Title tag nədir?
Title tag veb-səhifənin başlığını müəyyən edən HTML elementidir.
Bu başlıq əsasən üç yerdə görünür: axtarış nəticələrində, brauzerin tabında və sosial mediada paylaşım zamanı.
Görünüşdə sadə olsa da, bir cümləlik başlıq həm axtarış sistemləri, həm də istifadəçilər üçün səhifənin məzmunu haqqında mühüm məlumat verir.
İstifadəçilər SERP-də sizin başlığınızı görür, oxuyur və yalnız uyğun gəldiyi təqdirdə klikləyir.

Title tag SEO-da niyə vacibdir?
İlk növbədə, SEO-ya birbaşa təsir edir.
Düzgün on-page SEO ilə bu kiçik başlıq axtarış nəticələrində səhifənizin performansını ciddi şəkildə yüksəldə bilər.
Niyə? Çünki həm istifadəçilər, həm də axtarış motorları məhz bu başlıq vasitəsilə səhifənizin nə ilə bağlı olduğunu anlayır.
İstifadəçi baxımından title tag SERP-də gördüyü ilk şeydir. Əgər başlıq axtarış niyyəti ilə üst-üstə düşürsə və maraqlı görünürsə, kliklənmə ehtimalı artır. Bu da daha çox CTR və orqanik trafik deməkdir.

SEO baxımından isə axtarış sistemləri səhifənin başlığında olan açar sözlərə əsaslanaraq onun uyğunluğunu qiymətləndirir.
Əgər başlıq istifadəçi axtarışı, səhifə məzmunu və açar söz strategiyası ilə uyğun gəlirsə, sıralamada üstünlük qazanır.
Bununla yanaşı, title tag-ın uyğunluğu konversiya nisbəti, səhifədə qalma vaxtı, bounce rate kimi vacib SEO KPI göstəricilərinə də təsir edir.
Title tag uzunluğu nə qədər olmalıdır?
Title tag uzunluğu təxminən 60 simvoldan az olmalıdır. Təxmini olaraq, 45-55 piksel arası olduqda ideal hesab olunur.
Google, adətən, yalnız ilk 600 pikselə qədər olan mətn hissəsini göstərir. Bu limitdən artıq olan başlıqlar axtarış nəticələrində kəsilir və sonunda üç nöqtə ilə əvəz olunur. Nəticədə sizin yazdığınız başlıq görünmür, klikləmə nisbətinə (CTR) mənfi təsir edə bilir.
Uzunluğun çox və ya az olması həm də sizin istifadə etdiyiniz simvollardan və hərflərdən asılıdır.
Məsələn, ekranda “m” hərfi piksel olaraq, “i” hərfindən daha çox yer tutur. Tire isə qoşa nöqtədən daha çox yer tutur. Odur ki, xüsusi simvollar işlədən zaman daha az piksel yer tutan simvollara önəm verin. Əgər “m” kimi hərflərin sayı çoxdursa, o zaman başlığı 55 simvoldan da bir az qısa etməyə çalışın.
Sizə maraqlı gəlirsə, SERP simulator istifadə edərək yazdığınız title-ın necə görünəcəyinə əvvəlcədən baxa bilərsiniz.
SEO üçün yaxşı title tag necə yazılır?
Bir neçə nüansa fikir verərək ideal title tag-lər yarada bilərsiniz.
Öz təcrübəmizdə fikir verdiyimiz 5 məsələni sizin üçün də qeyd edirik.
1. SERP-dəki başlıqlara baxın
Öz title tag-ınızı yazmazdan əvvəl axtarış nəticələrində (SERP) artıq nə kimi başlıqların istifadə olunduğunu təhlil edin.
Google-un hansı başlıqları daha uyğun hesab etdiyini və istifadəçilərin nəyə klik etdiyini anlamaq baxımından çox faydalıdır.
Belə kiçik araşdırma nəticəsində siz təkrarlanmayan, fərqlənən və diqqət çəkən bir başlıq formalaşdıra bilərsiniz. Məsələn, “antalya turları” açar sözü üçün nəticələrə baxaq.

Biz həmişə hədəflədiyimiz açar söz üzrə ilk 5–10 nəticəni azərbaycan, ingilis və türk dillərində olan nəticələrə uyğun analiz edirik və aşağıdakı sualları veririk.
- İlk yerdə olan domenlər hansı sözləri seçir?
- Rəqiblər nömrələr, xüsusi simvollar və ya hər hansı ifadədən istifadə edirlərmi?
- Başlıqlar axtarış niyyəti ilə uyğun gəlirmi?
2. Başlıqda əsas açar sözü istifadə edin
Açar sözün mütləq işlənməli olduğu yerlərdən biri, elə birincisi title tag-dir.
Title tag yazan zaman açar sözü işlətmək mütləqdir. Mümkündürsə və uyğun gəlirsə, əvvəldə işlətmək daha da məsləhət görülür.
Açar söz işlənmiş başlıqlar axtarış sistemlərinə səhifənizin nə haqda olduğunu anlamağa kömək edir, həm də istifadəçilərin diqqətini cəlb edir.

3. Axtarış niyyətinə diqqət yetirin
Yaxşı title tag təkcə açar söz daxil etməklə məhdudlaşmır. İstifadəçinin nə axtardığını dəqiq şəkildə əks etdirməlidir. Qısaca, axtarış niyyətinə uyğun olmalıdır.
İstifadəçi bu ifadəni yazanda nə istəyir? Öyrənmək? Müqayisə etmək? Alış-veriş etmək? Xidmət almaq?
Axtarış niyyətinə uyğun başlıqlar bounce rate-i azaldır, əvəzində isə istifadəçi məmnuniyyətini artırır.
Yenidən axtarış nəticəsinə nəzər salaq. “Antalya turları” sorğusunu axtaran əksər insanlar qiymətlər barədə və tur barədə məlumat almağa çalışır. Ona görə də başlıqlarda qiymətləri göstərən və bu ifadəyə yer verən domenlər axtarış niyyətinə uyğunlaşır, daha öndə görünür.

4. Təsviri və yığcam dil istifadə edin
Başlıq qısa olmalı, məzmunu təsvir etməli, amma eyni zamanda aydın olmalıdır.
Bu nüanslara fikir verdikdə title tag istifadəçilər üçün başa düşülən olur. Axtarış sistemləri üçün daha yaxşı siqnal verir.
Elə oxuduğunuz bu bloqun timsalında izah etməyə çalışaq:
- SEO üçün Title Tag-ların Önəmini Tam Əhatə Edən Məlumat Bələdçisi
- Title Tag SEO üçün Niyə Vacibdir?
Aşağı-yuxarı hər ikisi eyni mənanı verir, amma ikinci variant daha qısadır, uyğundur, açar söz əvvəldə işlənib.
5. H1 başlıq eyni və ya oxşar olsun
Bəzən bu detal gözdən qaçır. Lakin uğurlu on-page SEO üçün title tag və H1 başlıq arasında uyğunluq çox vacibdir.
Hər zaman çalışın ki, bu başlıqlar bir-biri ilə eyni olsun. Yaxud çox oxşar olsunlar.
İstifadəçi Google axtarış nəticəsində sizin başlığınıza klikləyir və səhifəyə daxil olduqda H1 başlıq tamamilə fərqli bir mesaj verirsə, etibarsızlıq hissi yaranır.
Nəticə daha çox bounce rate və az saytda qalma müddəti yaradır. Bu isə SEO baxımından mənfi siqnallardır.