Brendinq mərhələsində “Handikap” üçün vizual kimlik formalaşdırıldıqdan sonra layihənin növbəti mərhələsi olaraq UI dizayn prosesi həyata keçirildi.
“Handikap” Azərbaycanda fəaliyyət göstərməyi planlayan futbol yönümlü xəbər platformasıdır. Saytın əsas məqsədi istifadəçilərə həm yerli, həm də beynəlxalq futbol hadisələri ilə bağlı aktual, analiz yönümlü və fərqli vizual təqdimatla seçilən kontent təqdim etməkdir.
UI Dizaynda İnformasiya Arxitekturası
UI dizayn prosesində saytın strukturlaşdırılması zamanı əsas məqsəd futbol xəbərlərinin istifadəçi üçün intuitiv şəkildə tapıla biləcəyi, məzmunun isə məntiqi bir axarda təqdim olunduğu sadə sistem qurmaq idi.
Hazırlanan arxitektura futbol azarkeşlərinin izlədiyi əsas liqa və turnirlərə görə kateqoriyalaşdırılıb. İstifadəçilər istədikləri ölkənin və ya turnirin xəbərlərini asanlıqla tapmaq üçün bir neçə kliklə istədikləri mövzuya çata bilir.
Bu sistemdə əsas səhifədən başlayaraq UEFA turnirləri, top milli liqalar (Azərbaycan, Türkiyə, İngiltərə, İspaniya və s.) və onların alt liqaları (məsələn, Premyer Liqa, La Liqa 2 və s.) iyerarxik şəkildə istifadəçiyə təqdim olunur. Eyni zamanda “abunə ol” və “axtarış” kimi funksional hissələr də əsas naviqasiyaya inteqrasiya olunub.
Sadə, qavranması asan və strukturlaşdırılmış bu yanaşma istifadəçi təcrübəsini rahatlaşdırmaqla yanaşı, kontentin aydın idarə olunmasına da şərait yaradır.

Rəng Palitrası
“Handikap” layihəsinin brendinqinə uyğun olaraq veb-dizaynda da əsas rəng kimi canlı “aqua green”seçilib. Bu rəng həm texnoloji, həm də enerjili bir vizual atmosfer yaradır. Fon və tipoqrafiya üçün isə tünd boz və qara tonlar istifadə olunaraq vizual balans qorunub və kontentin oxunaqlılığı artırılıb.

Tipoqrafiya
Layihədə əsas şrift olaraq “Plus Jakarta Sans” istifadə olunub. Bu şrift həm müasir, həm də funksional görkəmi ilə “Handikap” brendinin texnoloji və idman yönümlü kimliyinə uyğun gəlir.
Font ailəsində mövcud olan fərqli tərzlərin istifadəsi sayəsində həm başlıqlarda, həm də uzun mətn bloklarında vizual tarazlıq və oxunaqlılıq yaradır.

UI Dizayn Detalları
İndi isə “Handikap” üçün hazırlanmış interfeysdən bir neçə əsas hissəni təqdim edirik.





