa və gələcək strategiyaları buna uyğun formalaşdırmağa kömək edir. 

Kontentlərin vaxtında paylaşılması üçün Hootsuite, Buffer və Later kimi alətlər geniş yayılıb.

Bu platformalar vasitəsilə bir neçə sosial şəbəkədə eyni anda paylaşım planlaşdırmaq və idarə etmək mümkündür. 

Nəticə

Sosial media meneceri olmaq müasir biznes dünyasında çox önəmli və inkişaf edən bir peşədir.

 Sosial media marketinqi brendlərin online mövcudluğunu gücləndirmək, auditoriya ilə əlaqə qurmaq və hədəfə çatmaq üçün əsas vasitədir. 

Qısa şəkildə qeyd edək ki:

  • SMM brendin sosial media kontentini yaratmaq, paylaşmaq, izləyicilərlə əlaqə qurmaq və sosial media strategiyalarını həyata keçirməkdən məsuldur.
  • Bu peşə üçün əsas bacarıqlar arasında məzmun yaradılması, analitika, SEO, sosial dinləmə və ödənişli reklam kampaniyalarının idarə edilməsi yer alır.
  • Azərbaycanda SMM maaşları təcrübəyə, sənayəyə və şirkət ölçüsünə görə dəyişir, ancaq bu sahə inkişaf etməkdədir və gəlir imkanları artmaqdadır.
  • Sosial media idarəetmə alətləri ilə işləyə bilmək, performansı izləmək və avtomatlaşdırma üçün çox önəmlidir.

Gələcəkdə sosial media menecerləri daha çox strateji rol alacaq. Brendlərin rəqəmsal inkişafında önəmli mövqe tutacaq. Bu sahədə karyera qurmaq istəyənlər üçün çoxsaylı imkanlar mövcuddur. 

Burada