Brif əsasında edilmiş bu brendinq xidmətində əsas məqsəd, texnoloji xəbərləri təqdim edən media platforması üçün həm müasir, həm də yerli auditoriyaya yaxın vizual kimlik formalaşdırmaq idi.
Brendin vizual dilində həm texnologiya sahəsinin innovativ tərəfini, həm də ölkə insanlarının texnologiyaya olan gündəlik münasibətini əks etdirmək ön planda tutuldu.
Loqo tələbi olaraq müştəri tərəfindən kombinasiya loqo (simvol + mətn) istənilmişdi. Bu da həm simvolun ayrıca istifadə oluna bilməsinə, həm də brend adının açıq şəkildə tanıdılmasına imkan yaradır.

Neyminq
Brend üçün ad seçimi zamanı əsas məqsəd, onun fəaliyyət sahəsini birbaşa və aydın şəkildə ifadə etməklə yanaşı, eyni zamanda gələcəyə baxan, yenilikçi və lokal bazarda seçilən bir ad formalaşdırmaq idi. Ona görə də ad seçimi edərkən çox da uzağa getmədik. “Techneo” adı da məhz bu hədəflər əsasında meydana gəldi.
Ad iki sözün birləşməsindən ibarətdir:
- “Tech” — texnologiya, informasiya, innovasiya və müasirlik kimi anlayışları özündə cəmləyir.
- “Neo” — kökləri yunancadan gələn və “yeni” mənasını verir.
Bundan əlavə, adın fonetik quruluşunun qısa, aydın və yadda qalan olması, mobil və rəqəmsal mühitlərdə rahat oxunması, eyni zamanda lokal auditoriya tərəfindən qəbul ediləcək səviyyədə sadəliyi brendə əlavə üstünlüklər qatır.

Rəng Palitrası
“Techneo”nun brendinqi əsasən qırmızı, qara və boz tonlar üzərində qurulub. Bu rəng seçimi brendin texnoloji yönümünü və yerli istifadəçiyə tanış gələn vizual dili əks etdirmək məqsədi daşıyır.
- Qırmızı tonlar – Brendin əsas rəngidir. Azərbaycanda bir çox insanın texnologiya sahəsini vurğulayan əsas rənglərdən biridir. Bu səbəbdən qırmızı həm tanışlıq yaradır, həm də enerjini, dinamikanı və hərəkəti simvolizə edir.
- Qara və boz çalarlar – Qırmızı ilə kontrast yaradaraq vizual balans təmin edir. Eyni zamanda modern və peşəkar görünüş qazandırır.

Tipoqrafiya
Brendinqdə əsas şrift olaraq DM Sans seçilmişdir. Bu şrift özünün modern və funksional quruluşu ilə brendin texnoloji yönümünü vizual olaraq gücləndirir. Oxunaqlılığı yüksək olan bu “sans-serif” font həm veb, həm də mobil mühitlərdə aydın oxunur.
“DM Sans”n müxtəlif variantları mətn strukturunda vizual hierarxiya yaratmağa imkan verir. Xüsusilə başlıqlarda, rəqəmlərdə və informativ bloklarda özünü balanslı və estetik şəkildə göstərir. Bu şrift “techneo”ya həm sadəlik, həm də peşəkarlıq qatır. Brendin müasir vizual dilini tamamlayır.
