URL (Uniform Resource Locator) internetdə müəyyən bir səhifəyə, şəkilə və ya videoya daxil olmaq üçün veb-ünvandır. .
Sadə dillə desək, URL internetdəki ünvan kimi çıxış edir. Necə ki, sizin evinizin fiziki ünvanı varsa, hər bir veb-səhifənin, fotonun və ya videonun da öz URL ünvanı var.
URL-lər brauzerlər və “Google” kimi axtarış sistemləri üçün olduqca vacibdir. Çünki bu ünvanlar vasitəsilə lazımi məlumatlar internetdən tapılır və istifadəçiyə təqdim olunur.
Tipik bir URL belə görünür:

Bir URL adətən protokol (məsələn, https), domen adı və yol (path) hissəsindən ibarət olur. Bu hissələrin funksiyası:
- https – məzmunun hansı protokolla əldə olunacağını göstərir.
- www.numune.com – domen adıdır.
- /sehife-adi – konkret məzmunun yoludur.

URL-in necə qurulduğunu anlamaq həm istifadəçilər, həm də axtarış sistemləri üçün vebdə rahat naviqasiyanı təmin edir.
Yaxşı qurulmuş URL-lər isə saytınızın SEO baxımından daha görünən olmasına kömək edir.
SEO üçün URL-lər nədir?
SEO üçün URL-lər həm istifadəçilər, həm də axtarış sistemləri tərəfindən asan başa düşülən, təmiz və məqsədyönlü şəkildə qurulmuş veb ünvanlardır.

Məsələn, www.nümunə.com/səhifə?id=12345 əvəzinə www.nümunə.com/seo-məsləhətləri formatında olan URL daha aydın və axtarış üçün uyğundur.

SEO üçün uyğun URL aşağıdakı xüsusiyyətlərə malikdir:
- Qısa və təsviri olur – Uzun, mənasız simvollardan qaçın.
- Əsas açar sözləri ehtiva edir – Açar sözlər təbii şəkildə daxil edilməlidir.
- Sözlər tire (–) ilə ayrılır – Alt xətt (_) yerinə tire istifadə edin.
- Kiçik hərflərlə yazılır – Texniki problemlərin qarşısını alır.
- Lazımsız parametrlərdən təmizdir – Axtarış botları üçün daha rahatdır.
Beləliklə, SEO yönümlü URL-lər təkcə texniki cəhətdən üstünlük yaratmır, həm də istifadəçilərin etibarını və klikləmə ehtimalını artırır.
Niyə URL-lər SEO üçün vacibdir?
URL-lər axtarış sistemlərinin veb səhifələrinizi necə başa düşməsi, sıralaması və istifadəçilərə təqdim etməsində mühüm rol oynayır.
Yaxşı optimallaşdırılmış URL-lər həm axtarış motorları üçün daha əlçatan olur, həm də istifadəçi təcrübəsini yaxşılaşdırır.
SEO üçün əhəmiyyətli olmasının əsas səbəbləri bunlardır:
- Açar sözlərin siqnalı: URL-də əsas açar sözlər olduqda, bu, səhifənin məzmunu haqqında axtarış sistemlərinə güclü siqnal verir.
- İstifadəçi təcrübəsi: Təmiz və oxunaqlı URL-lər daha etibarlı görünür və klikləmə ehtimalını artırır.
- Paylaşma rahatlığı: Qısa və aydın URL-lər sosial mediada və digər platformalarda daha asan paylaşılır.
- İndeksləmə: Sadə və məntiqli URL-lər axtarış sistemlərinin səhifələrinizi daha rahat tapıb indeksləməsinə imkan yaradır.
- Bounce rate azalır: İstifadəçi URL-də nə gözlədiyini görürsə, səhifəni tərk etmə ehtimalı azalır.
URL-ləri necə optimallaşdırmaq olar?
URL-lərinizi optimallaşdırmaq, saytınızın axtarış sistemlərində daha yaxşı sıralanması və istifadəçilər üçün daha cazibədar görünməsi baxımından çox vacibdir. Aşağıdakı tövsiyələr SEO üçün URL optimallaşdırması zamanı sizə kömək edəcək:
1. Əlaqəli açar sözlərdən istifadə edin
Əsas açar sözləri URL-ə təbii şəkildə əlavə edin.

2. Qısa və təsviri saxlayın
Qısa URL-lər həm istifadəçilər, həm də axtarış sistemləri üçün daha oxunaqlıdır. Artıq sözlərdən və boş ifadələrdən qaçın.

3. Tire ilə sözləri ayırın
“Google” tire (-) istifadəsini tövsiyə edir. Ona görə də, çalışın ki strukturu qurarkən buna fikir verəsiniz.

4. Xüsusi simvol və rəqəmlərdən qaçın
URL-də lazım olmayan kodlar, rəqəmlər və simvollar oxunaqlılığı və SEO-nu zəiflədir. Eyni zamanda Azərbaycan əlifbasına daxil olan ə,ü,ö,ç,ş,ı kimi xüsusi hərflər də bura daxildir.

5. Yalnız kiçik hərflərdən istifadə edin
Böyük hərflər texniki problemlər və dublikat səhifə riski yarada bilər. Hər şeyi kiçik hərflərlə yazın.

6. Statik URL-lərə üstünlük verin
Statik URL-lər daha aydın və SEO üçün uyğundur. Dinamik URL-lərə nisbətən daha üstündür.

7. Məntiqli struktur yaradın
URL-lər sayt arxitekturasını əks etdirməli və məzmunu kateqoriyalara bölməlidir.
Bu addımları tətbiq etməklə siz SEO üçün optimallaşdırılmış, istifadəçiyə yönəlmiş və texniki cəhətdən düzgün formada URL-lər yarada bilərsiniz.

Nəticə
URL internetdə hər hansı faylın və ya səhifənin ünvanıdır. Bunu internetdəki rəqəmsal bir ünvan kimi düşünə bilərsiniz.
Eyni zamanda URL SEO prosesi üçün də olduqca önəmilidir. SEO üçün uyğun olan URL-lər axtarış sistemlərində daha yaxşı indekslənməyə, istifadəçi etibarının artmasına və klik sayının çoxalmasına səbəb olur.
URL optimizasiyası üçün əsas açar sözləri daxil edin, strukturu qısa və təsviredici formada saxlayın və eyni zamanda edilə biləcək SEO səhvlərindən qaçmağa çalışın.